Zərdabda elmi-praktik konfrans keçirilib – fotolar

0
50

Zərdab şəhərində “Müasir mərhələdə fəal (interaktiv) ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. www.zerdab.com saytının yaydığı məlumata görə, konfransda Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru Arif Əmrahoğlu, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi, ədəbiyyat dərsliklərinin müəllifi Bilal Həsənli iştirak ediblər. 

Konfransı giriş sözü ilə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev açıb. B.Babayev interaktiv təlim metodlarının əhəmiyyətini qeyd edərək vurğulayıb ki, interaktiv təlim idrakı və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan təlim prosesində müəllim təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər.
Sonra “Müasir mərhələdə fəal (interaktiv) ədəbiyyat dərslərinin təşkili: reallıqlar və perspektivlər” mövzusunda Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi, ədəbiyyat dərsliklərinin müəllifi Bilal Həsənlinin, “Ədəbiyyat dərslərində bədii mətn və interaktiv metod” mövzusunda Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmlər doktoru Arif Əmrahoğlunun məruzələri dinlənilib.
Daha sonra məruzələr ətrafında çıxışlar başlanılıb. Şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəvahir İsmayılova, Məmmədqasımlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qalib Məmmədov, Sarıqaya kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülbağça Nəbiyeva, Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Seymur Tağıyev, Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aliya Rüstəmova çıxış edərək bildirdilər ki, interaktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyi nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər,
yanaşmalar, vasitələrdir.

www.zerdab.com

Zərdabda elmi-praktik konfrans
Zərdabda elmi-praktik konfrans