Ürəkləri sızladan qaranlıq taleli “GECƏLƏR”

22
280

ÇOX SEVİLƏN BU MAHNINI MƏRHUM HƏMYERLİMİZ BƏSTƏLƏSƏ DƏ, BU GÜN DƏ MÜƏLLİFSİZ TƏQDİM OLUNUR…

PROLOQ ƏVƏZİ VƏ YA BU DÜNYADA ÇOX GÖZƏL SƏSİ OLAN BİR FƏZLİ KİŞİ DƏ VARDI…

Fəzli kişi Zərdab rayonunun Məmmədqasımlı kəndindən idi. Kolxozda ən yaxşı suçu sayılırdı. Bir dəfə pambıq tarlalarını suvaranda onun çox gözəl, yanıqlı səslə muğam oxuduğunu eşitdim. Soruşdum ki, niyə xanəndə olmamısan? Dedi, qoymadılar…

Təəccübləndim və onda mənə danışdı ki, 1950-ci illərdə Xan Şuşinski kəndimizə konsert verməyə gəlmişdi. Dostlarımın xahişi ilə Xan əmi məni də oxutdu və “Afərin” dedi. Özümə də bir ünvan verdi ki, Bakıya gedim, məni xanəndəlik məktəbinə qəbul etdirsin. 4-5 gün keçmiş, yol pulu əldə edib kənddən təzəcə aralanmışdım ki, kolxoz sədri atını çaparaq, mənə çatdı. Hara getdiyimi soruşdu, izah etdim. Dedi, gedirsən, özün bilərsən, amma onu bil ki, Xan səni istədiyindən çağırmır ora. O, kəndbəkənd gəzir, harda sənin kimi yaxşı səsi olan uşaq varsa, tovlayıb, Bakıya aparır, zəhərlədib öldürtdürür ki, sabah heç kəs onun yerini tutmasın…

Sədrin sözünə inandım və qayıtdım evə, oldum ömürlük suçu…

Bəli, 50 il əvvəl deyilən bu yalan SSRİ-nin ən qabaqcıl təsərrüfatlarından olan Zərdabi adına kolxoza yaxşı bir suvarma ustası qazandırdı, Azərbaycan xalqını isə gözəl bir xanəndədən məhrum etdi…

ZABİT SOLTANOV KİM İDİ?

 

Zərdab rayonu xalqımıza Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, Dövlət Filarmoniyasının solisti, 1970-ci illərin parlaq istedadlı xanəndələrindən olan, 34 yaşında təyyarə qəzasında həlak olmuş Mürşüd Abbasov, filarmoniyanın keçmiş solisti Sakif Məmmədov, muğam ustası Əsgər Əhmədov, “Muğam televiziya müsabiqəsi-2007”-nin  diplomantı, respublika vətənpərvərlik mahnıları müsabiqəsinin qalibi Sevda Nuralıyeva kimi ifaçılar, Azərbaycan milli teatrını yaradan ilk 4-5 fədai aktyordan biri olan Məhəmməd bəy Məlikov Əlvəndi, Sumqayıt Dövlət  Musiqili Dram Teatrının  aktyoru, Xalq artisti Məzahir Süleymanov, Gənc Tamaşaçılar Teatrının və dublyaj redaksiyasının aktyoru, Əməkdar artist Ədalət Məmmədov, Azərbaycan Dövlət Sirkinin yaradıcısı və uzun illər bu sirkin, sonralar Dövlət Dram Teatrının direktoru işləmiş Əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Azər Mirzəyev, Azərbaycanın görkəmli rejissoru və teatr xadimi, Respublika Xalq Yaradıcılığı Evinin direktoru və bədii rəhbəri, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru və  direktoru işləmiş Əməkdar  incəsənət xadimi Məbud İsmayılzadə, tanınmış teleaparıcı və aktrisa Dilarə Əliyeva və daha neçə-neçə sənətçi, Azərbaycan Televiziyasının musiqi və əyləncəli proqramlar redaksiyasının böyük redaktoru, Əməkdar incəsənət xadimi Çingiz Abbasov kimi sənət bilicisi bəxş edib. ANS TV-nin 2009-cu ildə keçirdiyi   “Toylar kralı-2” mahnı müsabiqəsinin  qalibi Nəriman Abbasovun hər iki valideyni, “Eurovision-2009” beynəlxalq mahnı müsabiqəsinin 3-cüsü Aysel Teymurzadənin atası Zərdabi yurdunun övladlarıdır.

