Azərbaycanın tanınmış şairəsi Nurəngiz Gündən şeirlər

3
96
Nurəngiz xanım, həyat yoldaşı və balaca Jalə…

Azərbaycanın tanınmış şairəsi Nurəngiz Gün 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan Nurəngiz Gün Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan  Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata “Tanrı” povesti ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə – Türkiyədə, Estoniyada, Özbəkistanda, İranda, İraqda, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb. Öz əsrarəngiz şeirləri ilə  ilğımlı sevgiləri xatırladan, poeziyası azadlıq, ümid, kədər və məhəbbət ətrinə bələnən şairənin poeziya bağçasından seçilən əlvan çələngi təqdim edirik. Məlumat üçün bildirək ki, Nurəngiz xanımın həyat yoldaşı əslən Zərdab rayonundan olub. Nurəngiz xanım Zərdab rayonundan millət vəkili Jalə Əliyevanın anasıdır.

Nurəngiz Gün

Yol gedirəm

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı…
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir… varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim…
Yol gedirəm, yol olanadək.
1984

Ağlama, Zaur, ağlama

(Əvəzsiz sənətkarımız, respublikanın Xalq artisti Fuad Poladova, “Təhminə və Zaur” pyesindən aldığım təəssüratla)

… Firəngiz neyləsin?
Gümüş tabut kimi ömür edir, gümüş pillələr.
Firəngizin dünyası məlum –
Zəncir hasar arxasında gümüş yuxular.
Zaurun başında başqa qayğı var…
Firəngizin əlləri çatmaz,
yatır ürəyində ölü qorxular;
Gözəl Zaur – özgə tikəsi!
Zaur daş pillələrdə əsrin müti məlaikəsi!
Zaur birdən daş qapını aça bilər,
Zaur birdən baş götürüb yol uzunu,
yollar boyu qaça bilər.
Zaurun çəpəri çarpaz çəkilib. Bu sədd qayım olmalı.
Əsir düşmüş Zaur bu gün. O qız sayıq olmalı!
Zaurun qandalı əllərindədir –
Zaurun ürəyini budağından üzəcəkdir.
Tapıbdır haqqın yolunu. “Hə. Yox. Yaxşı.”
Zor məsələ. Zaur buna alışacaq, dözəcəkdir!
Zaur bu göl, bu ölü  sular… içrə su zambağı!
Büllur ləçəkləri çirklənəcək.
Zaur dev yuxusunda. Bir gecə…
Yuxuları çiliklənəcək.
Ayılınca,
O sahilə bir daha harayı yetməyəcək!..
Gölün üstü örtülüdür. Bu tərəfdə,
Günahlar örtük altında. Bilinməyəcək.
Gizli-gizli, hər şey gizli.
Ah, yazıq Təhminə!
Təkcə sənin tüstün… bəlli! –
Qorxdu, çəkildi Zaur –
Aydan arı, sudan duru “bəyazları”…
Zəhərləyə bilərdi, Təhminənin tüstüsü,
O gölün çirkablarını
Ləkələyə bilərdi, Təhminə qüssələri!..
Mərhəmətlər içindəymiş Təhminə.
Mərhəmətlər dünyasından qəfil qopdu Təhminə.
Qeyb oldu, qəfil uçdu, qəfil köçdü,
Bulud oldu, su oldu,
buludlara hopdu Təhminə! Zaur!..
…Təhminənin rəsmi göy üzündədi.
Ala gözlər alacalanıb.
Baxır, baxır, hey baxır, yer üzünü seçə bilməyir.
Kirpikləri teyxa qarmış!.. Göy üzü  hüzündədi…
Göy üzü qəlbidi. Göy bizdən hündürdədi!
Endir Zaur, endir qolların göydən aşağı,
Ağlama daha, ağlama!
Çayxana müdiri fin aboyu gətirdi,
Sənin kədərini anlamayacaq. Fərqində deyil.
Fərqində deyil
Nə ellər, nə də sellər! –
Təkcə Təhminə  üşüyür!.. Bax, yaxşı bax,
uçur mərtəbəsinə,
Qanadında sənin inci yaşların… Uçur qübbəyə sarı.
Qanadını eşq yandırır, sinəsində ağrı vardır.
Bax, yaxşı bax, saçları sozalıb, ayaz vurub, don vurub,
rəngi ağappaq ağarmış…
Alıb heysiz qanadlarına, aman Allah, səni də…
Səni də aparırmış!..
Ağlama, Zaur bala… ağlama daha, ağlama!
1985

Döydüm qapını

Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm var, bir bəmbəyaz gülüm var.
Qürbətdən gəlirdim.
Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
– Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq…
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox,
At gətirdim, həyat gətirərdim,
At ucalıqdır, həyat – qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.
1978

Boşluq

Bomboş bir səssizlik,
bomboş…
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!

3 ŞƏRH

  1. ALLAH ömur versin Nurengiz xanima! Onun seirlerini oxuduqda insan duygusallasir ve dusunur. Cunki cox derin ve menali yazir… Menim yadimda Nurengiz xanimin musahibelerinin birinden bu sozleri qalib “Men 8 marti sevmirem, cunki bu bayram hemde gullerin qetliamidir…” Sonda ise Jale xanima ve onun gozel ovladi Mujgana xosbextlik, seadet dolu gunler arzu edirem!

Comments are closed.