Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində Zərdab rayonunda oldu. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Daha sonra Prezident İlham Əliyev Zərdabda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısı mərkəzin açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir. Bildirildi ki, Heydər Əliyev Mərkəzinin inşasına 2010-cu ildə başlanılıb. Mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 9 fotoguşə yaradılıb. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulub. Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, kompyuterlərlə təchiz olunan konfrans zalı və ən müasir avadanlığın quraşdırıldığı xidməti otaqlar var. Heydər Əliyev Mərkəzində müasir üslubda linqafon, fotostudiya və tədris otaqları yaradılıb. Şagirdlərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən xarici dillərdə nəşrlərə də geniş yer verilib. Birinci mərtəbədə xalçaçılıq, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin qonaqları burada yaradılan imkanlardan istifadə etməklə dahi Heydər Əliyevin siyasi irsi ilə yaxından tanış ola biləcəklər. Kitabxanada ulu öndər Heydər Əliyevə, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevə həsr olunan kitablar, jurnallar, qəzetlər və müxtəlif nəşrlər yer alıb. Qeyd olundu ki, mərkəzdə 150 nəfərlik akt zalı, respublika və rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da var. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə beynəlxalq konfransların keçirilməsi də mümkündür.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında da iştirak etdi. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti binada aparılmış tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı.
Bildirildi ki, Heydər Əliyev parkında yerləşən binanın tikintisinə cari ilin mayında başlanılmışdı. Sahəsi 451 kvadratmetr olan ikimərtəbəli yeni inzibati binanın ətrafında yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi qurulub. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab rayonuna səfərlərini əks etdirən fotolar yer alıb. Ümumilikdə inzibati bina 6 otaqdan və konfrans zalından ibarətdir. Zalda respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Qeyd olundu ki, yeni binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Binada müasir havalandırma sistemi quraşdırılıb.
Vurğulandı ki, YAP Zərdab rayon təşkilatı 1993-cü il avqustun 14-də təsis olunub. Hazırda 5 min 400 üzvü olan qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 37 faizini, qadınlar isə 44 faizini təşkil edirlər.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Oktyabrın 7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında da iştirak etdi. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılıb. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr var.
Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin iyulunda başlanılıb. Birmərtəbəli binanın ümumu sahəsi 615,5 kvadratmetrdir. Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 11 may tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına aparılıb. Bütün lazımi avadanlıqla təchiz edilən on otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə vaxtlarını maraqlı keçirə bilərlər. Kinozalda müxtəlif filmlərin nümayişi nəzərdə tutulur. Burada ayrıca kompyuter otağı da var. Bütün kompyuterlər sürətli internetə qoşulub. Mərkəzdə kompyuter, dərzilik kursları musiqi dərnəkləri təşkil olunacaq. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanış oldu. Dövlət başcısı Küllülü-Kürdəmir-Ucar su kəmərinin planı və tikintisi prosesini əks etdirən stendlə tanış oldu.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Küllülü su mənbəyinin texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin tikinti işlərinə cari ilin avqustunda başlanılıb. Kəmərin istifadəyə verilməsi ilə 157 min nəfərin su problemi həll olunacaq.
Qeyd olundu ki, kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcək. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulur. Hazırda Heydər Əliyev parkında tikilən şəlalə rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir.
Dövlətimizin başçısı suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.
Diqqətə çatdırıldı ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsində içməli su mənbəyi kimi Kür çayı qəbul edilsə də, aparılan araşdırmalardan və texniki iqtisadi əsaslandırmadan sonra rayon mərkəzi ilə yanaşı, kəndlərin də içməli su ilə təmin olunması üçün keyfiyyətli və bol ehtiyatlara malik Küllülü mənbəyinə üstünlük verilib. Layihəyə uyğun olaraq Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsinin yaxınlığındakı Küllülüdə sugötürücü drenaj sistemi tikilib və buradan Zərdab şəhərinə magistral su kəməri çəkilib. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi istiqamətində tədbirlər görülür. Layihə çərçivəsində magistral kəmərin keçdiyi ərazilərdə yerləşən və əhalisinin sayı 18 min nəfərdən çox olan 15 kəndə də su veriləcək. Ümumilikdə layihə 2035-ci ilə qədər perspektiv inkişaf və əhalinin artımı nəzərə alınmaqla hazırlanıb. Bu kəmərlə istehlakçılara sutkada 8 min kubmetr su veriləcək. Bununla yanaşı, şəhər daxilində müxtəlif diametrli 68 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi və 52 kilometrlik kanalizasiya şəbəkəsi yaradılacaq. Hazırda həmin ərazidə tikinti işləri davam etdirilir. “Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə işlərin 2013-cü ilin sentyabrınadək yekunlaşdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev Zərdab su kəmərini işə salandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Sonra dövlətimizin başçısı Heydər Əliyev parkındakı “Veteranlar evi”ndə yaradılan şəraitlə tanış oldu.
Zərdab rayonunda görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Onu da qeyd etməyi unutmayin ki, – – – – – – “Natiq” şadlıq sarayında toy məclisi saat yarım ləngidi.
Allah Prezidentimizin canin sağ elesin
Comments are closed.