Görkəmli alim və mütəfəkkir, böyük maarifçi-demokrat, ictimai və dövlət xadimi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyi bir zamanda Zərdabi irsinin yorulmaz və ardıcıl tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun “Həsən Bəy Zərdabi” adlı monoqrafiyası çapdan çıxıb. Əsər Zərdabi irsinin açılmamış səhifələrinə işıq salmaq, onun yaşadığı mühitin keşməkeşli hadisələrini fəlsəfi təfəkkür süzgəcindən keçirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Daim doğma xalqının maariflənməsi uğrunda çalışan, cəhalət və mövhumata qarşı mübarizə aparan, xalqın tərəqqisi və inkişafı üçün əlindən gələni əsirgəməyən Həsən bəy istər müəllim, istər publisist və istərsə də Bakı Şəhər Dumasında təmsil olunduğu vaxtlarda yalnız bu amal uğrunda mübarizə aparıb, xalqının azadlığı və firavanlığı üçün yollar arayıb.
Professor İzzət Rüstəmov fikrincə, Həsən bəyin Azərbaycanın digər maarifçi mütəfəkkirləri ilə birlikdə maarif uğrunda mübarizəsinin bariz nümunəsi kimi onun yaratdığı “Cəmiyyəti-xeyriyyə”ni göstərə bilərik. Zərdabi gənc nəslin tərbiyə edilib maariflənməsi işində xeyriyyə cəmiyyətləri ilə yanaşı teatr kimi digər vasitələrə də fikir verib, onun rəhbərliyi altında Nəcəf bəy Vəzirov və Əsgərbəy Adıgözəlovun yaxından iştirakı və köməkliyi ilə 1873-cü ildə Bakı realnı gimnaziyasının otaqlarının birində M.F.Axundovun “Hacı Qara” komediyası tamaşaya qoyulub. Bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.
Monaqrafiyada xüsusilə vurğulanır ki, sonralar Həsən bəy Zərdabi aydın sürətdə dərk etməyə başladı ki, nə təkcə xeyriyyə cəmiyyətləri, nə də teatr vasitəsilə həqiqi mənada xalqın maariflənməsinə nail olmaq mümkün deyildir. Zərdabi maarif işi üçün geniş imkanlar aça bilən ideya vasitələri axtarışına başladı. Onun nəzərincə belə vasitələrdən biri Azərbaycan dilində nəşr ediləcək qəzet olmalı idi. Zərdabi qəzeti elə bir tribuna hesab edirdi ki, onun vasitəsilə xalqla danışmaq, onun problemləri barədə söhbət etmək mümkün idi. Bu barədə H.Zərdabi “Rusiyada əvvəlinci türk qəzetəsi” adlı məqaləsində yazırdı: “Bizim sabiq cəmiyyəti –xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəlb edib, zəmanəyə müvafiq məktəbxanələr açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, deyirəm qanmayır. Axırda gördüm ki onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın… belədə qəzet çıxarmaqdan savay qeyri bir əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın…
Həsən bəyin nəzərdə tutduğu belə bir qəzet 1875-ci ilin 22 iyulunda “Əkinçi” adı ilə nəşrə başladı. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu.
Müstəmləkəçilik siyasətinin dözülməz olduğu, mütərəqqi mətbuat orqanlarının nəzarət altına alındığı bir şəraitdə qəzetə onun izlədiyi məqsədə uyğun ad qoymaq o qədər də asan deyildi. Elə bir ad tapmaq lazım idi ki, o, çar məmurlarının diqqətini qəzetin əsas məqsədindən yayındıra bilsin və beləliklə də onun nəşri mümkün olsun. Qəzetin əsas məqsədi hər şeydən əvvəl, ictimai-siyasi məsələləri işıqlandırmaq idi. Zərdabi qəzet vasitəsilə Azərbaycan xalqının gözünü açmaq, onu cəhalət və avamlıq yuxusundan ayıltmaq, köhnə cəmiyyətin çürüklüyünü hamıya göstərmək, xalqı öz insani hüquqları uğrunda mübarizəyə çağırmaq istəyirdi.
Monoqrafiyada İzzət Rüstəmov haqlı olaraq göstərir ki, Həsən bəy Zərdabinin 1906-cı ildə Azərbaycan müəllimlərinə müraciətlə yazmış olduğu “Açıq məktub” adlı məqaləsi Azərbaycan müəllimlərinin ilk qurultayına hazırlıq dövründə fəaliyyət planı kimi səslənirdi və geniş müzakirələrə səbəb olmuşdu. 15 avqust 1906-cı ildə keçirilən Azərbaycan müəllimlərinin qurultayı Azərbaycanda maarifin inkişafına müsbət təsir etdi.
