Zərdab kənd təsərrüfatı rayonudur və burada ildə orta hesabla 15-16 min hektarda taxıl, 1600-1700 hektarda yonca, bostan-tərəvəz və digər bitkilər əkilir. Rayonda, həmçinin 1168 hektar meşə sahəsi, 1932 hektar həyətyanı torpaq sahəsi mövcuddur. Bu sahələrin suvarma suyu ilə təmin edilməsi mövcud suvarma-drenaj şəbəkələrinin qorunması və genişləndirilməsini, hidrotexniki qurğuların və nasos stansiyalarının saz saxlanılmasını tələb edir. AzərTAc xəbər verir ki, cari ilin doqquz ayında Qızlıq, Qobu, Telman, Sovxoz-3, Ağabağı, Şıxbağı, Məmmədqasım-Cavar, Hüseynxanlı və digər yaşayış məntəqələrini əhatə edən 468 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib, 63 ədəd hidrotexniki qurğu, 8 ədəd hidropast, 3 ədəd mülki istehsal binası cari təmir edilib. Eyni zamanda, 28,6 kilometr beton kanal, 3 ədəd nasos stansiyası əsaslı təmir olunub.
Şahhüseynli, Gödəkqobu, İsaqbağı kəndlərinə xidmət edən nov kanallarında, emalatxana binasında, Seyidlər, Qoşaoba, Gödəkqobu, Məlikli, Alıcanlı kəndlərində yerləşən nasos stansiyalarında da əsaslı təmir işləri aparılıb.