Qurban kəsmək Allah-Təalanın bizə verdiyi nemətlərə şükür əlamətidir

0
69

Qurban bayramına bir neçə gün qalır. Bilindiyi kimi, Qurban bayramı İslam dininin müsəlmanlara buyurduğu iki gözəl bayramdan biridir. Həcc ziyarəti ilə Qurban Bayramı üst-üstə düşür və əslində Qurban kəsmək Həcc ziyarətinin ən mühüm rituallarından biridir. Zəvvarlarımız artıq müqəddəs torpaqlara yetişiblər və ya yetişmək üzrədirlər. Allah-Təala onların ibadətlərini, dualarını qəbul eləsin, lütfünü, mərhəmətini İslam dünyasının üzərinə bərəkət yağmuru kimi yağdırsın.

Peyğəmbərimiz Həzrəti Məhəmməd Əleyhissəlam buyurur ki, imkanı olduğu halda qurban kəsməyən namazgahlarımıza yaxınlaşmasın. Qurani-Kərimdə iki yerdə birbaşa “qurban” ifadəsi işlədilmiş, iyirmidən çox yerdə isə bu ibadətə birbaşa və ya dolayısı ilə işarə edilmişdir. Müsəlmanlar Allahın rəğbətini qazanmaq üçün, Ona daha da yaxınlaşmaq üçün qurban kəsirlər. “Qurban” sözünün tərcüməsi yaxınlaşma deməkdir, yəni qulun Allaha yaxınlaşması. Peyğəmbərimiz bir hədisində buyurur ki, müsəlmanın namazı da, orucu da, duası da qurbandır. İslam terminologiyasında “qurban” sözünün bir anlamı da “insanın Allaha yaxınlaşmasına səbəb olan hər hansı bir əməl” şəklindədir.

Göründüyü kimi, İslam qurban ibadətinə çox önəm verir. Yəqin ki, qurban deyəndə el arasında işlədilən “İsmayıl qurbanı” ifadəsi yada düşür. Heç də əsassız deyil, çünki bu ibadətin kökündə Həzrəti İbrahimin Allaha təslimiyyəti, İsmayılın azad edilməsi, onun əvəzinə bir qoçun qurban kəsilməsi hadisəsi durur. O hadisədə hər kəs qurbandır, yəni hər kəs Allahın əmrləri qarşısında təslimiyyətini nümayiş etdirərək imtahanı uğurla keçmiş olur. Həzrəti İbrahim ən çox sevdiyi insanı, oğlu İsmayılı qurban deyir. Çünki Allahın muradının bu istiqamətdə olduğunu düşünür. İsmayıl heç bir etiraz etmədən, könüllü halda bıçağın ağzına boğazını uzadır. Səbəb yenə Allahın iradəsi. Ana Həcər: “Allah istədisə, kimsə qarşı çıxa bilməz”, – deyib oğlunun qurban kəsilməsinə etiraz eləmir, yenə Allah iradəsi. Bu hadisədə Həzrəti İbrahim də qurbandır, Həzrəti İsmayıl da, Həcər anamız da.

Qurban həm də tərbiyədir, Allah-Təalanın bizə verdiyi külli nemətlərə şükür əlaməti olaraq ixtiyarında olan malın, mülkün, sərvətin bir hissəsini Allahın ehtiyac sahibi olan qullarına verməkdir. Qurban neçə qada-bəlaya qarşı sipərdir. Allah bilir ki, kəsilən qurbanla neçə bəlanın qarşısı alınmış olur. Amma hər şeydən öncə, qurban kəsmək bir ibadətdir, Allah-Təalanın biz bəndələrindən istəyidir və bunu yerinə yetirmək də imkanı olan hər bir müsəlmanın boynunun borcudur.

Əslində qurbanın kimə borc olub-olmadığı məsələsinə cəmiyyətimizdə qərar vermək xeyli çətindir. Bir adama baxırsan ki, ayda 150-200 manat qazancı var, amma həmin ay ərzində iki dəfə toya gedir, hər birinə də ən azı 50 manat pul xərcləyir. Əgər bu adam toy üçün xərcləyə bilirsə, qurban üçün niyə xərcləməsin? Demək, o adam üçün qohumların, tanışların dəvətnaməsi Allah-Təalanın əmrindən üstündür. Hər halda bu nəticəyə gəlmək üçün kifayət qədər əsas var. Əgər belə deyilsə, onda həmin adamın halı cahillikdən başqa bir şey deyil.

Bazarlarda Qurban ətinin satılması yolverilməzdir. Çünki qurban kəsilən heyvanın nəinki əti, heç dərisi, yunu, baş-ayağı, içalatı, qarnı belə satılmaz. Qurbanda hər şey pay vermək üçündür. İşin içinə ticarət girsə, ibadət oradan çəkilər. Ona görə də bazarda satılan qurban olmaz, çünki qurban satılmaz.

Könlümüzə, ruhumuza həqiqi Qurban duyğusu arzulayırıq. Qurban kəsək ki, Allah-Təalanın bizə verdiyi külli nemətlərə şükür əlamətini yerinə yetirək…

www.zerdab.com