Şirin Nuriyev – Qori Seminariyasının və Odessa Univerisitetinin ilk Zərdablı məzunu (1884-1943)

3
310

Nuriyev Şirin Məhəddin oğlu 1884-cü ildə Zərdab rayonunun Əlvənd kəndində doğulmuşdur. Doğma kənddə Həsən bəy Zərdabi ilə qohumluq əlaqəsi olan Novruzəli bəyin öz hesabına açdığı dördsinifli rus-tatar (rus -Azərbaycan) məktəbində oxumuşdur. Sonra təhsilini Qori seminariyasında davam etdirmişdir. Seminariyadan sonra Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Nəriman Nərimanovla birgə Odessa univerisitetində oxumağa göndərilmişdir.
Şirin bəyin atası Məhəddin kişi zirək, təsərrüfat işlərindən yaxşı baş çıxaran sahibkar kimi çoxlu mal-qara və mülk sahibi olmuşdur. Həsən bəy Zərdabi tez-tez Əlvəndə – qohumu Novruzəli bəygilə gedəndə mütləq Məhəddin bəyin də evində qonaq olurmuş. Şirin bəyin H. Zərdabinin oğlu Midhət bəylə çəkdirdiyi foto-şəkil bu gün şəhərimizdəki Zərdabi muzeyində saxlanır.
Şirin Nuriyev 1916-cı ildə varlı zadəgan qızı Zoya xanımla evlənmiş, bu ailə həyatı 21 il – 1937-ci ilədək – Şirin bəy həbs olunan günə qədər davam etmişdir. Onu da deyək ki, sovet hakimiyyətindən əvvəl Kür sahilində bütün “qara motor”ları quran və onların sahibi Şirin bəyin qayınatası Petro adlı sahibkar olmuşdur. Ailənin Seyid, İsgəndər, Nuru, Bayram adlı  oğulları və Sona adlı qızları olub. Yaşlı nəsil Zərdab kooperativ cəmiyyətinin sədri Nuriyev İsgəndərin atası, uzun müddət Kür-bənd idarəsinin rəisi işləmiş Nuru Nuriyevi (Şirin bəyin 3-cü oğlu) yaxşı xatırlayır.
Şirin bəy mütərəqqi fikirli, azad düşünçəli bir insan olmuş və 1917-ci ildə Məmməddəmin Rəsulzadə ilə tanış olaraq onunla əməkdaşlıq etmiş, milli Azərbaycan hökumətinin yaranmasında fəallıq göstərmiş, Demokratik Cumhuriyyət dövründə Göyçay qəza idarəsində məsul vəzifələrdə çalışmışdır. Sosialist inqilabından əvvəl Rusiya dövlət dumasının nümayəndəsi olan Ş. Nuriyev bolşevik təqibinə məruz qalmış, keçmiş tələbəlik dostu N. Nərimanovun köməyi ilə V. İ. Leninlə görüşərək repressiyaların ilk mərhələsindən xilas ola bilmişdir.
Sonralar o, Azərbaycanın kənd təsərrüfatı naziri Əhməd Xəlilovla (Kürdəmir rayonu) dost olmuş və onunla birgə fəaliyyət qurmuşdur. O cümlədən 1930-cu ildə Salyan pambıq zavodunun Əlvənd şöbəsini açaraq pambıq alış-veriş məntəqəsi yaratmışdır. Lakin 1935-ci ildə bolşeviklər Şirin Nuriyevi o illərdə Zərdabın aşağı kəndlərində – Kürqırağı meşələrdə yaşayan məşhur qaçaq Saday bəylə əlaqədə ittiham edərək həbsxanaya salırlar. Şirin bəyin günahsızlığı sübut olunur və həbsdən buraxılır. Lakin 1937-ci ildə Şirin bəy yenidən repressiyaya məruz qalır, həbs olunaraq Rusiyanın qarlı Arxangelsk vilayətinə sürgün olunur və 1942-ci ildə oradakı  islah-əmək düşərgəsində əzab-əziyyət içində vəfat edir.
