“Dil komissiyası dəfələrlə televiziyaların, mətbuatın, reklam çarxlarının, ayrı -ayrı idarə, müəssisə və təşkilatların, özəl şirkətlərin tanıtım lövhələrinin dili ilə bağlı narazılıqları nəzərə alaraq, məsələni ciddi nəzarətə götürüb”. Bu sözləri illər əvvəl “Dil polisi”nin yaradılması təklifini irəli sürmüş millət vəkili Jalə Əliyeva dedi.
“Ötən il Prezident İlham Əliyevin Azərbayacan dilinin qloballaşma şəraitində qorunması ilə bağlı sərəncamı çox vaxtında atılan bir addım oldu. Çünki dilimizdə bir xaos yaranmışdı. Sərəncamdan irəli gələrək, Terminalogiya Komissiyası və AMEA-nın prezidenti Mahmud Kərimov dil senzurasının yaradılacağı barədə açıqlama verib”, – deyə, J. Əliyeva söylədi.
Onun fikrincə, bu sahədə həqiqətən də çox böyük xaos yaşanır: “Əvvəla, xarici dillər ön plana keçib. Digər tərəfdən isə Azərbaycan dilinin leksik və qrammatik qaydalarına əməl olunmur. Sözün mənasına deyil, gözəl səslənməsinə daha çox diqqət yetirilir. Bu azmış kimi, hələ bəzi sözlərimizdə Türkiyə türkcəsində olduğu kimi “ə” hərfi “e” ilə əvəz edilir. Hərdən düşünürən ki, görəsən, 5 -10 ildən sonra dünyaya gələn uşaqlarımız dilimizi necə öyrənəcəklər? Bəli, Azərbaycan inkişaf edən, hər gün yüzlərlə turist qəbul edən bir ölkədir. Təbii ki, küçələrdə həmin əcnəbi turistlər üçün anlaşılan dildə yazılar olmalıdır. Amma bu, o demək deyil ki, xarici dil bizim ana dilimizlə paralel işlədilməli, bəzən hələ ondan üstün də tutulmalıdır” , – deyə millət vəkili bu problemlərin həllini vacib saydı.