Bu rayonun başqa bir incəsənət fədaisi isə çoxlarının tanımadığı, 1941-ci ildə Zərdab şəhərində doğulub, boya-başa çatan Zabit Soltanov olub…

BACISI QIZI ESMİRA XANIMIN DEDİKLƏRİNDƏN:

… Əslən Zərdabın Məlikli kəndindənik, amma dayım da, biz də Zərdab şəhərində doğulmuşuq. Əsbət nənəm yüzbaşı Həmid ağanın qızıydı. Cəlil babamızın dükanı olub. Zabit dayım 3 aylıq olanda atası, yəni mənim babam müharibəyə gedib, gedərkən, oğlu Zabitin 15 yaşa qədər geyinəcəyi paltar dəstləri və bir də, ona bir qarmon alıb. Dayım ana laylası və atasından yadigar qalan patefonda səsləndirilən muğamların sədaları altında böyüyüb, lap uşaq ikən, qarmonda çalmağı öyrənib. Elə uşaq yaşlarından onu şənlik məclislərinə aparıblar, ailəyə qazanc gətirib. Kənd özfəaliyyətində, az sonra rayonun ansamblında yaxşı qarmon ifaçısı kimi tanınıb. Həmin illərdə Zərdabın ən çox dəbdə olan xanəndəsi, “Zərdabımdan mən danışım” və başqa mahnıları yazılmış valları və bir də, ömrünün son illərində ANS TV-nin “Qulp” proqramındakı çıxışları ilə tanınan mərhum həmyerlimiz Şirin Zərdablı Zabiti öz dəstəsinə götürərək, Zərdaba və qonşu rayonlara toylara aparıb, gənc qarmonçu virtuoz ifası ilə insanların sevimlisinə çevrilib.

Zabit Soltanov orta məktəbi doğma Zərdab şəhərində əla qiymətlərlə bitirib və Bakı Kitabxanaçılıq Texnikumuna daxil olub. Burada da özfəaliyyət ansamblının fəal üzvü olub, istedadlı qarmon ifaçısı kimi tanınıb, sevilib. Texnikumu bitirən ili sənədlərini İncəsənət Universitetinə verib və imtahanlardan yüksək qiymətlər alaraq, qəbul olunub. Universitet ansamblının tərkibində tez-tez Azərbaycan Televiziyasına və radiosuna dəvətlər alıb, sevimli qarmonunda “Simuzəri” rəqsini və başqa mahnıları ustalıqla solo ifa edib. Həmin vaxtlar dayımın qısa ömrünün ən xoşbəxt anlarından idi…

Zabit yaxşı şeirlər də yazırmış və Xalq şairi Bəxtiyar Vahabzadə onun ifasını da, şeirlərini də bəyənirmiş. Bəxtiyar müəllim bir dəfə Zabitə deyir ki, qızım piano ifaçılığı məktəbinə gedir, qarmona da  böyük marağı var, sən ona evimizdə musiqi dərsi keç, həm də pianomuzu kökləmək lazımdır…

“GECƏLƏR” ZÜLMƏT BİR GECƏDƏ YARANIB...

Beləcə, Zabit Soltanov görkəmli şairin ailəsi ilə ünsiyyətdə olur və günlərin birində Bəxtiyar Vahabzadə təzəcə çapdan çıxan “Şeirlər” kitabını öz avtoqrafı ilə Zabitə hədiyyə edir (Soltanovlar ailəsi, Zabitin ömür-gün yoldaşı Natəvan xanım həmin kitabı bu gün də əziz xatirə kimi saxlayır). Həmyerlimiz sevimli şairimizin kitabını həmin gecə birnəfəsə oxuyur və elə həmin zülmət gecədə “Gecələr” şeiri onun ruhunu yerindən oynadır, Zabit Soltanov sevimli qarmonunu köksünə sıxaraq, “Gecələr”i züm-zümə edir, sabah açılana qədər dahi şairin sözlərinə musiqi bəstələyir.

