Bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir

1
212

dünyaGördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə. (Şeyx Ədəbalidən)

Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir.

Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir!

Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız Allaha məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan!

Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul!

Unutma, qəzəbin təkəbbürünlə birləşib ağlını məğlub edə bilər. Həmişə səbirli, təmkinli və iradəli ol. Heç vaxt əzmindən dönmə. Getdiyin yolu, daşıdığın yükü yaxşı bil.

Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.

Səbirsiz mənzilbaşına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir.

Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər.

Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür.

Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə.

Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib…

Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı…

Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.

Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına “doru” (kəhər – red.), igidin yaxşısına da dəli deyərlər!

Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. “İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr”.

Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında, səhərlərin aydınlığında duaya qalx.

Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar…

Yaxşılığa yamanlıq şər kişinin işidir,

Yaxşılığa yaxşılıq hər kişinin işidir,

Yamanlığa yaxşılıq ər kişinin işidir, oğul!

Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun.

*****************************************************************************

Bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir

Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir. Amma hesab edirik ki, birisi yaxşı insan olmağı qarşısına gündəlik vəzifə kimi qoysa, istədiyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, bu gün yalan danışmayacaqsınız və nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdiş halına gətirirsiniz, möhkəmlənirsiniz, mənən yüksəlirsiniz.

Nə zamansa yaşadığınız bir hadisəni göz önünə gətirin: birisi sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni söyləyir, bəlkə təhqir də edir. Amma siz haqlı olduğunuz halda ona cavab qaytarmırsınız, dilinizə pis sözlər gətirmirsiniz, sadəcə onun həqiqətləri bilmədiyini, sizin bu məsələdə hər hansı təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın bir azca vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcək.

Yaxşılıq etməkdən yorulmamaq, əzab-əziyyəti unuda bilmək üçün hər günü bir ömür kimi yaşamağı, hər səhər yenidən doğulmuş kimi oyanmağı, hər axşam məzara girirmiş kimi yerinə girməyi öyrənmək lazımdır. Tərbiyə insan həyatında həlledici amillərdəndir, xüsusilə də, özünütərbiyə. Həm də özünü tərbiyə edə bilənlərin başqalarını tərbiyə eləməsi daha asan olur.

Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi də günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, küləklərin qarşısında əlində futbol topu saxlamaq kimidir. Bir an unutdunsa, əlindən qaçırdığın top dərənin dibinə qədər gedəcək və sənin əvvəlki vəziyyətinə dönə bilmən üçün nə qədər zaman və güc sərf etmən lazım gələcək. Bəli, həyat dediyin budur. Heç kəs yıxılmamaqdan, əzilməməkdən, zərərdən, günahdan sığortalanmayıb. Ona görə də, son günə, son ana, son nəfəsə qədər mübarizədir bu dünya, istəsən də, istəməsən də…

                            ******************************************************

Səndən də umanlar var

Üz-üzə gələndə altdan-altdan baxıb gözləyirsən ki, birinci qarşı tərəf salam versin. Bu düşüncəni də onunla əsaslandıdırsan ki, sən yaşda ondan iki bayram böyüksən. Təkcə salamlaşmaqda deyil ki, hər işdə beləsən, hər şeyi qarşı tərəfdən gözləyirsən. Xəstələnəndə gözləyirsən ki, bütün tanıdıqların əlidolu səni yoluxmağa gəlsinlər; bir bayram oldumu, gözün telefonda qalır ki, zəng vurub səni təbrik eləsinlər; nəvən doğulmuşdu, gözaydınlığı verməyənləri az qala gözünün düşməni hesab edirdin…

Hər kəsdən hər şeyi sən gözləyirsən, sanki camaatı özünə borclu bilirsən. Amma heç düşünürsənmi ki, səndən də çoxları çox şey umub-küsür. Hərdən tək olanda o köhnə kişilər demiş, papağını qabağına qoyub yaxşı-yaxşı fikirləş: sən neyləmisən axı? Kimin dərdinə əlac eləmisən?

İnsan həmişə ilk addımı başqalarından gözləyirsə, bu, artıq onda bir kompleksin meydana gəlməsinə səbəb olur. Əxlaqımız təmənnasızlığı tövsiyə edir. Çox sevdiyim belə bir atalar sözümüz var: “Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər”. Əsl əxlaq da elə Xaliqin bilməsiylə kifayətlənməkdir. Qurani-Kərimdə yer alan “Hasbin Allah” ifadəsi o qədər möhtəşəm mətləbləri özündə ehtiva edir ki, bir yazı ilə tamamlamaq mümkün deyil, yəni “Allah mənə yetər; Allah bildisə, başqalarının bilməsinə ehtiyac yoxdur; Allah sevdisə, dünya düşmən olsa, nə olacaq ki?.. Allah gördüsə, başqalarının görməməsi daha yaxşıdır”…

Bir gözəl sözümüz də var: “Elədiyin yaxşılığı unut, gördüyün yaxşılığı unutma”.