Ümumiyyətlə, bolşeviklər Nuriyevlər nəslinə divan tutmuşlar. Şirin bəyin atası Məhəddin kişi əvvəldə dediyimiz kimi, öz zəhməti ilə böyük var-dövlət qazanmışdı. Onun indiki Əlvənd, Ağabağı, Mehdililər kəndlərindən tutmuş Bəyimli qəsəbəsi ərazisinədək böyük torpaq sahələri və tikililəri vardı. Bu gün də Ağabağı kəndinin yaxınlığındakı axmazı əhali “Məhəddin axmazı” adlandırır. İndiki Bəyimli ərazisində Musa və Məhəddin qardaşlarının yataq yeri bu yaxınlara qədər dururdu. Məhəddin bəyin bütün əmlakı müsadirə edilmiş, Əlvənddəki ikimərtəbəli mülkü isə xəstəxanaya çevrilmişdir.
1937-ci ildə Şirin bəyi həbs edərkən atası Məhəddin kişini də qandallayıb aparırlar. Ağsaqqal kişi həbsxana şəraitinə və əzablara dözməyərək Göyçay həbsxanasında vəfat edir və doğma Əlvənd qəbristanlığında dəfn olunur.
Şirin Nuriyevin oğlu İsgəndər Nuriyev çox istedadlı ziyalı olmuşdur. O, ibtidai və orta təhsilini başa vurandan sonra Bakıda Hüsü Hacıyev adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, mühəndis-hidrotexnik ixtisasına yiyələnmiş, müxtəlif məsul vəzifələrdə çalışmışdır. Nuriyevlər ailəsi əmilərinin institutu bitirərkən çəkdirdiyi “venetka”nı bu gün də əziz xatirə kimi qoruyub saxlayır. “Venetka”dakı şəkillərdən aydın olur ki, 1935-ci ildə AKTİ-ni bitirən təqribən 100 nəfərdən yalnız 30-35 nəfəri azərbaycanlı, çoxu erməni, qismən gürcü, rus və yəhudilər olmuşlar. İsgəndər hərbi xidmətə çağırılmış, “Stavropoltikinti” də hərbi mühəndis-hidrotexnik işləmişdir. 1943-cü ildə iş başında müəmmalı şəkildə həlak olmuşdur.
Şirin bəyin anası Seyid Sonanın tənha məzarı Ağabağı axmazının sahilində bu gün də durur. Əri və uşaqları repressiya olunduğuna görə bu qadını qəbirstanlıqda deyil, axmaz kənarında tək-tənha dəfn etmişlər. Şirin bəyin arvadı Zoya xanımın məzarı Şəftəhal qəbirstanlığındadır.
Maraqlıdır ki, Şirin bəyin bir qayını Yaroslavl şin zavodunun direktoru, həyat yoldaşı Zoyanın digər qardaşı isə Krasnodar vilayət partiya komitəsinin katibi işləmişlər.
Nuriyevlər ailəsi 1956-cı ildə SSRİ-nin rəhbərlərindən olan Voroşilovun imzası ilə məktub almış, həmin məktubda repressiya olunmuş Nuriyevlərə heç bir günahları olmadığı üçün bəraət verildiyi rəsmən yazılmışdır. Gec də olsa haqq-ədalət bərpa olunmuşdur…

3 ŞƏRH

  1. Taassuflar olsunki,Sirin bayin elacada Mahaddin naslinin yasadigi Mehdillar torpagi Mahaddinni bagi adlanan yerlar Agabagi — tarafindan zabt edildi. Bay ziyalilar yetirmis torpaqda indi “-aqqallar” agaliq edir.

  2. xais ediram verdiyimiz malumatlari duzgun verin.aqqallar yox.caqqalar yazmisiq.

  3. Allah rəhmət eləsin.fərq etmir Mehdillər,ya Ağabağı. adın heç bir fərqi yoxdur.əsas odur rəhmətliyin bu xalq üçün xeyiri dəyib.ruhu şad olsun

Comments are closed.