www.zerdab.com saytı Prezident İlham Əliyevin Zərdab rayonuna səfəri zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun, rayon ictimaiyyətinin nümayəndələrinin çıxışını təqdim edir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun (ixtisarla) çıxışı: “
– Möhtərəm Prezident, hörmətli tədbir iştirakçıları.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Sizin rəhbərliyinizlə uğurla davam edir.
Möhtərəm cənab Prezident, bu gün açılışına toplaşdığımız Küllülü-Zərdab magistral su kəməri Sizin “Azərbaycan əhalisi 24 saat keyfiyyətli su almalıdır” tapşırığınızın icrası istiqamətində atılmış növbəti uğurlu addımdır.
Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, Zərdab şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1980-ci illərin əvvəllərində yaradılmışdır. Şəhərin təxminən yarısını əhatə edən şəbəkə artıq istismar müddətini başa vurmuşdur. Mərkəzləşdirilmiş şəbəkə olmadığından Zərdab şəhərinin əhalisinin yarısı suya olan tələbatını fərdi qaydada ödəyir. Şəhərdə kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur.
Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə tikinti işlərinə təxminən bir il əvvəl başlanılmışdır. Layihə çərçivəsində Küllülü mənbəyində sugötürücü qurğu tikilmiş və buradan Zərdab şəhərinə 72 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Bu müddətdə magistral kəmərlə yanaşı, şəhərdaxili şəbəkənin tikintisi də aparılmışdır. İndiyə qədər Zərdab şəhərində 28 kilometr su xətləri, 12 kilometr kanalizasiya xətləri tikilmişdir. Layihənin icrası nəticəsində Zərdab şəhəri və rayonun 15 kəndində yaşayan 36 min əhalinin içməli su problemi birdəfəlik həll olunacaqdır.
Qeyd edim ki, ilkin layihədə çirkab sularının kənarlaşdırılması üçün 7 nasos stansiyasının inşası nəzərdə tutulmuşdu. İntensiv yağıntılar zamanı nasosxanalar şəbəkəyə toplanan suları kənarlaşdıra bilmir və nəticədə kanalizasiya sisteminin işi pozula bilərdi. Bu amilləri nəzərə alaraq çirkab, yağış və yeraltı suların birgə idarə olunması əsas götürülməklə layihəyə dəyişikliklər edilmişdir. Zərdab şəhərinin kanalizasiya şəbəkəsi layihəsində nasos stansiyaları ləğv edilmiş, əvəzində özüaxımlı mikrotunellərin tikintisi variantına üstünlük verilmişdir. Bu sistem çirkab suların optimal idarəolunması ilə yanaşı, gələcəkdə yağış və drenaj şəbəkəsinin tikintisi üçün də etibarlı kommunikasiya rolunu oynayacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm”.
Zərdab şəhər 1 nömrəli məktəb-liseyin müəllimi, “Tərəqqi” medalı ilə təltif olunmuş Firuzə Qocayeva:
– Möhtərəm cənab Prezident, bu gün biz zərdablılar üçün çox sevimli bir gündür. Siz bu gün zərdablılara insan həyatı üçün əvəzsiz olan bir nemət – təmiz su bəxş edirsiniz. İcazə verin rayonumuzun bütün sakinlərinin dərin minnətdarlığını və səmimi təşəkkürlərini Sizə çatdırım.
Həyatımızda təmiz suyun necə böyük əhəmiyyət kəsb etdiyini hamımız yaxşı bilirik. Biz zərdablılar həmişə təmiz sudan korluq çəkmişik. Daim Kür çayının bulanıq və çirkli suyundan istifadə etməyə məcbur olmuşuq. Bu da bizim sağlamlığımıza, həyat şəraitimizə öz mənfi təsirini göstərirdi. Uzun illər idi ki, biz təmiz su həsrəti ilə yaşayırdıq. Bu gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza çatdırmısınız. Tapşırığınızla qısa müddətdə Ağsu rayonundan, uzaq məsafədən Zərdaba bulaq suyu çəkilmişdir. Bu, zərdablılar üçün son 100 ildə ən böyük bir hadisədir. İndi təmiz sudan rayon əhalisinin yarısından çoxu istifadə edəcəkdir. Yeni çəkilmiş bu su xətti Sizin zərdablılara verdiyiniz böyük bir töhfədir. Bu Sizin sakinlərimizin sağlam yaşamasına, ümumiyyətlə, insan amilinə necə yüksək diqqət yetirməyinizin və önəm verməyinizin bariz bir nümunəsidir.
Möhtərəm cənab Prezident, Siz həmişə insanların qayğıları ilə yaşayırsınız. Harada bir problem, çətinlik görürsünüzsə, həmin anda onu aradan qaldırırsınız. Sizin həyata keçirdiyiniz bütün tədbirlər bizim yaxşı, firavan yaşamağımıza, rifah halımızın yüksəlməsinə xidmət edir. Siz həm də bizim təhlükəsizliyimizin qarantısınız. Bütün Azərbaycan xalqı kimi, biz zərdablılar da bunu hər zaman hiss edir və daim Sizə arxalanırıq.