Zabit müəllim “Mingəçevir işıqları” qəzetinin 1991-ci il 25 aprel tarixli sayında dərc olunmuş müsahibəsində deyib ki, “Gecələr”i elə həmin gecə bəstələdim, səhəri gün də dostlarım, məşhur pianoçu Zaur Əliyev və qaboyçalan Kamil Cəlilovla birlikdə nota köçürdük. Bu mahnını Bəxtiyar müəllimə sürpriz etdim, sözlərini də avazla oxudum. Şair kövrəldi, gözləri doldu, “Çox gözəldir”, dedi. Bəxtiyar müəllimin  məsləhəti ilə mahnını o illərin məşhur bəstəkarı Bəhram Nəsibova göstərdim, ikilikdə getdik bədii şuraya, yəni senzora. Mahnı səsləndirildi, dinləyənlər hamısı, Şövkət Ələkbərova da, Süleyman Ələsgərov da orada idilər, “Gecələr”i çox bəyəndilər. Şövkət xanım kövrəldi də və dedi ki, Zabit, gözəl yazmısan, amma “Gecələr”də bədbin ruh var, bilirsən dəə, sənətdə bədbinlik sovet adamı üçün xarakterik deyil. Biz “Hə” desək də, bunu bəstəkar mahnısı kimi efirə buraxmayacaqlar. Gəl belə edək, get Rəhilə xanım Həsənovanın yanına, mən də ona deyəcəyəm, qoy “Gecələr”i hələlik xalq mahnısı adı ilə özünün “Sazçı qızlar” ansamblında oxusun ki, bu cür mahnı itib-batmasın, həm də, bu musiqi onun səsinə çox düşərlidir… (Bu o vaxtlar idi ki, Qədir Rüstəmov, Məmmədbağır Bağırzadə kimi sənətçiləri, “televiziyaya çıxarılası deyil”,  “ara mahnıları oxuyur” deyib, televiziyaya buraxmırdılar, amma indiki Fəvvarələr meydanında (o vaxt bu bağ “Parapet” adlanırdı) yarıxəlvət val satılan primitiv budkada Qədirin, Məmmədbağırın valları çox baha qiymətə satılırdı, çünki xalq qədirlərinin, məmmədbağırlarının qədrini bilir, onları çox sevir və qiymətləndirirdi)…

Şövkət xanımın məsləhəti kara gəlir: “Gecələr” ilk dəfə Rəhilə Həsənovanın ifasında xalq mahnısı kimi efirdə səslənir, televiziyaya yol tapır. Hər dəfə də bu təqdimatı eşidəndə Zabitin qəlbindən qara qanlar axır… Az sonra Niyaməddin Musayev “Gecələr”i öz repertuarına daxil edir və tanınmış müğənninin ifasında “Gecələr” az vaxtda sevimli bir mahnıya, xitə çevrilir…

Sonralar, bilinəndə ki, “Gecələr”in sözləri Bəxtiyar Vahabzadənindir və bu, xalq mahnısı deyil, onda başlayırlar “Gecələr”ə müəllif “axtarmağa”… Mahnı gah onu ilk dəfə ifa edən Rəhilə Həsənovanın, gah “Gecələr”in efirə və ekrana yol tapmasında dostunun xatirinə çox əziyyətlər çəkən, ona-buna xahiş-minnət edən Bəhram Nəsibovun (çox təəssüf ki, “Gecələr” bir neçə il qabaq Müəllif Hüquqları Agentliyində də Bəhram Nəsibovun mahnısı kimi qeydiyyata alınıb), gah Niyaməddin Musayevin, gah da tamam başqa şəxslərin bəstəsi kimi təqdim olunur. Hər dəfə də bu təqdimatları eşidən Zabitin qəlbi göynəyir, ürəyindən qara qanlar axır, gündüzü gecəyə çevrilir…

Nə yaxşı ki, Niyaməddin Musayev 1980-ci illərdə Mingəçevirdə konsert verərkən, elə səhnədə deyir ki, “indi oxuyacağım “Gecələr”in bəstəkarı sizin həmyerliniz, bu salonda əyləşən rejissor və bəstəkar Zabit Soltanovdur”…

Nə yaxşı ki, müğənninin bu sözlərini həmkarım, universitetin jurnalistika fakültəsində mənimlə bir qrupda oxuyan Vəfa Süleymanova o zamanlar çalışdığı “Mingəçevir işıqları” qəzetinin 25 aprel 1991-ci il tarixli 48-ci sayında olduğu kimi dərc etdirib və nə yaxşı ki, Soltanovlar ailəsi həmin qəzeti də ailə arxivində qoruyub saxlayır…