Müxtəlif dövrlərdə çar idarələrində işləməsinə baxmayaraq Zərdabi hər zaman çarizmin mənfur, qeyri-insani təbiətini ifşa etmiş və onun öz vaxtını keçirdiyini göstərmişdir. Zərdabi hələ “Əkinçi” qəzetinin ilk nömrəsində çarizmin, feodal istehsal üsulunun artıq yaramaz olduğuna işarə edərək yazırdı: “Bəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəfdar olsun və səlah deyil ki, xalqı keçmiş zamanın qaidəsi ilə yaşamağa məcbur edəsən”.
Fəaliyyətinin ilk dövrlərində çarizmi açıq surətdə tənqid etməkdən çəkinən Zərdabi öz fikirlərini ezop dilində xalqa çatdırmağa çalışırdı. Amma 1905-1907-ci illər inqilabından sonra Zərdabi çarizmə qarşı açıq mübarizəyə başlayaraq onu “para-para olub yerə tökülməkdə olan paslı zəncirə oxşadır”, onun ölümə doğru getdiyini göstərirdi. Ölkədə azadfikirliliyin boğulduğunu, mütərəqqi fikirli adamların bu və ya başqa işə götürülərkən “siyasi etibarlılıq” cəhətdən yoxlanılmaq bəhanəsilə amansızcasına təqib edildiyini göstərən mütəfəkkirin fikirləri o zamankı inqilabçı demokratların fikirləri ilə müəyyən mənada ahəngdar səslənirdi.
İzzət Rüstəmov haqlı olaraq monoqrafiyada göstərir ki, Həsən bəy Zərdabi fəlsəfi məsələlərlə bilavasitə məşğul olmamış, fəlsəfəyə dair ayrıca elmi traktat yazmamışdır. Lakin onun dünyagörüşündə olduqca maraqlı və qiymətli fəlsəfi ümumiləşdirmə və nəticələrə rast gəlinir. Zərdabi materializm, idealizm və digər fəlsəfi məfhumları heç işlətmədən onların mənasını və əsil mahiyyətini çox məharətlə şərh etmiş, öz materialist, dialektik fikirlərini açıqdan-açığa deyil, müəyyən elmi-təbii nailiyyətləri yaymaq yolu ilə söyləmişdir.
Tədqiqatçı əsərdə Zərdabinin fəlsəfi görüşlərinə, xüsusilə onun təbii-elmi görüşlərinə də xüsusi yer ayırmışdır. Zərdabi yerin və günəş sisteminin yaranması, insanın yaranması haqqında öz dövrü üçün olduqca mühüm əhəmiyyət kəsb edən fikirlər irəli sürmüş, insanı bütün canlıların əşrəfi adlandırmışdır. Zərdabi Yerin yaranmasını Günəş sistemindən kənarda götürmür və dönə-dönə vurğulayırdı ki, Günəş sisteminin bir planeti olan və fəzada hərəkət edən Yer ümumi kainatın bir hissəsi olmaqla onun inkişafı ilə sıx bağlıdır. Zərdabinin fikrincə, Yerin əmələ gəlməsi bütün kainatın inkişafının bir anıdır. Zərdabi bitkilər, heyvanlar və insanın meydana gəlməsində ümumi bir mənşəyin olduğu fikrini söyləsə də, o insanı heyvanlarla eyniləşdirmirdi. Zərdabiyə görə insan mənşə etibarilə heyvanlar aləminə daxil olsa da, öz şüuru və əmək alətlərindən istifadə etmək qabiliyyətinə görə bütün canlılar aləminin padşahıdır.
