12 NOYABR – H. ZƏRDABİNİN DOĞUM, 28 NOYABR – ANIM GÜNLƏRİDİR
TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV
Zərdab, 25 aprel 1882-ci il. Bu gün artıq 5 gündür ki, biz zərdablılar qorxu və yarımühasirə vəziyyətindəyik. 2 il bundan qabaq Şuşa həbsxanasından qaçaraq Qaradolaq köçərilərindən olan bəylərin himayəsində yaşayan Şuşa qəzasının Qaradolaq sakini Əli Xidır oğlu bizim diyarı tərk edərək İrana keçmək qərarına gəlib və səfərqabağı camaatdan xərac toplayır. 6-7 nəfərdən ibarət, Pibodı tüfəngləri ilə silahlanmış atlı dəstə Zərdabın yaşayış məntəqələrinin qarşısında—Kürün o üzündə dayanaraq, sakinləri çağırtdırır və hər kəsdən hamının bildiyi məbləğdə pul tələb edir; kim ki, bu tələbi yerinə yetirmir, o şəxsi tezliklə baş verəcək ölüm təhlükəsi gözləyir. Camaat qorxu içindədir və son tikələrini və qəpik-quruşlarını da aparıb bu quldura verirlər və həmin quldur dəstə bu yolla İsaqbağı camaatından 110 rubl, Molla-Nuri camaatından 30 rubl və s. yığa bilib. Gəndəbil kəndinə xərac vermək üçün təyin edilən möhlət bu gün bitir. Bundan başqa, ayrı-ayrı şəxslərə, varlı kəndlilərə də ayrıca xərac təyin olunur. Məsələn, İslamdan 400 rubl, başqa birisindən–Əsəddən 100 rubl, Molla Xəlildən atını və 150 rubl pul alıblar və s. Bu xəracları almaq məqsədilə Əli Xidır oğlu Kürün Şuşa sahillərində vurnuxur və heç kəsə rəhm etmədən hamını vicdansızcasına, amansızlıqla qarət edir.
İndi işlərin qızğın vaxtıdır – ipəkqurdu bəslənən aydır, Əli isə Kürün o üzündə bağı olanların hamısına elan edib ki, hər kəs baramaqurdu bəslədiyi hər bir dəyəyə – kümxanaya görə ona 50 rubl verməlidir; o ayrı-ayrı işçiləri tutaraq, girov saxlayır və azad edilmələri üçün hər adama görə 5, 10, 50 rubl pul tələb edir. Bütün bunlar barədə rəhbərliyə 3 gün bundan qabaq raport göndərilib, lakin hələ ki, heç bir tədbir görülməyib.
Dünən axşam həmin dəstə Kür çayından bərə ilə bizim tərəfə üzüb keçən dəvə karvanına hücum edib və dəvəçilərdən 100 rubl tələb edib. Dəvəçilər də kömək üçün bizə müraciət etdilər və yalnız bizim tərəfdən atəş açılandan sonra bu banda karvanı sakit buraxdı.
Zərdablıların hamısının evləri Kürün sahili boyunca tikilib, qarşı tərəfdəki sahil isə başdan-başa meşə və bağdır, hətta gündüzlər evdən çıxmağa qorxursan ki, birdən o taydakı başkəsənlərin gülləsinə tuş gələrsən.
Görəsən, bizə kimsə kömək duracaqmı? Bunu bilmirik, amma biz özümüzü tam müdafiə etmək gücündə də deyilik: bizdəkilər yerli, gülləsi Kürün heç ortasına da çatmayan tatar tüfəngləridir, quldurlar isə mənim əvvəl də dediyim kimi, Pibodı sistemli çox gözəl tüfənglərlə silahlanmışlar.
HƏSƏN BƏY, «Kaspi» qəzeti, №50, 5 may 1882-ci il.