Zabit Soltanov Vəfa xanıma müsahibəsində onu da deyib ki, Hüseyn Kürdoğlunun, Zərxanım Ülvinin, İslam Səfərlinin “Eləmi?”, “Dönə-dönə”, “Bu dilsiz dəqiqələr” və b. şeirlərinə də musiqi bəstələyib, amma “Gecələr”in uğursuz taleyi onu bu mahnılarını şəxsi arxivində saxlamağa məcbur edir…

Bacısı Səfa xanım və bacısı qızı Esmira xanım da deyirlər ki, Zabitin üzə çıxarmaq istəmədiyi çox mahnıları var ki, “Gecələr”dən də təsirlidir, yanıqlıdır…

BƏS NİYƏ “MİNGƏÇEVİRLİ”? VƏ YA “MƏNDƏN PAMBIQ İSTƏYİRLƏR, ARTİST YOX”…

Esmira xanım və Səfa xanım deyirlər ki, 1966-cı ildə Zabit Zərdab mədəniyyət evinə təyinat aldı və həvəslə işlədi, özfəaliyyət ansamblları yaratdı, çox əsərləri səhnələşdirdi, ən ucqar kəndlərimizdən istedadlar tapdı və camaat onun mədəni-kütləvi tədbirlərinə həvəslə gəlirdi…

Günlərin birində evə qanıqara gəldi. Dedi, mədəniyyət evinin müdiri deyir ki, sən nə özünü gözə soxursan? Bilirəm, məqsədin mənim yerimə keçməkdir, amma onu görməyəcəksən. Yaxşısı budur, öz xoşunla, ləkələnməmiş çıxıb gedəsən…

Rayon rəhbəri də ixtisası mədəniyyət işçisi olmayan o müdiri müdafiə etdi, dedi ki, mənə mədəniyyətdən, pambıq vacibdir. Camaatı işindən eləmə, belə həvəsin var, şəhərə get, bura kənd rayonudur, məndən pambıq istəyirlər, artist yox…

Zabit Soltanov Zərdabda tikdirməyə başladığı evini də yiyəsiz buraxıb, yollanır Mingəçevirə (şükür ki, həyat yoldaşı Natəvan xanım son illər əsasən Zərdabdakı həmin evlərində yaşayır), sonra da birdəfəlik köçüb gedir bu “energetiklər şəhəri”nə. Mingəçevir Xalq Teatrında ədəbi hissə müdiri, sonra rejissor işləyir. Sonuncu işi isə Mingəçevir Mədəniyyət evinin müdiri vəzifəsi olur.

Esmira xanım deyir ki, Mingəçevirdə dayımgildə yaşayırdım, hər dəfə ilk tamaşaya nənəmlə (anası ilə) məni də aparırdı. Bir neçə dəfə mənə səhnədə uşaq rolları da vermişdi… Mingəçevirdə də ona mane olanlar vardı. Onsuz da dayım Zərdabı məcburi tərk etdiyinə görə, çox pərişan olurdu, bir yandan da Mingəçevirdə onu narahat edirdilər və bu hallar onu çox üzürdü. Bilmirəm, bəlkə də öz taleyinə bənzərliyinə görə idi ki, o vaxt belə bir şeirə də musiqi yazmışdı:

Qürbətdə gedib lovğalanırdın ki,

Zülali, vətənim var,

Ensin gözünə qara su,

Ağsu vətən oldu…

Zərdabın tanınmış iqtisadçılarından olan, hazırda Bakıda yaşayıb işləyən Qulu Soltanov deyir ki, bir dəfə bir xudmani yeməkxanada “Gecələr” mahnısı kiminsə musiqisi kimi təqdim olundu və müğənni qız bu mahnını yanıqlı səslə oxumağa başladı. Mənim stol yoldaşım ağlaya-ağlaya ayağa qalxdı və çıxıb getdi. Onun ardınca çıxdım və soruşdum ki, sənə nə oldu axı? Dedi ki, bu mahnı mənə əziz və doğma olan Zabit müəllimindir, amma özgələrin adına çıxılır. Bu mahnıya qulaq asa bilmirəm. Bu mahnıya qarşı haqsızlıq əzizimizi əlimizdən alıb. Heyif bilmədim o oğlan kim idi…

SON SÖZ ƏVƏZİ VƏ YA EPİLOQ

 Şəkildə: Zabit Soltanov.