Mən şahidi olduğum bir məsələni demək istəyirəm ki, 1978-ci ildə ulu öndərimiz Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və zərdablıları Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən xilas etmisiniz. Sakinlərimiz o çətin günlərdə dövlətin gücünü və onun rəhbərinin qayğısını bir daha gördülər. Sizin bir çağırışınızla bütün ölkə ayağa qalxmışdı. Doğrudan da heç bir neçə ay keçmədi ki, bütün fəlakət bölgəsində olduğu kimi, Zərdabda da zərər çəkmiş ailələr üçün yeni qəsəbə salındı, sosial obyektlər inşa edildi, insanlara maddi kömək göstərildi. Zərdablılar bütün bunlara görə bir daha Sizə öz dərin minnətdarlıqlarını bildirirlər.
Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bu gün Zərdab rayonunda çoxlu işlər görülür, insanları narahat edən problemlər aradan qaldırılır. Şəhərimiz tamamilə qazlaşdırılıb, kəndlərimizə yeni qaz xətləri çəkilir, yollarımız asfaltlanır, yeni təhsil obyektləri tikilib istifadəyə verilir. Yeri gəlmişkən, mən burada bir məsələni də qeyd etmək istərdim ki, son illərdə təhsilimizə göstərdiyiniz qayğı xüsusilə yaddaqalandır. Rayonumuzda təkcə son 3 ildə 13 məktəb binası tikilib istifadəyə verilmiş, 3 məktəb binası hazırda inşa edilməkdədir. Məlumat üçün bildirmək istəyirəm ki, ötən əsrin 80-ci illərindən son dövrlərə qədər isə cəmi 3 məktəb binası tikilmişdi.
Cənab Prezident, şəhərimiz də gündən-günə gözəlləşir, hər tərəfdə geniş abadlıq-quruculuq işləri aparılır, sakinlərimizin istirahəti üçün hər cür şərait yaradılır. Bu gün açılışını etdiyiniz Heydər Əliyev və Gənclər mərkəzləri isə bütün rayon sakinlərinə, xüsusən də gənclərimizə ən böyük hədiyyədir.
Bütün bunlar Sizin və Sizinlə çiyin-çiyinə çalışan çox hörmətli Mehriban xanım Əliyevanın rayonumuza, biz zərdablılara göstərdiyiniz yüksək diqqət nəticəsində həyata keçirilən çoxsaylı tədbirlərdəndir.
Cənab Prezident, bizim yaxşı və firavan yaşayışımız üçün gördüyünüz bütün bu həyati əhəmiyyətli işlərə görə Sizə bir daha bütün Zərdab sakinlərinin dərin minnətdarlığını bildirir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ömrünüz su qədər uzun olsun. Allah Sizi qorusun.
Diqqətinizə görə çox sağ olun”.
Sonra dövlət başçısı veteranlarla görüşdü.
VETERAN: Cənab Prezident, Zərdaba xoş gəlmisiniz! Siz həm bizim Prezidentimiz, həm də zərdablısınız. Mən bunu səmimi deyirəm. Mən yaxşı xatırlayıram, vaxtilə bura şoran torpaq idi, burada heç nə yox idi. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət etsin! Onun qarşısında baş əyirəm. 1978-ci ildə mən ulu öndərimizlə görüşmüşəm. Mənim əməyimi o, mükafatlandırdı.
Mən xoşbəxtəm. Beşinci dəfədir Sizinlə görüşürəm. Axırıncı dəfə “Bibiheybət” məscidinin açılışında görüşmüşük.
Bu yaxınlarda Mərdəkana getmişdim. Siz oraya açılışa gəlmişdiniz. Nələr yaradılıb orada?! Biz Sizə minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Siz bizim gözəl, sadə Prezidentimizsiniz. Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
VETERAN: Keçən il mayın 6-da Sizin buraya gəlişiniz bizim üçün çox uğurlu, gözəl gün oldu. İnanın, biz Sizi görəndə elə bilirik ki, bütün dünyanı bizə bəxş edirsiniz. Sizin 155 dövlət tərəfindən dəstək almağınız, cənab Prezident, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına verilən qiymətdir. Keçən il öz əllərinizlə mənə verdiyiniz “Tərəqqi” medalına görə Sizə minnətdarlıq edirəm.
Mən əzizimiz Mehriban xanıma, Leyla xanıma da Allahdan cansağlığı arzulayıram. Çünki onlar da Azərbaycanın bütün dünyada tanıdılmasında böyük işlər görürlər.
Veteranlara təşəkkür edən Prezident İlham Əliyev onlarla xatirə şəkli çəkdirdi.
Prezidentin cixisini niye vermemisiniz?Qorxmaz muellimden qabaq o cixish edir axi
4gun zerdaba giriwin bagli olmasinin sebebi prezidentin geliwi imiw demek
Comments are closed.