Ötən il Zərdab rayonunda 738 ailəyə 69,5 min manat ünvanlı sosial yardımı verilib. www.zerdab.com-un xəbərinə görə, bu barədə Zərdab rayon İcra Hakimiyyətində
“2011-ci ildə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2012-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Bildirilib ki, aztəminatlı təbəqənin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də rayonda xeyli iş görülüb. Dövlət tərəfindən onlara ayrılmış pensiya, təqaüd və müavinətlərin vaxtında ödənməsi təmin edilib, eyni zamanda şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, tək və kimsəsizlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara il ərzində Başçı Fondundan 49,8 min manatdan çox yardım edilib. Ötən il 6 nəfər Böyük Vətən Müharibəsi və Qarabağ döyüşlərinin əlilləri pulsuz minik maşınları ilə təmin olunublar.
Yeni yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən qısa müddətdə 2 uşaq əlil arabası, 4 nəfər eşitmə aparatı ilə təmin olunub. 3 nəfər xəstənin müvafiq olaraq beyin kistasından, ürəyindən və böyrək çatışmazlığından respublikanın müxtəlif klinikalarında əməliyyat olunmasına köməklik göstərilib.