Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu ərazisində 22 yaşlı jurnalistin ailəsində qanlı hadisə törədilib. Belə ki, Mərdəkan qəsəbəsi Qardaşxan Aslanov küçəsi dalan 3 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Mənsim Mənsimov ailə münaqişəsi nəticəsində arvadı 1963-cü il təvəllüdlü Zemfira Mənsimova və qızı 1990-cı il təvəllüdlü Sevinc Mənsimlini baltalayaraq qətlə yetirib. Daha sonra isə 63 yaşlı Mənsim Mənsimov özünü asıb.
“Elə bir hadisə törədəcəm ki, bunu bütün Azərbaycan biləcək”
Mərhumun bacısı Aytən xanımın sözlərinə görə hadisəyə ilk o şahid olub: “Ayın 11-i səhər saatlarında dayım mənə zəng edib dedi ki, tez evə gedim. Mən də yoldaşımla birlikdə evə getdim. Qapını nə qədər döysək də, heç kəs açmadı. Hərlənib evin pəncərəsinə yaxınlaşdıq və evin pərdələrinin qan içində olduğunu gördük. Pəncərəni qırıb içəri girdikdə isə mən anamın meyitini gördüm və huşumu itirdim. Daha sonra yoldaşım məni çölə çıxartdı. O, Sevincin içəridə yatdığını və qızı qorxuzmamağımı istədi. Sən demə bacım da içəridə canını tapşırıbmış”.
Sevincin bacısının sözlərinə görə, atası illərdir ki, həm qohum-əqrabaya həm də ailəsinə soyuq münasibət bəsləyirmiş: “10 ildən çoxdur ki, işsiz idi. Evdə heç kəsi dindirmirdi. Sanki bizdən ayrı bir həyatı var idi. Mən avqust ayında ailə həyatı qurduqdan sonra, anam onun vəziyyətinin daha da ağırlaşdığını və dözülməz hala gəldiyini söyləyirdi. Hətta atam anama tez-tez deyirmiş ki, Aytənin toyundan sonra elə bir hadisə törədəcəyəm ki, bunu bütün Azərbaycan biləcək. Sevinc isə anamdan o evdən çıxıb getməyimizi istəyirdi. Onun əslində planında təkcə Sevinclə anamı öldürmək olmayıb. O, məni və yoldaşımı da öldürmək istəyirmiş. Bunu indi anlayıram. Çünki 10 noyabrda mən gecə onlarda qalmalı idim. Yoldaşım zəng edib xəstələndiyini deyəndə evə getmək istədiyimi dedim. Atam isə mən evə aparmaq istəmirdi. Təkidlə onlarda qalmağımı istəyirdi. Yəqin əlacsız olduğunu görüb məni evə apardı”.
“Mənim ailəmin əxlaqı və namusu hamıdan üstündür”
Aytənin sözlərinə görə bu sözləri Mənsim Mənsimov Sevinci və anasını qətlə yetirdikdən sonra yazdığı məktubda qeyd edib: “Birinci anamı, sonra isə Sevinci yatdığı yerdə balta ilə vurub. Sevinci öldürdükdən sonra baltanı onun yanında qoyub və salona keçib. Bundan sonra o, məktub yazıb və məktubu anamla bacımın qanına bulayaraq stolun üstünə qoyub. Məktubda isə heç bir məntiqi söz yoxdur. Orada yalnız bir cümlə qeyd edib ki, “Mənim ailəm əxlaqına və namusuna görə hamıdan üstündür”. Niyə öldürdüyünü, məqsədinin nə olduğunu yazmayıb. Sonra isə kömürlə divara bir iki şeir yazıb və hamama gedib. Yuyunub çıxdıqdan sonra kostyumunu geyinib. Soyuqqanlılıqla dayıma zəng edib ki, gəl bacınla qızını götür, onları öldürdüm. Daha sonra telefonu söndürüb özünü asıb”.
“O, həmin gecə məni və həyat yoldaşımı da öldürmək istəyirmiş”
Aytən xanımın həyat yoldaşı Yasəfin sözlərinə görə, o, həyat yoldaşı ilə birlikdə 8 noyabr tarixində qayınatasıgildə olub. Elə həmin gün o, qayınatasının hərəkətlərində anormallıq hiss etdiyini söyləyir: “Mən işdən çıxdıqdan sonra qayınatamgilə gəldim. Gördüm ki, evin salonunda özünə yer salıb futbola baxır. Həmin gün “Neftçi” ilə “Rubin” oynayırdı. Mən də oturdum, onunla futbola baxdım. Daha sonra o, mənə bu gecə onlarda qalmağımı təkidlə xahiş etdi. Biraz xəstələndiyim üçün evə getmək istədiyimi söylədim. İndi anlayıram ki, o, bu cinayəti 8 noyabrda həyata keçirəcəkmiş. Həmin gecə məni və həyat yoldaşımı da öldürmək istəyib”.
Yasəfin sözlərinə görə, Mənsim Mənsimov heç vaxt qohumlarının xeyir-şərində iştirak edən adam olmayıb. Hətta o, nəinki həyat yoldaşının qohumları ilə, hətta öz qardaşları ilə də küsülü olub: “Bu adamı başa düşmək olmurdu. Nə siqaret çəkirdi, nə də araq içirdi. Heç bir işlə də məşğul olmurdu. Heç kəs deyə bilməzdi ki, bu günə qədər bir adama şillə vurub. Nəinki adam, hətta o bu günə kimi toyuq başı belə kəsməmişdi. Onun xəstə olmasını hamımız bilirdik. Sadəcə bunu ona qəbul etdirə bilmirdik. Son günlər isə onun bu xəstəliyi getdikcə artmışdı. Evin içində çılpaq gəzir, heç bir məntiqə sığmayan hərəkətlər edirdi”.
Qeyd edək ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu məddələrlə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Əfsələddin Ağalarov