…Təəssüf ki, bu gün Zabit Soltanov həyatda yoxdur və nə yazıq ki, o, dünyalar qədər sevdiyi doğma Zərdabına 54 yaşında–1995-ci ilin çovğunlu dekabrında cənazədə qayıtdı (bəxtə bax ki, o, sadə bir cərrahi əməliyyatdan sonra narkozdan ayılmadı) və Zərdabın məşhur Seyid Mahmud qəbristanlığında dəfn olundu… Onun oğul övladları Elnur, Pərviz və Fuad hər üçü Türkiyədə ali təhsil, Avropada magistratura və rezidentura təhsili aldılar, Pərviz və Elnur ABŞ-da da oxudu, ABŞ universitetlərində yüksək elmi dərəcələr aldılar… Bacıları Dilkəş xanım da ali təhsillidir, Bakıda yaşayır. Dilkəş xanım da (“Dilkəş” sözünün mənası “ürəyincə” deməkdir və mərhum həmyerlimiz bacısı Səfa xanıma deyirmiş ki, 3 oğluma bir bacı dünyaya gələndə bu ürəyimcə oldu və sevimli qızıma ən çox sevdiyim təsnif olan Dilkəş adını qoydum), hər üç qardaşı da qarmonda çalmağı yaxşı öyrəniblər.

Elnur ABŞ-dakı universitetlərdən birində siyasi elmlər doktoru olaraq çalışırdı. Azərbaycan dövlətinin dəvəti və dəstəyi ilə Vətənə gəlib və hazırda Ali Diplomatik Akademiyanın müəllimidir.

Pərviz Soltanov Türkiyə Universitetini bitirəndən sonra, təhsilini Macarıstanda davam etdirdi. Tale elə gətirdi ki, həmin vaxtlarda igid həmyerlimiz Ramil Səfərov Macarıstanda həbs olundu və onda Ramilin tərcüməçisi və Ramil barədə ANS TV-yə aparıcı kimi məlumatlar verən məhz Pərviz idi.

Zabit Soltanovun qohumlarından olan Nazim Kərimov deyir ki, Zabit əminin Ziyanur adlı bir oğlu da vardı, 10 yaşında ağır xəstəlikdən vəfat etdi, fenomen istedada malik oğlan idi, oxumadığı bədii kitab qalmamışdı…

…Səfa xanım da Ziyanurdan göz yaşlarından boğula-boğula danışdı. Albomundakı şəkilə müraciətlə, “Ay Ziyanur, qardaşımı sən öldürdün, o sənin dərdinə dözə bilmədi, səni Moskvada da əməliyyat etdirdi, amma xilas edə bilmədi”, dedi…

Səfa xanım elə göz yaşları içərisində onu da dedi ki, 1970-80-ci illərdə Zərdabda bir Pənah kişi vardı, məşhur Abdulla ağanın oğlu idi, sovet hökuməti Pənahı və bacı-qardaşlarını Sibirə sürgün etmişdi, Abdulla ağa özü ağır xəstə olduğuna, Ucarın Qazyan kəndinə sürgün edilmişdi, məzarı da Qazyan qəbristanlığındadır. Pənah baba və sağ qalan bacısı Malikə xanım ailəyə bəraət veriləndə–1960-cı illərdə Zərdaba qayıtdılar. Pənah baba yüzlərlə şeir, dastan bilirdi, əsil alim idi, ömrü boyu evlənmədi, bütün mehrini kitablara, Qurana salmışdı, həmişə də velosipeddə  gəzirdi. Bir dəfə Zabitlə bizə gəldi, Ziyanurla da xeyli söhbət etdi, ona suallar verdi. Gedəndə qardaşıma dedi ki, bu uşağı qoru, o Yer adamı deyil, elə bil başqa planetdən gəlib… Ziyanur qardaşımın böyük oğlu idi, qardaşım onu o qədər çox istəyirdi ki!… Ölümünə də dözə bilmirdi… İndi də Pərviz Amerikadan ağır vəziyyətdə Bakıya gətirilib, Mərkəzi Klinikanın reanimasiya şöbəsindədir. Getmişdim mən də, yanına adam buraxmırlar. Natəvan xanım və uşaqlar orda gözləməyimə razı olmadılar, xəstəliyimə görə. Mən Zabitin böyük bacısıyam… Pərviz mənə Amerikadan da tez-tez zəng vururdu. Bir dəfə səsimdən xəstə olduğumu bildi, təqaüdünü alan kimi, mənə pul göndərdi ki, həkimə gedim… İndi qardaşımın gözəl və şirin balası 28 yaşında xəstəlikdən əzab çəkir, mən ölmüş bibisi heç nə edə bilmirəm, dərddən ürəyim partlayır. Bu nə acı taledir, İlahi!

