Həsən bəy Zərdabi: “Kaspi”, “Новое обозрение” və “Гафгаз” qəzetlərinə (4)

0
69

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

HƏSƏN BƏY ZƏRDABİZərdab, Göyçay qəzası. Mənim keçən dəfəki məktubumdan sonra Kür 2 qarış da qalxıb və bütün sahili aşıb, yalnız Zərdab köçərilərinin olduqları ərazilərdə bəzi təpəciklər gözə dəyir. Bəzi köçəri məskənləri isə, məsələn, Əlibəyli, Ağabağı və başqaları tamamilə su altında qalmışdır. Bu köçərilər bir-birinə kolazlar (qayıqlar—tərcüməçi –İ. Ə.) vasitəsilə gedib-gəlir, bir çoxları elə kolazlarda yatırlar.

Bu ilin yaz yağışları bizə ziyan vurmadı, amma Ay bədrlənəndən bəri elə bir gün olmur ki, yağış yağmasın. Bütün günü şimal küləyi əsir, hava isə çox soyuyub, bu gün səhər saat 4-də havanın hərarəti +4 dərəcə idi. Su elə bir vəziyyət yaradıb ki, torpaqlarımız tamam doyub, hətta hündür yerlərin də bir-iki arşın dərinliyində su var, halbuki qışda da bu yerlərdə ən azı iki, üç sajen (1 sajen 3 arşın və ya 2, 134 metrdir—tərcüməçi –İ. Ə.) dərinlikdə su tapmaq olur.

İşlər belədir, bircə balıqovlayanların bəxti gətirib və onların sayəsində biz – dövlət balıq vətəgələrinin icarəçiləri belə görünür ki, bu il də balıq məhsullarımızı heç-neçəyə satacağıq (keçən il mən Tiflisdə kürünün pudunu 15 rubla, quru balığın pudunu isə 5 rubl 50 qəpiyə satdım). Balıq vətəgəsinin nəzarətçi müfəttişi cənab Zelinski bu gün üçüncü gündür ki, Molla Nurda oturub və cəmisi 8-10 verst məsafəni gələ bilmir, çünki hələ də səmt küləyi bizim istiqamətə əsmir və bir Allah bilir ki, şimal küləyi nə zaman cənub küləyi ilə əvəzlənəcək…

Qaçaq Əli Xidır oğlu haqqında ki, mən sizə yazmışdım, indi o, belə rahat yer tapa bilməyəcəyini başa düşərək, sakinlərimizdən  xərac toplamaqla İrana köç etmək fikrindən daşınmış və bizlər tərəfdə qalıb yaşamağa qərar vermişdir. Zərdablıların şikayətindən sonra bir neçə Qaradolaq bəyi dağdan enərək, bizim yerlərə gəlib çıxdı və biz sadəlövhlüklə ürəkdən inandıq ki, Yelisavetpol quberniyası ya onlardan qaçağı tutub həbs etməyi və yaxud Əlini öldürməyi tələb edəcək, amma  biz yaman səhv etmişik. Onların gəlişindən sonra Əli quldur dəstəsini buraxaraq, öz atını da bu bəylərə vermişdir ki, onu dağda yaxşı yemləsinlər, özü isə bac-xərac toplamaqda davam edərək, bizim meşələrdə yaşayır və əlbəttə, hamı onun can-başla qulluğunda dayanır, yedizdirir ki, öldürülməsin və ya qarət edilməsin.

Dünən mənim yanıma bizim qonşu Xalac kəndindən (Ucar rayonunun indiki Xalac kəndi nəzərdə tutulur– tərcüməçi –İ. Ə.) gəlmişdilər. Danışdılar ki, çöl siçanları əkinlərini tamam məhv edir, sahədən bol taxıl götürüləcəyinə ümidləri itib. Amma bizim o biri qonşularımız,–Şamaxı qəzasının Əlvənd kəndinin (Zərdab rayonunun Əlvənd kəndi nəzərdə tutulur– tərcüməçi –İ. Ə.) sakinlərində vəziyyət başqa cürdür. Danışırlar ki, orada işlər lap yaxşıdır və əlvəndlilər bu vaxta qədər əkinlərini su daşqınından qoruya biliblər. Deyirlər ki, bu uğurun səbəbi oranın pristavının işləri yaxşı idarə etməsidir. Yəni həmin pristav kəndin hörmətli sakinlərindən iltizam alıb ki, onlar suyun təhlükə törətdiyi yerlərdə müəyyənləşdirilən sayda işçi saxlasınlar.

Özüm haqqında da 1-2 kəlmə deyim. Osman paşa Plevnedə qurduğu kimi, mən də öz torpaqlarımın ətrafında bəndləri elə möhkəmləndirdim ki, yəqin lap top da atsaydılar, davam gətirərdi, amma su daha güclü imiş. Mənim bağımın xeyli hissəsi su ilə dolub və 300-dən artıq ağacım saralıb. Qalanları necə olacaq, bilmirəm, hər halda sonluğun yaxşı olacağına ümid azdır…

Həsən bəy. «Kaspi» qəzeti, № 60, 6 iyun 1882-ci il