Zərdabi “Sümük, ət, beyin” adlı məqaləsində şüurun əmələ gəlməsinin fizioloji əsaslarını göstərməyə çalışaraq qeyd edir ki, beyin öz-özlüyündən şüur hazırlaya bilməz, beyin xarici aləmdən ayrılıqda götürüldükdə nə mövcud ola bilər, nə də şüur orqanı kimi çıxış edə bilər. Şüur xarici aləmin insan beynində inikası olduğuna görə, o yalnız xarici mühitin insanın hiss üzvlərinə təsiri nəticəsində yarana bilər. O, şüurun sayəsində insanların bütün canlıların padşahı olmasını insanlar üçün böyük şərafət adlandırır və bu tezisdən ictimai həyata istiqamətlənmiş kəskin nəticə çıxarır. Zərdabi, insanların təbii hüquq və şərafətini, cəmiyyətdə tutduqları miskin və acınacaqlı həyatla qarşılaşdırır, bununla da onları öz təbii hüquq və insaniyyət şərafətini bərpa etmək uğrunda mübarizəyə çağırırdı.
İzzət Rüstəmovun fikrincə, Zərdabinin idraka dair baxışları tam sistem təşkil etməsə də, dünya və onun qanunauyğunluqlarının dərk edilməsinə möhkəm inam, idrakın obyektivliyi, idrak prosesində hissi və rasional cəhətlərin vəhdəti, xarici aləmin insan beynində düzgün inikası haqqında onun fikirləri öz əhəmiyyətini indi də saxlamaqdadır.
Həsən bəy Zərdabi idrakın hissi və mücərrəd təfəkkür pillələrini qeyd etməklə, belə bir fikir də yürüdür ki, hissi idrakda mücərrəd təfəkkür və idrakın mücərrəd təfəkkür pilləsində hissi idrak iştirak edir. O idrakda empirik və rasional cəhətləri vəhdətdə götürür və bunları bir-birindən ayırmırdı. Eyni zamanda Zərdabi belə bir fikri də müdafiə edirdi ki, idrakımız hadisələrin yalnız zahiri əlamətləri ilə kifayətlənə bilməz, o, mütləq, hadisədən mahiyyətə doğru getməlidir. Onun fikrincə, hadisə yalnız fikir, düşüncə üçün predmet verir. Mahiyyət dərində olduğundan onun aşkara çıxarılması üçün böyük axtarış və səy lazımdır. Zərdabiyə görə hadisə mahiyyətin ifadəsi, onun aşkara çıxmasıdır. Hadisə predmetin mahiyyətini tam əks etdirmədiyindən onun haqqında bütün təfsilatı ilə məlumat vermir, bu məlumatların həqiqətə çevrilməsi üçün hadisə dərindən öyrənilməli və onun mahiyyəti aşkara çıxarılmalıdır.
İzzət Rüstəmov tədqiqat əsərində göstərir ki, Həsən bəy Zərdabi xalqın şüurunda mövhumat və cəhalətin dərin kök salmasını mücərrəd şəkildə anlamamış, bunları həmçinin xalqın iqtisadi inkişaf səviyyəsi ilə, onun həyat tərzi ilə bağlamışdır. Zərdabi mövhumat və cəhalətə qarşı mübarizəni öz dövrünə görə Azərbaycan xalqının mədəni intibahının, oyanmasının mühüm amillərindən biri hesab edir və bu amal uğrunda mübarizə aparmaqdan çəkinmirdi.
İzzət Rüstəmov monoqrafiyada Həsən bəyin etik və estetik görüşlərinə də xüsusi diqqət ayırmış, köhnə cəmiyyətin mənfi əxlaqi sifətlərini tənqid edən mütəfəkkirin yeni cəmiyyətdəki zəhmətkeşlər üçün səciyyəvi olan əxlaqın əsas cəhətlərini də göstərməyə çalışmışdır. Onun baxışlarında vətənpərvərlik, öz xalqının, vətəninin xoşbəxtliyi və rifahı uğrunda mübarizə ideyaları mühüm yer tutur.
Monoqrafiyada həmçinin İzzət Rüstəmovun Həsən bəy Zərdabi haqqında son dövrlərdə elmi jurnal və KİV-də dərc olunmuş bir sıra fundamental məqalələri dərc olunmuşdur ki, bunlar da hörmətli oxucular üçün çox mühüm idraki və təcrübi əhəmiyyətə malikdir. Fikrimcə, İzzət Rüstəmovun “Həsən bəy Zərdabi” adlı monoqrafiyası ictimai-fikir tariximizlə məşğul olan bütün elmi ictimaiyyətimiz, o cümlədən humanitar sahədə fəaliyyət göstərən tədqiqatçılar üçün stolüstü kitaba çevrilərək, bu sahədə yeni tədqiqatlar üçün elmi zəmin olacaqdır.
Rəşad Əsgərov,
Fəlsəfə üzrə fəlsəfə doktoru