Ata yurdundan, ata evimizdən başlanır vətən…

1
65

Haradan başlanır vətən?

( Cahangir Məmmədliyə)

Sevil Gültən
Sevil Gültən

Orta məktəbdə oxuyanda sərbəst mövzuda çoxlu inşa yazardıq. “Haradan başlanır vətən?” adlı inşa yadıma düşür. Bəlkə də o vaxt yazdığım inşadan “əla” qiymət almışam. Amma indi başa düşürəm ki, mən o vaxt bu mövzuda “əla”ya layiq inşa yaza bilməzdim. Yalnız indi , orta məktəb illərimdən 30 ildən çox vaxt keçəndən sonra bu mövzuda inşa yazmağa ürək edə bilərəm.

Haradan başlanır vətən?- Dünyaya ilk dəfə göz açarkən gördüyümüz yerdən başlanır vətən. Üzümüzə toxunan ana nəfəsindən,  Anadan başlanır vətən. Beşikdən,  ilk dəfə eşitdiyimiz nəğmədən- ana laylasından başlanır vətən. İməklədiyimiz , divarından tutub ayağa durmağı öyrəndiyimiz otaqdan başlanır vətən. İlk dəfə ayağımız toxunan, ayağımız altı boyda torpaqdan başlanır vətən.

ZərdabAta yurdundan, ata yurdundakı ağaclardan başlanır vətən. Lap körpə olanda vətənin sərhədləri evin divarları olur, bir az böyüdükcə, yeriməyə başlayandan sonra isə ata yurdunu dövrəyə alan çəpərə qədər uzanır vətən sərhəddi. Böyüdükcə vətənimiz də genişlənir. Boya-başa çatdığımız kənddən, oxuduğumuz məktəbdən başlanır vətən.  Suyunu içdiyimiz bulaqdan, kəhrizdən başlanır vətən. Yayda sularına baş vurduğumuz balaca arxlardan, çaylardan başlanır vətən. Yazın ilk aylarında taxıl zəmisindən boylanan kövrək lalədən başlanır vətən. Uşaqlıq illərimizin xatırələri hopan tozlu kənd yollarından başlanır vətən.  Yaz gələndə, axır çərşənbədə üstündən tullandığımz  tonqallardan başlanır vətən. Yayda kölgəsində sərinlədiyimiz, qışda çılpaq budaqlarına baxıb kövrəldiyimiz ağaclardan başlanır vətən..

…. Doğmalarımızın əbədi yuxuya getdiyi kənd qəbristanlığından başlanır vətən.

Qəbristanlığa aparan yovşanlı yollardır  vətən. Doğmalarımızın adı həkk olunmuş başdaşıdır vətən…

….Kədərin də azı, çoxu olur, sonsuzu olur. Ürəklərində sonu görünməyən  kədər yükü daşıyan,  ata yurdu əsir düşmüş , yerlə-yeksan edilmiş, doğmalarının qəbri, başdaşı uçurulmuş insanlardır vətən. O insanların uşaqlıq xatırələri, dünyasını dəyişmiş ata-analarının,  doğmalarının  didərgin ruhlarıdır vətən. Doğmalarının ayaq izlərinə həsrət qalıb yol gözləyən kəndlərdir vətən.

Dağılmış qəbirlərin ağlayan  torpağıdır vətən. Üstündə adlar həkk olunmuş başdaşıların bizə sarı boylanan ümidləridir vətən.  Ürəyimizdən gözümüzə axıb göz yaşına dönüb yanaqlarımızı donduran bir damla göz yaşıdır vətən…

Nə vaxtsa əsir düşmüş o torpaqlar azad olunacaq…Nə vaxtsa o torpaqlara qayıdacaq insanlar. Bəs o insanların uşaqlıq xatırələri yaşayan evləri geri qaytarmaq mümkünmü? Dağılmış qəbirləri, sındırılmış başdaşlarını əvvəlki kimi bərpa etmək mümkünmü? Didərgin ruhları ovutmaq olarmı? Doğma yurd həsrətiylə dünyadan köçən insanların həsrətinə son qoymaq qeyri-mümkündür axı!

…Bir yaşlı kişinin yol çəkən gözləri, bir yaşlı qadının ünvanına çata bilməyən ağısı, bayatısıdır vətən.. .Hər gecə onların yuxusuna girən qolları bağlı uşaqlıq xatirələridir vətən.

…Ata yurdundan, ata evimizdən başlanır vətən…Ata evini ziyarət etmədən yaşayan, ata evinə yuxularda qonaq gedən hər bir insan dərd qatarıdır sanki….

…Mən rejissor olsaydım bir film çəkərdim. Bir az sənədli olardı, bir az bədii, bir az fantastik olardı o film…Bir qatar…İçində bir kişi- uşaqlığına və gəncliyinə əlvida demiş bir kişi. Ayaqüstə durub- ümidlərindən yapışıb bərk-bərk.  Ürəyi dolu söz yüküylə- tək qalanda özü –özünə pıçıldadığı sözlərin hamısını yığıb ürəyinin içinə. Əllərində yük var.  Vətənsiz qaldığı illərdə daşıdığı yükdür. Gözünün birində bir damla göz yaşı donub qalıb, o biri gözündə ümid parıldayır…Saçları dümağdır-ayrılıq dumanı çöküb başına.

Qatar gah insan kimi ayağı üstə yeriyir, gah quş kimi qanad açıb havada qanadlanır. Qatarın pəncərəsindən çölə boylanır kişi.. Qatar fırlanır yer kürəsini. Dünyanın ən böyük şəhərləri pəncərə önündən bir –bir gəlib keçir…Amma o kişinin düşəcəyi stansiya hələ uzaqdadır, görünmür.  Qatar yol gedir…gedir…

Qatardakı kişi pəncərədən boylanır….Ata yurduna, ata evinə gedir o kişi.. Uşaqlıq xatirələrinə qonaq gedir…Ata-anasının yerlə-yeksan olmuş qəbrini ziyarətə gedir. Ata-anasının sındırılmş başdaşına ürək dolusu göz yaşı aparır….Getdiyi ünvan – Ağdam, Novruzlu kəndi…

1 comment

  1. Yadima usaq vaxti ezberlediyim sheir dushdu..С чего начинается родина?
    С картинки в твоём букваре.
    С хороших и верных товарищей,
    Живущих в соседнем дворе.
    А может, она начинается
    С той песни, что пела нам мать,
    С того, что в любых испытаниях
    У нас никому не отнять.

Comments are closed.