…Bu gün Zabit Soltanovdan yadigar qalan övladları, kövrək və kədərli xatirələr, o illərin saralmış qəzetlərində onun haqqında yazılan natamam məqalələr (təsəvvür edin ki, hələ sağlığında ikən heç bir qəzetdə onun zərdablı olduğu yazılmır), solğun şəkilləri, əgər məhv edilməyibsə, Azərbaycan və “Araz” radiolarının arxivlərindəki yaxın illərə qədər tez-tez səsləndirilən qarmonda ifa etdiyi mahnı, muğam və rəqslərin lent yazıları və bir də insana hər zaman kədər gətirən, müəllifi kimi acı tale yaşayan “Gecələr” mahnısıdır:

Fikrim dağda, aranda,

Yuxu hara, mən hara…

Kipriklərim sancılır,

Ox kimi ulduzlara…

 ***

Quştək uçur xəyalım,

Hardan, hara gecələr,

Mən həsəd aparıram,

Yatanlara gecələr…

P. S.

Bu yazını bitirəndə hansısa dahinin “Xoşbəxtlərin hamısı eyni cür xoşbəxtdir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir”,  kəlamını xatırladım və düşündüm ki, kim nə deyir-desin, heç kəs anadan bədbəxt doğulmur, bədbəxtləri biz insanlar özümüz bədbəxt edirik…

Bilmirəm, bəlkə indi, ölümündən sonra da olsa, o insanın müəlliflik haqqını özünə qaytarmaq olar? Qoy bir insan da xoşbəxtliyə ölümündən sonra qovuşsun…

SON ANDA HAMIMIZI SARSIDAN ACI XƏBƏR

 

Şəkildə: Ramil Səfərov və Elnur Soltanov Mərkəzi Klinikada.

Qəzetimiz çapa hazırlanarkən çox acı, üzüntülü bir xəbər aldıq: Pərviz qardaşımız dünyasını dəyişmişdir…

Allah anasına, ailəsinə, doğma və əzizlərinə səbr versin!

Ötən bir neçə gündə həmyerlimiz Nicat İntiqam “Zaman” qəzetində və  “Zerdab. com” saytında Pərviz qardaşımız barəsində yazılar dərc etdirmişdi. Yazmışdı ki, fəxr ediləsi, istedadlı gənclərdən olan həmyerlimiz Pərviz ali təhsilini Türkiyədə– Orta Doğu Texniki Universitetində, magistratura təhsilini Macarıstanda – Mərkəzi Avropa Universitetində alıb. Doktorantura təhsilini Amerikada – Texas Universitetində alırdı. Qəfil və amansız xəstəlik onun planlarını yarıda qoydu. Bir neçə gün idi səhhətinin ağırlaşması səbəbindən Bakıya gətirilmişdi, Mərkəzi Klinikada müalicə olunurdu, son arzusu Ramil Səfərovla görüşmək idi. Bunu qardaşı Elnur Soltanov N. İntiqama deyib və Nicat müəllim də bu barədə “Zaman”da geniş yazı dərc edib. Yazıb ki, Pərvizin Macarıstanda magistratura təhsili aldığı illər Ramil Səfərov bu ölkədə mühakimə olunan dövrə düşüb. O, məhkəmədə Ramillə görüşüb, dəstək olurmuş. Məhkəmə ilə bağlı məqalələr yazdığı, araşdırmalar apardığı üçün Pərvizə ermənilər təzyiqlər göstərirmiş…

Bu gün təsəllimiz odur ki, xalqımızın qeyrətli oğlu Ramil Səfərov həmin yazıdan xəbər tutan kimi, Pərvizin yanına—xəstəxanaya gəlib. Amma nə yazıq ki, o gələndən 15 dəqiqə əvvəl Pərviz əbədiyyətə qovuşmuşdu…

