“2013-cü ildə maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir”. www.zerdab.com saytının məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda orta maaş və orta pensiyanın səviyyəsi MDB məkanı ölkələri ilə müqayisədə yüksək səviyyədədir: “Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu bizi qane etmir. Son illər əmək haqları və pensiyaların bir neçə dəfə artmasına baxmayaraq, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq”.
Prezident bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin işə salınması və sənayeləşmə ilə bağlı planlar həyata keçirildikdə, insanların, yəni özəl sektorda fəaliyyət göstərənlərin yaşayış səviyyəsi daha yaxşılaşdırılacaq: “Dövlət sektorunda işləyənlərin isə maaşları qaldırılmalıdır və qaldırılacaq. Cari ilin büdcəsində bu, nəzərdə tutulub”.
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilib”. Bu siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini vurğulayan dövlət başçısı bu işdə müxtəlif alətlərdən istifadə edildiyini bildirib: “Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcək. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur.
Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcək. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin olunmalıdır. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcək. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir – həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik.
Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcək. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”.
İlham Əliyevin sözlərinə görə, regional inkişaf Proqramı da uğurla icra edilib: “Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərıb. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşüb – 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir”. Prezident əmin olduğunu bildirib ki, 2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşıya qoyulan vəzifə, – Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcək.
www.zerdab.com
men Cenab Prezdentimize derin minatarliqimi ve tesekurmu bildirirem genclerimizi deste kleyir men bir daha emin oldum ve bunu nla qurur duyur fexr edirem ki genclerimizin arxasinda Cenab Prezdentimiz var
cenab
Comments are closed.