Atılmış körpənin uşaq evindən Zərdaba gətirildiyi gün…

1
51

Onu uzun illərdir tanıyıram. Ürəyinin təmizliyi, saflığı, əliaçıqlığı ilə həmyaşıdlarından fərqlənir. Zərdabda böyüdüyü ailə nisbətən imkanlı olduğu üçün korluq nədir bilməyib. Nə deyibsə, alıblar, nə istəyibsə, veriblər.

Yaradılan bu şərait onda, müəyyən mənada, ərköyünlüyə səbəb olsa da, tərbiyəsiz deyil, danışığını, yerini bilən gəncdir. Uzun illər içimdə onunla bağlı gizlin bir narahatlıq olub. Çünki həmişə deyirdilər ki, Aqşin Xanlarov (ad-soyad şərtidir-red) körpələr evindən götürülüb. Yəni bizim tanıdığımız, bildiyimiz valideynlər onun doğma ata-anası deyillər. İçimdə onun yerinə bir qorxu var idi, deyirdim birdən kimsə biləyərəkdən və ya bilərəkdən bu sirri ona açar. Amma bunlardan xəbərsiz olan, heç nəyi bilməyən Aqşin öz həyatını yaşamaqda idi. Həmişə düşünürdüm ki, görəsən, bir gün həmyaşıdlarımızdan kimsə bu sirri ona açarsa, nə baş verər? Amma aradan illər keçdi və məlum oldu ki, bu “qəhrəmanlığı” edən tapılıb. Onunla söhbət zamanı bu mövzunun üzərinə gəlməyə çalışsam da, həyəcanlandığını, kövrəldiyini görüb, çox da “sıxışdırmadım”. Dediyinə görə, uşaq evini xatırlamır. Hansı uşaq evindən götürüldüyünü, nə vaxt götürüldüyünü, oraya kim tərəfindən, nə vaxt gətirildiyini də bilmir. Bu barədə valideynlərindən heç nə soruşmayıb və soruşmaq fikri də yoxdur: “Mənə uşaq evindən götürüldüyümü qonşuluğumuzda yaşayan həmyaşıdım dedi. Həyətdə oynayırdıq, sözümüz düz gəlmədi, dalaşdıq və qisas almaq üçün söylədi. İnanmadım və əhəmiyyət vermədim. O bunu dəfələrlə təkrar edəndən və bu sözə görə anası tərəfindən döyüləndən sonra düşündüm ki, demək, ortada nə isə var. Ata-anama dedim, əvvəl-əvvəl etiraf etmədilər. Ancaq bir neçə il sonra, yəni mən həyatı dərk etməyə başlayanda onlar özləri bu barədə mənə danışdılar. Açığı, o anı yaşamaq çox çətin idi. Təsəvvür edin, illərlə ana-ata deyib bağrına basdığın insan qəfil qarşında sənin üçün yad adama çevrilir. İlk anda belə oldu. Keçmiş günləri, onların mənə davranışlarını yada salmağa başladım. Onlar mənə qarşı heç də pis olmayıblar, əsl ata-anadan heç nələri ilə fərqlənməyiblər. Sonra onlara qarşı içimdə baş qaldıran yadlıq düşüncəsi aradan qalxdı və sevgim daha da artdı. Amma səmimi deyim ki, o gündən sonra bir daha biz bu söhbətin üstünə gəlmədik”.

Həmsöhbətim hazırda ailəsi ilə birgə Rusiyada yaşayır. Rusiyada hər cür şəraitinin olmasına baxayaraq, tez-tez böyüyüb boya-başa çatdığı kəndə – evə gəlir: “Hamı necə, mən də elə. O həyəti, o evi, o insanları çox sevirəm və özümü ayrı təsəvvür etmirəm”.

Aqşin deyir taleyin işinə bax ki, birinci evlilikdən onun da övladı olmayıb. Ancaq ikinci evlilikdən bir oğlu var: “Birinci həyat yoldaşımdan uşaq söhbətinə görə ayrılmamışıq. Məni yaxından tanıyanlar bilirlər, tamam başqa söhbətdir. İkinci evlilikdən hazırda 1 yaşında oğlum var və özümü çox xoşbəxt hiss edirəm”.

“Sənin də övladın olmasaydı, uşaq evlərindən birinə müraciət edərdinmi?” sualımıza həmsöhbətimizin cavabı belə oldu: “Bəli, belə bir halla üzləşsəydim, uşaq evinə tərəddüd etmədən müraciət edərdim. Bildiyiniz kimi, uşaq evlərini tərk edən oğlan və qızlar arasında sonradan xoşbəxt həyatını quranlar da var, qura bilməyənlər də. Təəssüf ki, dövlətin uşaq evini tərk edənlərə dəstəyi hələ də lazımi səviyyədə deyil. Əgər övladı olmayan bir insan Allah rizası üçün uşaq evindən bir uşaq götürüb böyüdürsə, tərbiyə edirsə, bütün sevgisini, mehrini ona salırsa, bundan gözəl nə ola bilər? Şəxsən mən belə bir ailədə böyüdüyüm üçün özümü xoşbəxt sayıram və məni böyüdən, nazımı çəkən insanlara ömrüm boyu minnətdar olacağam, çalışacağam ki, onların etimadını itirməyim”.

“Başqa ölkələri bilmirəm, ancaq Azərbaycan, bəlkə, dünyanın yeganə ölkəsidir ki, burada insanlar övladlığa götürdükləri körpələri də dünyalar qədər, öz övladları kimi sevirlər. Onların uğrunda ölümə getməyə belə hazır olurlar”,-deyə qeyd edən müsahibimiz buna öz ailəsinin timsalında bir daha əmin olduğunu bildirdi: “Mən xəstələnəndə gözlərinə yuxu getməyib, boğazlarından çörək keçməyib. Həlli mümkün olan hər arzumu yerinə yetiriblər. Belə insanların qədrini bilməmək olarmı?”

Azərbaycanda övladlığa götürmə hallarının geniş yayılmadığını bildirən müsahibimiz bunun artmasının tərəfdarı olduğunu dedi: “Həm o uşaqların, həm də ailələrin gələcək taleyi baxımından bu, çox önəmlidir. Bəlkə də bu yazınızı oxuyan bir çoxları mənim halıma acıyacaq, “yazıq” deyəcəklər və sairə. Ancaq mən özümü xoşbəxt insanlardan heç də pis durumda saymıram. Bugünkü günümə görə şükür edirəm. Min şükür, nə desəniz, varımızdır. Əlbəttə, heç kim atılmasını istəməz, ancaq bu da bir alın yazısıdır və qaçılmazdır. Məni böyüdən, tərbiyə verən insanlara, onların timsalında bütün atılmış uşaqlara sahib çıxıb onlara dəyər verənlərin hər birinə səmimi-qəlbdən təşəkkür edirəm. Qoy öz doğma ata-anası ilə birgə yaşayan, himayəsində böyüyən övladlar isə onların qədrini bilsinlər”.

www.zerdab.com

1 comment

Comments are closed.