Kitablarım, fotolarım kənddə qaldı…

0
62

Əslində, uzun zaman beynimdə dolaşan bu yazının indi ortaya çıxmasına əsas səbəb şair Mahir Mehdinin bu günlərdə kulis.az-da yayılan “Foto” şeiri oldu.

Fotolar görə bilmədiklərimizi
Yığır bir yerə,
gizləyir özündə –
o biri üzündə. (Mahir Mehdi) 

Gerçəkdən belədir. Və zaman keçdikcə biz bu şəkillərdə daha çox şeylər görməyə başlayırıq.

– Niyə müharibədə şəkil çəkdirməmisiniz?

– Biz müharibəyə şəkil çəkdirməyəmi getmişdik?

Bu dialoq bir qolunu Qarabağ müharibəsində itirmiş Rafiqlə jurnalist oğlan arasında olmuşdu. Lap çoxdan, hardasa 1995-1996-cı illərdə… O vaxtlar hələ çoxunun heç cəbhədə aldığı yaralar sağalmamışdı. O vaxtlar hələ məğlubiyyətimizin şokundan, acısından ayılmamışdıq. Hələ müharibədən danışmağa utanırdıq və bu səbəblərdən o vaxtlar bizə müharibə fotoları lazım olmurdu…

Son dövrlər, müharibə xatirələrimi qələmə almağa başlayanda o dövrün foto və video materiallarının nə qədər əhəmiyyətli, vacib olduğunu anladım. Amma nə faydası, artıq gecdi.

Dondurur, durdurur vaxtı,
adam yapışıb qalır bir anda,
ən sevimli gecədə,
bir də olmayacaq gündə. (M.Mehdi) 

Fikir vermisinizsə, bir çox Qarabağ müharibəsi şəhidinin, əlilinin, veteranın savaş fotoları yoxdur. Bir qisminin isə az sayda müharibə fotoları var. Mən ikincilərdənəm, yəni o dövrə aid bir neçə, daha dəqiq desək, 6 ədəd fotom var. Onun da cəmi biri hərbi hissədə çəkilib, digərləri ya Ağdamda, ya da Bakıda fotoaparatın yaddaşına köçürülüb. İndi mənə ağır müharibə günlərini xatırladır o fotodakı anlar…

Təbii ki, ölüm-qalım anlarında, ön cəbhədə, qeyri-müəyyən bir vəziyyətdə şəkil çəkdirmək heç kəsin yadına düşmür. İkincisi də, buna heç şərait də olmurdu. O vaxt tək-tük döyüşçüdə fotoaparat var idi, hərbi hissəyə gələn jurnalistlər isə elə də çox olmurdu. Çəkilən fotolar bizə verilmirdi, yalnız bir neçəsi qəzetlərdə çap edilirdi. O qəzet və jurnallara da baxa bilmirdik, bizə gəlib çatmırdı…

İndi müharibə fotoları “mataha” dönüb, hamı bir-birindən şəkil soraqlayır. “Bəlkə səndə mənim də olduğum foto var”, – deyə.

Kəndimiz işğal olunduğundan mənim bir çox əşyalarım, kitablarım və fotolarım elə kənddə qaldı. Bəzən elə bilirəm, harda qoymuşamsa, elə oradaca qalıb hər şey – fotolar, rəsmlər. Amma müharibə zamanı ermənilərdən təmizlədiyimiz kəndlərdə yerə səpilmiş, yanmış, cırılmış, ayaq altda qalmış erməni fotolarını xatırlayanda öz fotolarım yadıma düşür, bax onda ürəyim göynəyir…

… Qabaqca fotoçunun,
sonra doğmaların, sonra da fotoların
yaddaşından silinir izlər, adamlar, üzlər.
Atılır, cırılır, yandırılır… (M.Mehdi) 

…1992-ci ilin yayında Ağdərənin Canyataq və Gülyataq kəndlərini ermənilərdən növbəti dəfə azad edəndə orada yerə tökülmüş bir dəstə erməni şəkilləri götürmüşdüm. O şəkilləri evdə saxlayırdım, onlar da qaldı işğal altında olan kəndimizdə. Onların arasında uşaq, cavan, qoca şəkilləri vardı. Ermənilərin Şuşada, Turşsuda, Sərsəng su anbarının kənarında müxtəlif formada çəkilmiş şəkillərinin üzərində hətta tarix də vardı – ili, ayı, günü… Eynən atamın, əmilərimin və digər qohumlarımın Şuşada, Turşsuda, İsa bulağında o zamanın dəbinə uyğun geyimdə çəkdirdiyi şəkillər kimi. Kim nə deyir-desin, müharibə bütün hallarda ağrıdır, hüzndür, lap qələbəylə nəticələnsə belə orda bir itki, bir hüzn var.

Bu günlərdə müharibə ilə bağlı özümün, döyüşçü dostlarımın yer aldığı foto və ya videoları axtararkən youtube-da üzərində ANS-in loqosu olan bir video kadr tapdım. (Bu videonun təqdimatında yanlışlıq var, onunla bağlı ayrıca bir yazı olacaq deyə, bu məsələyə toxunmuram) Kadrda Şirin Mirzəyevin batalyonunun kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovun kiçik bir dəstə ilə Umudlu kəndində olduğu görünür. Sakinlərin və oranı qoruyan əsgərlərin kəndi cəmi bir neçə saat əvvəl tərk etdikləri bilinir kadrlardan. Kimsəsiz qalmış kəndlərimizin kadrlarını izləmək çox ağırdır… Yiyəsiz mal-qara, it-pişik, toyuq-cücə, sahibsiz avtomobillər, yerə dağılmış kartof- soğan. Tərk edilmiş insan həyatı.

Atılmış avtomobilin yanında yerə tökülüb qalmış kartofun, bir dəstə kəndirin yanında bir albom da var. Vərəqlərini külək yelləyən albomun bir vərəqində karandaşla qız və gül dəstəsi çəkilmiş rəsm görünür… O həyəcanlı dəqiqələrdə o albomun yanından keçən Əkbər Məmmədov bir anlıq ayaq saxlayıb kənardan albomdakı rəsmi süzür, sonra astaca ötüb gedir. Bu da bir “foto”dur, çəkilməyən fotolardan biri…

O rəsmi kim çəkib, nə üçün çəkib, bilmirəm, bildiyim odur ki, hər fotonun tarixi olduğu kimi, rəsmlərin də öz tarixi, hətta taleyi var. O tarixdə onu çəkənin hissləri, duyğuları rənglər vasitəsi ilə çökür kağızın, kətanın üzərinə. O taleyə bəzən işğal altına düşmək, düşmən əsgərlərinin ayağı altında tapdanmaq da yazılır. İşğal altında qalan bütün o rəsmlər həm də işğalın rəsmidir, xatirəsidir.

Fotolar insan ömrünün həmişəyaşar anlarıdır, bəlkə. Səhər Əhmədin bir şeirində deyildiyi kimi;

Köhnə şəkillər kimi,
Solur ötən zamanlar.
İlahi, hanı o vaxt,
Yanımdakı adamlar?! 

Heç vaxt şəkil çəkdirməyə laqeyd olmayın, ərinməyin, çəkə bilənlər isə rəsm çəkməkdən saxlamasın özünü. Foto həmin anın yadigarıdır, rəsm həmin anın duyğularıdır. Köçürün onları elektron yaddaşa, kağıza, kətan parçaya. Tarixə çevirin.
Biz çevirə bilmədik…

Rey Kərimoğlu