Millət vəkili: “Zərdabi fenomeni xüsusi vurğulanmalıdır”

0
47

Noyabrın 28-də Azərbaycan Mətbuat Şurasında milli mətbuatımızın banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabini anım mərasimi keçirilib. Tədbirdə Zərdabi irsinin tədqiqatçıları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimai xadimlər iştirak ediblər. Mətbuat Şurasından www.zerdab.com saytına verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbəri olduğu qurum bir neçə il əvvəl Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ilə bağlı təşəbbüs qaldırıb və bu təşəbbüs artıq ənənəyə çevrilib. Bu gün baş tutan mərasim də həmin ənənədən qaynaqlanır. «Hər il Azərbaycan Mətbuat Şurası, ümumilikdə ölkəmizin media ictimaiyyəti 22 iyul milli mətbuat günündə Həsən bəyin qurucusu olduğu «Əkinçi» qəzetinin işığına toplaşır. Həm bu qəzet, həm də Zərdabi haqqında dəyərli fikirlər səslənir. Amma hesab edirik ki, bu böyük insan, əsl vətənpərvər haqqında nə qədər deyilsə, azdır. Bütün varlığını Azərbaycana bağlamış dahinin hamımıza örnək həyat yolu və fəaliyyəti daim xatırlanılmalıdır», – deyə o vurğulayıb.

Zərdabi irsini Azərbaycanın keçmişi, bu günü və gələcəyi baxımından misilsiz məxəz adlandırmış Ə.Amaşov onun öyrənilməsində xidmətləri olan şəxslərin əməyini yüksək qiymətləndirilməsinin zəruriliyindən söhbət açıb. Onların bir qisminə Azərbaycan Mətbuat Şurasının fəxri diplomalarını təqdim edib. Bu sırada Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Zərdab rayonunda çıxan «Əkinçi» qəzetinin baş redaktoru İsaməddin Əhmədov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Televiziyanın Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs edən filminin müəllifi Qərənfil Xəlilova, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı, araşdırmaçı hərbi jurnalist Şəmistan Nəzirli, Elmira Qasımova və Eldəniz Həsənov kimi dəyərli tədqiqatçılar var. Tədbirdə həmçinin bildirilib ki, hazırkı dövrdə Həsən bəy Zərdabi ilə bağlı elmi yeniliklərin əhəmiyyətli qismi Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəşriyyatında çap olunub. Bu işi səmərəli şəkildə həyata keçirdiyi üçün BAMF rəhbəri Umud Rəhimoğlu da Şuranın fəxri diplomu ilə təltif edilib.

Həsən bəy Zərdabi irsinin tədqiqatçılarından, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bildirib ki, xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemində böyük yaradıcı şəxsiyyətlərin qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirmiş, məmləkətimizi sivil dəyərlərə qovuşdurmuşdur. Bu mənada Zərdabi fenomeni xüsusi vurğulanmalıdır. Onun istər «Əkinçi» qəzetindəki, istərsə də sonrakı dövrlərdəki fəaliyyəti Azərbaycanı dövlət müstəqilliyinə daşıyan misilsiz dəyərlər sistemi formalaşdırıb.

Uzun illər Həsən bəy Zərdabinin həyat və yaradıcılığının öyrənilməsi ilə məşğul olmuş digər alim, BDU-nun professoru İzzət Rüstəmov bildirib ki, «Əkinçi» qəzetinin səhifələrində yer alan baxışlar bu gün üçün də aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır. Nəşr təkcə əkin-biçin texnologiyalarını təbliğ etmirdi, eyni zamanda böyük maarifçi rol oynamaqla insanları inamlı gələcəyə doğru səsləyirdi. «Əkinçi» qəzeti qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz şəxsiyyət Həsən bəy Zərdabinin böyük əməyinin, xalq və millət qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin nəticəsi idi».

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Həsən bəy Zərdabini müstəqil respublikamızın mətbuat, söz sənəti yolunu işıqlandıran adam kimi xarakterizə edib. Bildirib ki, bu yolda olan hər bir məziyyət ətraflı şəkildə cəmiyyətə çatdırılmalıdır. Mövcud mənada Həsən bəy irsinin tədqiqatçılarının əməyini yüksək qiymətləndirmiş deputat gələcəkdə dahi mütəfəkkirin fəaliyyətinə dair daha səmərəli elmi işlərin ortaya qoyulacağına əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Ədalət» qəzetinin təsisçisi Aqil Abbas da çıxışında ustad şəxsiyyət Həsən bəy Zərdabinin irsinin daha dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu deyib. O, eyni zamanda mövcud istiqamətdə kifayət qədər sanballı sənət nümunələrinin ortaya qoyulduğunu da bildirərək Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olmuş şəxslərin həyat və yaradıcılığı ilə bağlı akademik nəşrlərin hazırlanmasının vacibliyinə diqqət çəkib.