Elnur müəllim “Zaman”a açıqlamasında demişdir ki, səhər tezdən Ramil Səfərov mənə zəng vurdu, dedi məqaləni oxumuşam və Pərvizi ziyarət etmək istəyirəm… Bildirdim ki, istədiyiniz vaxt gələ bilərsiniz. Axşamüstü 17:20-də zəng vurub: “6-da xəstəxanadayıq”,–dedi… Az sonra Pərvizin həkimi zəng vurdu, onda biz anamla yolda idik və xəstəxanaya gedirdik. Həkim bildirdi ki, Pərviz özünü narahat hiss eləyir… Saat 17:40-da həkim yenidən zəng vurdu və çox acı bir xəbər verdi: Pərviz vəfat edib…

Ramil Pərvizin vəfat etməsindən xəbərsiz idi. Anam onu görəndə hönkür-hönkür ağladı. Ramil bu acı xəbərdən çox kədərləndi. Amma onun gəlişi anama təskinlik oldu. Ramil anama təsəlli verdi, əllərindən öpdü… O öz kitabını hədiyyə gətirmişdi. Dedi ki, Pərvizin onu görmək istəməsi barədə məqaləni ona xanımı təqdim edib. Ramil bu məqaləni oxuyandan sonra Pərvizi ziyarət etmək qərarı verib. Ancaq… qismət belə imiş. Vəfat etməsinə baxmayaraq, Ramil Pərvizlə də sağollaşdı, halallaşdı və onun üçün gətirdiyi kitabı bizə təqdim etdi. İndi o kitab Pərvizdən və Ramildən yadigar kimi evimizin ən gözəgəlimli yerinə qoyulub…

Nicat İntiqam yazısını Pərvizin uşaqlıq və gənclik dostu  Fəqan Rüstəmovun bu fikirləri ilə yekunlaşdırır:–Pərviz hədsiz istiqanlı və vətənpərvər idi. Elmə, təhsilə çox böyük marağı vardı. Hədəfi böyük uğurlar qazanıb, ölkəmizin adını ucaltmaq idi. Pərvizin qəfil vəfatı Allahın qismətidir. Onun ömür yolu hər birimiz üçün nümunədir…

Belə… Biz də Pərviz qardaşımıza Allahdan rəhmət, Soltanovlar ailəsinə səbr diləyirik. O və etdiyi yaxşılıqlar heç zaman unudulmayacaq.

Allah rəhmət eləsin!

Amin!

İSAMƏDDİN ƏHMƏDOV

22 ŞƏRH

  1. Urekleri sizladan bir yazidir..”Geceler”in ozu qeder qaranliq talelerle tanish etdiniz bizleri..Demeye soz tapmiram..Kash bu hezin ve kovrek mahninin esl muellifi hami terefinden taninaydi..Kash tezlikle rehmetlik hemyerlimizin muelliflik huququ berpa olunaydi..O zaman bu yazini qeherlene-qeherlene oxuyan her bir oxucu ve o kovrek “Geceleri” dinleyen her bir dinleyici qismen de olsa teselli tapar..Allah rehmet elesin ata ve ogullara!!!

  2. Дэрдлэрэ нэ таб ана? Дэрд дивар нэ, тавана, Зулм етди ягы фэлэк, Бачымяз Нэтавана!!!
    Урэкдэн дэрдлэринэ шэрийэм, гэмлэ, бачым, Е”тибар, Фэхрэддинлэ, Рзайла, Рустэмлэ бачым!!!

  3. Allah rehmet elesin ruhlari wad olsun yerleri cennet olar inwaAllah.
    Men bu yazini axwam oxumuwam axwamdan bura sanki sozlerim quruyub ne yazim bilmirem .Allah rehmet elesin dedim defelerle oz ozumu goz yawlari toke toke.Doqurdanda taleh cox aci oyun oynayib.
    Isameddin muellim cox saqolun minnetdaram size bu gozel deyerli ve menali yazi ucun.Bu insanlarin talehini bize etrafli oyrenmekde komek olduqunuz ucun.

  4. O qadar kederli talehdiki ,adam bilmir ne desin.Qasaq baqlamiw yaralarini felek yeniden qanatdi,pisda qanatdi.Ovlad itirmiw anani neyle ovundurmaq olarki?Ovlad itirmiw ana ucun butun gunler ovladini ölduyu gundu ,farq etmez.Allah onlari cennetle mukafatlandirsin.Cennetde bir birleriyle goruwmeyi nesib etsin.Allah Natavan anaya sebir,dozum versin.Axir qemleri olsun.

