“Əməkdar müəllim”, həmyerlimiz Çimnaz Məmmədova

1
72

Çimnaz Məmmədova Məmmədova Çimnaz Məlik qızı 14 dekabr 1954-cü ildə Zərdab rayonunda anadan olub. 1972-ci ildə M. Qorki adına Zərdab şəhər 1 saylı orta məktəbi uğurla başa vurub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1977-ci ildə bu ali məktəbi bitirib və həmin dövrdən bu günə qədər Zərdab şəhər Ş. Qurbanov adına 2 saylı orta məktəbində biologiya fənnini tədris edir. Çimnaz müəllimə özü ilə bağlı www.zerdab.com saytına bunları dedi: “İşlədiyim vaxtdan həmişə şagirdlərdə tədris etdiyim fənnə qarşı böyük maraq yaratmışam. Şagirdlərin köməkliyi ilə məktəbdə zəngin fənn kabineti yaratmışam. Rayon üzrə fənn kabinetlərinə baxış keçirilərkən rəhbərlik etdiyim biologiya kabineti müsabiqənin fəxri fərmanına layiq görülüb. Dərs prosesində şagirdlərin təfəkkür fəaliyyətinin inkişafı üçün müasir üsullardan istifadə edirəm. Elə bunun nəticəsidir ki, dərs dediyim şagirdlər bu fənnə böyük maraq göstərirlər, olimpiadalarda yüksək nəticələr əldə edirlər. Yetirmələrim rayonun müxtəlif məktəblərində və səhiyyə şöbələrində çalışırlar”.

Çimnaz Məmmədova əməyinin Zərdab Rayon Təhsil Şöbəsi tərəfindən həmişə yüksək qiymətləndirildiyini söylədi.

1987-ci ildə Attestasiya Komissiyasının qərarı ilə ona 15-ci dərəcə, ali kateqoriya verilib. 1987-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında iştirak edib.

Maarif Nazirliyinin 11 avqust 1988-ci il tarixli, 175 nömrəli əmri ilə “Baş müəllim” adını alıb.

“1998-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında da iştirak etmişəm. 2002-ci ildə isə “İlin ən yaxşı müəllimi” müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2-ci dərəcəli diplomuna layiq görülmüşəm. 2004-2005-ci illərdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublikası Komitəsi və Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən əməyim müxtəlif hədiyyə, fəxri fərman və mükafatlarla qiymətləndirilib. 2005-ci il həyatımın ən uğurlu ili oldu. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli, 1033 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görüldüm. Çalışacağam ki, mənə göstərilən bu etimadı doğruldum”.

Çimnaz Məmmədova 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub: “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli, 2373 nömrəli Sərəncamı ilə ölkənin təhsil tarixində ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi ölkənin ümumtəhsil müəssisələrində çalışan daha yaradıcı müəllim potensialının üzə çıxarılması, müasir təlim texnologiyasının tədqiqi zamanı uğurlu nəticələri ilə fərqlənən daha istedadlı, novatorçu müəllimlərin müəyyən edilməsində mühüm addım idi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçısı oldum. Təşkilat Komitəsi 3 mərhələdə yekunlaşan müsabiqənin şəffaf və ədalətli keçirilməsi üçün əlverişli şərait yaratdı. Nəticədə, yüksək göstəricilərlə müsabiqənin qalibi oldum. Azərbaycan təhsilinə göstərilən bu cür diqqət və qayğı məni Vətənə, gələcəyin qurucularına sədaqətlə xidmət etməyə sövq edir, məsuliyyət hissimi daha da artırır”.

www.zerdab.com

1 comment

  1. Şəklini gördüm, ay mənim sevimli müəlliməm! İnstitutu bitirəndən sonra ilk dəfə bizə dərs deyib! Mənin uşaqlıqdan ən çox sevdiyim fənn biologiya olub. Çimnaz müəllimə bu fənni mənə daha çox sevdirib. Vaxt olub ki bir məktəbdə işləmişik
    Təbrik edirəm! Allah Sizə uzun ömür versin ki, yaxşı şagidlərinizin xoş sorağını eşidəsiniz!

Comments are closed.