Həsən bəy Zərdabi ilə əlaqədar çəkilmiş filmin müəllifi, İTV-nin əməkdaşı, tanınmış jurnalist Qərənfil Xəlilova belə dahi şəxsiyyəti olan xalqın böyük xalq olduğunu dilə gətirib. Sözügedən sənət əsərinin ərsəyə gəlməsi zamanı görkəmli mütəfəkkirlə bağlı rastlaşdığı yeni faktlardan söhbət açan jurnalist bildirib ki, bunlar Zərdabi şəxsiyyətinin Azərbaycanın fikir tarixindəki rolunun böyüklüyünü bir daha təsdiqləyir.

Tədqiqatçı jurnalist Şəmistan Nəzirli Azərbaycan mətbuatı tarixində Həsən bəy Zərdabi ilə yanaşı, onun həyat yoldaşı Hənifə xanım Abayevanın da müstəsna rolunun olduğunu vurğulayıb. Dahi mütəfəkkirin həyat və fəaliyyətinə nəzər salarkən Hənifə xanım amilinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmiyyət nə qədər dəyişikliyə məruz qalsa da, onun bəlli dəyərlər sistemi var və həmin sistem bütöv bir xalqın xarakterizə olunması nöqteyi-nəzərdən müstəsna önəm daşıyır. Həsən bəy Zərdabi yaradıcılığı bir dəyərdir. Onun öyrənilməsi varlığımızın dərki baxımımından son dərəcə əhəmiyyətlidir.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında Həsən bəy Zərdabini mənəvi etalon kimi dəyərləndirib, onu xalqa, millətə təmənnasız xidmətin təkrarsız və bənzərsiz nümunəsi adlandırıb.

Zərdab rayonunda çıxan «Əkinçi» qəzetinin baş redaktoru, Zərdabi irsinin tədqiqatçısı İsaməddin Əhmədov dahi mütəfəkkirin yaradıcılıq mərhələlərinin təsnifatını verib. Bu baxımdan onun «Kaspi» qəzetindəki fəaliyyətinin müstəsna önəm daşıdığını deyib, həmin nəşrdəki fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən söhbət açıb.

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli də eyni məqama toxunaraq vurğulayıb ki, 1897-ci ildə görkəmli Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev «Kaspi» qəzetini satın alıb nəşri erməni və rus təsirindən xilas etdikdən sonra ilk işi Həsən bəy Zərdabini nəşrə çağırmaq olub. Bu kimi məsələlərə rəhbərlik etdiyi nəşrin xətti ilə çıxan «Üç əsrin qəzeti» kitabında geniş aydınlıq gətirildiyini vurğulayan baş redaktor bildirib ki, müasir «Kaspi» öz sələfinə sadiqlik əlaməti olaraq mətbu orqanın fəaliyyəti, xüsusən də Həsən bəyin oradakı fəaliyyəti ilə bağlı elmi faktların kitab halında çıxmasına hər cür dəstək göstərməyə hazırdır.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxışında «Əkinçi» adı ilə bağlı məqama toxunaraq bildirib ki, ictimai maarifçiliyi hədəfləyən Həsən bəyin ad seçimi dövrün bürokratizminin diqqətini yayındırmaq məqsədi daşısa da, bu adlandırma eyni zamanda bir xalqın bağlılıq simvolunun tapıntısı idi. Həsən bəy hər bir halda millətin tapındığı dəyəri rəhbər tutmağı bacarmışdı.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə uzun illər ərzində öyrənilməsinə maneələr törədilməsinə baxmayaraq, Zərdabi irsinə müraciətin hələ sovet dönəmində də olduğunu xatırladıb. Onun sözlərinə görə, bu müraciət təbiiliyin, xalqın içərisindən gələn obyektivlik səsinin göstəricisi idi.

«Assa İrada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas çıxışında Həsən bəy Zərdabini təkcə Azərbaycanın deyil, bütövlükdə islam ölkələrinin mətbuat tarixində mühüm rol oynamış şəxsiyyət kimi qiymətləndirib.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, 1907-ci ilin bu günü Həsən bəyin dünyasını dəyişməsi o zamankı Azərbaycanın həyatında olduqca ağır itki idi. Onun dəfninin böyük təntənə ilə həyata keçirildiyini deyən T.Aydınoğlu onu da deyib ki, üzərindən bir əsrdən artıq müddət keçdikdən sonra Zərdabinin anım gününün ənənəyə çevrilməsi də xalqın dəyərli şəxsiyyətinə qiymətinin nəticəsidir.

www.zerdab.com