  5. man Zabit Soltanov barasinda cox ewitniwdim Parviz Soltanov barasinda hala Macarstanda oldugu vaxtlarda ewitmiwdim indi Parvizin Zabitin oglu oldugun bilanda ozumu ala ala bilmadim necada talelari oxwardi Allah har iksina rahmat elasin Natavan ananin allarindan opuram allah sabir versin

  6. ALLAH rehmet elesin atasinada balasinada bibimede sebr ALLAH komeyi olsun ALLAH derd verende sebrde verir

  7. dillendirilende doyulmayan yazilanda bitmeyen oxunanda tukenmeyen Pervizime heyf heyf heyf………

  8. Chox derin hormet ve ehtiram beslediyim Soltanovlar ailesi! Perviz qardashimizin vaxtsiz vefati hamimiz uchun aqir itki, sonsuz ve serhedsiz kederdir. İndi Perviz tekce Sizin deyil, en azi butun Zerdabin oqludur. Perviz shehid olaraq Haqqa qovushdu. Cunki o Macaristanda ve Amerikada dushmenlerimiz ermenilerle vurushurdu, o, Ramil kimi qeyretli Vatan ovladini mudafie edib qoruduqu, onunla baqli informasiya qitliqi olduqu bir vaxtda Azerbaycani, TURK dunyasini esil haqiqetle melumatlandirdiqi uchun ermenilerin, dashnaklarin tezyiqine, tehdidine, teqibine meruz qalirdi. Ne bilim, ureyime gelir ki, Pervizin vaxtsiz xestelenmesinde belke de ermenilerin murdar emellerinin tesiri de olub. Goresen onun hekimleri arasinda ermeni ve ya ermeniperestler olmayib ki? Her halda, Perviz shehid oldu. Perviz bir de ona gore shehid sayilir ki, o, Amerikaya elm dalinca getmishdi. Hazreti Peyqemberimiz (S. Ə. V.) buyurur ki, kimse elm oyrenmek niyyeti ile evinden chixirsa ve hetta evinin astanasinda dunyasini deyishirse, shehid sayilir. Qurani-kerimin Beqere suresinin 154-cu ayesinde deyilir ki, shehidlere ölü demeyin, onlar Allah dergahinda diridirler, lakin siz bunu derk etmirsiniz… Bir daha Allah rahmet elesin, sebr versin. AMİN!

  9. Hörmətli İsaməddin Əhmədov! Sizin “Ürəkləri sızladan qaranlıq taleli “Gecələr”i ürəkağrısı və Sizə böyük ehtiramla oxudum.Məndə dərin inam yarandı ki, Zabit Soltanov sizin təkidli ciddi-cəhdinizlə ölümündən sonra olsa da “Gecələr”ə qanuni müəlliflik hüququnu qazanacaq. Araşdırma xarakterli, bədii cəhətdən çox zəngin,yüksək səviyyədə işlənmiş bu material insanı kövrəldir, acıtaleli bir vətənpərvər eloğlumuzun uğursuzluğuna ağladır. Mən Zabit Soltanovu sağlığında görməsəm də, oxuduqlarımdan anlayıram ki, Zabit Soltanov sözün həqiqi mənasında çox istedadlı, böyük insan olub.Tarixi vərəqləsək görərik ki, adətən belə böyük insanların böyük də müsibətləri olur. Zabit Soltanovun gənc oğlu Pərvizin vəfatı isə mərhum Zabit Soltanovun ailəsindən sağ qalanların müsibətidir. Başları sağ olsun, Allah səbr versin!

  10. Allah geni geni rehmet elesin. Yeri nurla dolsun. Oxudugca goz yaslarim sel kimi axdi getdi omur ne gisa taleh ne aci .GECELER mahnisi insanin gelbin titredir eminem hagg edalet yerini tutacag

  11. Ürəyim sızıldadı.Mən də bir anayam.Allah səbr versin.Allah səbr versin anasına,Elnura və Dilkəşə.

  12. Dilkew bacim bilirem gecdi amma men indi oxuduqum meqaleden oyrendim Pervizin olmunu innan goz yawlarimi tuta bilmirem ALLAH qardawimiz PERVIZE rehmet elesin Anamiz NATAVAN xanima sebr versin Neca il kecdikden sonra seninle kecen uwaqliqimiz haqda daniwmaq isterdim cox tessuf ki baw saqliqi verdim opurem seni

Comments are closed.