Qurban-bərəkətlənməkdir, əlindəki əmanəti bərəkətləndirməkdir

9
60

Hələ qədim dövrlərdən bəri Qurban bayramı xalqımız arasında böyük sevinclə qeyd olunmuş, bu ibadətlə bağlı müəyyən ənənələr formalaşmışdır.
Bayrama qədər ev-eşik təmizlənir, hər şeydə bir yenilik, bir təravət hiss olunur. Bayram coşqusu təkcə ev-eşiyin təravətində yox, insanların əhvali-ruhiyyəsində də açıq görünür. Uşaqlara bayram hədiyyələri hazırlanır, ancaq ən maraqlı hədiyyə onların alnına sürtülən qurban qanıdır. Bu bayram ailənin böyüyünün də, kiçiyinin də ruhunda öz təsirini buraxır.
Səhər tezdən evin kişiləri geyinib-kecinib bayram namazına gedirlər. Bayram namazından gələn kimi boynuna qırmızı lent bağlanmış qurbanlıq qoyunu kəsirlər. Təbii ki, qurbanlığın kəsilib soyulması, ətinin doğranması bir xeyli vaxt alır. Bu vaxt ərzində də uşaqlar sevinə-sevinə onların ətrafında dolaşır, bir işə yaramaq istəyirlər. Birini qab dalınca göndərəndə üçü qaçaraq gedir. Çünki bu işin bir coşqu, bir sevgi olduğunu onlar da hiss edirlər. Qurban ətini bölüb evə daşıyır, qohumlara, qonşulara pay qoyurlar. Qurban paylarını uşaqlar sevinə-sevinə qonşulara paylayırlar. Qonşular da qurban payını alıb: “Allah qəbul eləsin“, – deyir, uşaqları sevindirirlər.
Bu bayramda hər kəsin qurban kəsməyə imkanı olmur. Ona görə də imkanlılar imkansızların qapısını döyür, halını soruşur, süfrəsini bayram payı ilə sevindirirlər. Yardımlaşmaqdır, bir-birinin dərdinə, sevincinə şərik olmaqdır, qəmli könülləri sevindirməkdir Qurban bayramı. Döyülməyən qapılar açılar Qurban bayramında. İncikliklər unudular, kin, həsəd, paxıllıq silinər bu mübarək bayramda.
Qurban bayramı uca dinimizin bizə ən böyük töhfələrindən biridir. Həzrəti İbrahimdən (ə.s.) gələn mübarək bir ibadətdir, uca dinimiz də bu ibadəti yerinə yetirməyi əmr edir bizə.
Yaxşı olar ki, qurban əti üç yerə bölünsün. Bir hissəsi qonum-qonşuya paylansın, bir hissəsi dəvət olunmuş qonaqlar üçün bişirilsin, üçüncü hissəsi də ailə üçün ayrılsın.
Bir dəfə Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) evə gəlib, Həzrəti Aişədən (r.a.) qurban ətini necə payladığını soruşur. Həzrəti Aişə (r.a.) belə cavab verir: “Ya Rəsulullah, üçdə ikisini qonşulara payladım, üçdə biri bizə qaldı“. Rəsulullah təbəssüm edir və belə cavab verir: “Xeyr, ya Aişə, üçdə ikisi bizə qaldı“. Rəsulullah bu cavabında əslində evdə qalanın yox, qonşulara paylananın onların olduğunu bildirir.
Bəli, qurban kəsmək, həm də bu ibadəti Allah rizası üçün yerinə yetirmək imkanı olan hər bir müsəlmanın borcudur. Qurani-Kərimdə, hədisi-şəriflərdə bu ibadətin qazandırdığı maddi-mənəvi gözəlliklər, könül xoşluğu haqqında kifayət qədər müjdələr var. O da bildirilir ki, Allahın qurbanın nə ətinə, nə də qanına ehtiyacı var və qurbanın qanı yerə düşməmiş İlahi Dərgaha yetişir… Bir qədər əvvəl qurban kəsməyin faydalarından bəhs etdik. İndi isə demək istəyirik ki, imkanı olduğu halda qurban kəsməyənlər haqqında da Peyğəmbərimiz (s.ə.s.) xoş aqibət vəd etmir. Ona görə də inanırıq ki, imkanı olan qardaş-bacılarımız bu ibadətdən geri qalmayacaqlar. Bir məqama da toxunaq, əgər Allah qatında öz dəyərinin nə olduğunu bilmək istəyirsənsə, dön qəlbinə bax və gör ki, sən Allahın əmrlərini nə qədər yerinə yetirirsən, ürəyində Ona nə qədər yer ayırmısan. Əgər biz Uca Rəbbimizin əmrlərini layiqincə yerinə yetirə bilsək, dünyamız güllü-gülüstana çevrilər.
Könlünüzə əsl bayram coşqusu, bayram təravəti arzulayırıq…

9 ŞƏRH

  1. QURBAN BAYRAMI sevinmekle beraber , esl sevindirende bayram olur.keseceyiniz qurbanlarin cox az hissesini ozunuze saxlayin……

  2. Amin Allah haminin qurbanin qebul etsin hamiya saf urekle temiz niyyetle qurban kesmeyi qismet elesin

  3. ALLAH HAMININ URAYINDAKI NIYYATLARIN QABUL ETSIN DEYILAN QURBANLARI ISBATA KECSIN INWALLAH ,ILAHI AMIN.

  4. Allah her kəsə qismət elesin.Allah butun kəsilən Qurbanları qebul etsin.

  5. ILAHI AMIN OGUN OLSUN BUTUN AZERBAYCAN QARABAGI QAYTARMAQ WERAFINA QURBANLAR KESSIN AMIN ALLAH

  6. Salam Nicat bey.Yaziya gore tesekkurler.Allah bizi haqq yolundan ayirmasin insallah.

Comments are closed.