Hər məsələdə olduğu kimi bu mövzuda da Rəsulullahın (s.ə.s.) sünnəti bizim üçün örnəkdir. O, rast gəldiyinə birinci salam verər, kasıbların evlərinə qonaq gedər, xəstələrə baş çəkər, ehtiyac sahibini axtarıb tapar, dərdinə çarə düşünərdi. O, bəşər içində tayı-bərabəri olmayan Uca bir Zardır, O, Allah-Təalanın aləmlərə mərhəmətidir. Dünya Onun gəlişilə zülmətdən aydınlığa çıxdı… Amma sadəliyinə, təvazökarlığına baxın ki, evinə gələn hər kəsə öz əlləri ilə xidmət edər, qapını cırmaqlayan pişik üçün yerindən qalxıb gedər, onu ya içəri, ya da çölə buraxardı. Onun əxlaqı, təvazökarlığı haqda düşünəndə insanın qəlbi riqqətə gəlir, gözləri yaşla dolur. Heç bir vəzifə, heç bir məqam, heç bir sərvət bu uca əxlaqı dəyişmək üçün əsas sayıla bilməz. Sadəlik, təvazökarlıq insanlığın bəzəyidir. Kiçiyin birinci salam verməsi ədəb, böyüyün verməsi isə təvazökarlıqdır.

                          ****************************************************

Edilən yaxşılıq söylənməməlidir

Öz məmləkətində çətinlik çəkən gənc yaxşı dolanışıq üçün uzaq bir diyara üz tutur. Dürüst, ədalətli və xeyirxah gənc bu səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.

Gördüyü ilk qəribə mənzərə belə idi: bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib bitir, məhsul gətirir, əkinçilər də zəmini yandırırdılar.

İkinci qəribə mənzərə belə idi: bir adam böyük bir daşı qaldırmağa çalışır, amma bacarmırdı. O, böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilirdi. Üçüncü daşı qoyanda daha asan qaldırırdı. Gənc nə qədər baxsa da, bu gördüklərindən də bir şey anlaya bilməmişdi.

Üçüncü qəribə mənzərə: bir adam bir qoyunun belinə minmişdi, bir neçə adam da o kişinin çiyninə dırmaşmışdı. Qoyun sürətlə qaçırdı, bir neçə adam da yetişmək üçün onların dalınca nə qədər yüyürsələr də, çata bilmirdilər.

Yol boyunca gənc bu gördüklərini götür-qoy elədi, amma bir məna anlaya bilmədi. Nəhayət, gəlib bir şəhərə yetişdi. Giriş qapısının yanında nurani bir qoca oturmuşdu. Gənc salam verdi, qoca da onu saxlayıb haradan gəldiyini soruşdu. Oğlan yolboyu gördükləri hər şeyi ona söylədi. Qoca onun gördüklərini belə izah elədi:

– İlk gördüyün o əkinçilər buğda tarlası və o zəmini yandıran adamlar bilirsənmi kimlərdir? – Əvvəlcə yaxşılıq edən, sonra da elədiyi yaxşılığı orda-burda danışıb dəyərini heçə endirənlər.

– Daş qaldıran adam ilə sənə başqa bir mesaj verilib. O mənzərənin mənası budur ki, ilk dəfə günah işləmək insan üçün çox ağırdır. Amma insan günahı işləyəndən sonra tövbə edib ondan çəkinmədikdə növbəti günahlar onun üçün çox yüngül gəlir. Tövbəsi olmayan bir günah başqa bir günah üçün açılmış qapıdır.

– Qoyun və onun belindəki adamlara gəlincə unutma ki, qoyun cənnət heyvanıdır, belinə minənləri də cənnətə daşımaqdadır. Qoyuna ilk dəfə minən alimlərdir. Alimlərin çiynindən sallaşanlar isə hər təbəqədən olan möminlərdir. Onların dalınca qaçanlar isə inancsızlar, dinsizlərdir.

 

Mənbə: Zaman

http://www.youtube.com/watch?v=PzqfCglB3E0

1 comment

Comments are closed.