Qoruqbağı kəndinin sakini: “Sevinirəm, çünki evimi el tikib”

1
65

Həkim dünyanın harasına getsə, həkimdir. Biz jurnalistlər də hara gediriksə, oradan maraqlı mövzular çıxarmağa çalışırıq. Zərdaba yola düşəndə mən də özümə görə mövzular müəyyənləşdirdim ki, geri dönəndə əliboş, daha doğrusu, yazısız qayıtmayım. Amma iş elə gətirdi ki, düşündüklərimin heç biri alınmadı. Görüşməyi, söhbətləşməyi nəzərdə tutduğum şəxslərdən kimisi başqa yerdə idi, kimisi də bayramdan sonra görüşməyi təklif edirdi. Hər şeydən əlimi üzməyə başlamışdım ki, dedilər Həbilə ana gəlib, səni axtarır. Məlumat üçün qeyd edim ki, Həbilə İsmayılova Zərdab rayonunun Qoruqbağı kəndinin sakinidir və ötən il noyabr ayının 6-da elektrik naqillərində qısaqapanma nəticəsində 1 mərtəbəli 5 otaqlı evi əşyaları ilə birgə tamamilə yanıb külə dönmüşdü. Həbilə xalanın məni axtardığını eşidəndə düşündüm ki, yəqin nədənsə narazıdır, hansısa problemi var. Amma sən demə, yanılırammış…

Həbilə ana məni evinə dəvət etdi. Həyətə girəndə gözlərimə inanmadım. Yanıb külə dönmüş evin yerində yeni, daha gözəl bir ev vardı. Təəccübləndiyimi görən həmsöhbətim: “Səni buna görə çağırmışam, ay oğul, istəyirəm qəzetiniz vasitəsilə kənd camaatımıza, bizdən yardımını əsirgəməyən xeyirxah insanlara təşəkkürümü bildirim. İstəyirəm, insanlar bilsinlər ki, yaxşı əməllər, adət-ənənələr hələ də yaşayır”,-dedi.

Çoxları onun evsiz qalacağını düşünürdü…

Söhbətə keçməmişdən öncə onu da qeyd edim ki, Həbilə ananın evi əşyaları ilə birgə yanıb külə dönən vaxt çoxları onun evsiz qalacağını düşünürdü. Bu isə səbəbsiz deyildi. Çünki Həbilə ananın həyat yoldaşı Rasim İsmayılov 20 il öncə dünyasını dəyişib. Üç körpəsi ilə tənha qalan Həbilə ana əzab-əziyyətlərə qatlaşaraq onları böyüdüb, boya-başa çatdırıb. Elə indi də dolanışığı o qədər də yaxşı deyil.

Deyir, evinin yanması, illərin əzab-əziyyəti hesabına qızlarının cehizliyi üçün yığdığı əşyaların yanıb külə dönməsi onu o qədər də narahat etmir. Əsas odur ki, balalarına, nəvələrinə heç nə olmayıb: “Hadisə baş verən gün otaqlardan biri alov içərisində idi. Amma digər otaqlara od hələ keçməmişdi. Elə bil mənə nəsə olmuşdu, heç nəyə əlimi vura bilmirdim. Yoxsa, o biri otaqlardakı əşyaları daşıyıb çölə tökərdim. Həmin an düşünürdüm ki, yəni bu boyda ev yanar? Ancaq heç yarım saat çəkmədi, evim yanıb külə döndü”.

“Hərə bir şey verdi, hərə bir cür köməklik göstərdi”

Evi yanandan sonra Həbilə İsmayılova bir çox yerlərə müraciət edib. Lakin ona deyiblər ki, sığortası olmadığı üçün köməklik göstərilməsi mümkün deyil: “Bir müddət qohum-qonşunun evində yaşadıq. Yeməyə belə heç nəyimiz yox i di, kim nə verirdisə onunla dolanırdıq. Sonra bir gün kəndin ağsaqqalları, başbilənləri bir yerə toplaşıb belə qərara gəldilər ki, bizə ev tiksinlər”.

Evində olan-qalan qızıllarının, pullarının yandığını bildirən həmsöhbətimiz: “Yanğın yerini nə qədər axtarsaq da qızılları tapa bilmədik. Odur ki, ümidimizi lap itirmişdik. Amma camaat sağ olsun, əlimizi ağdan-qaraya vurmağa qoymadılar, hərə bir şey verdi, hərə bir cür köməklik göstərdi”, – dedi. Kənddəki ustaların növbə ilə onun həyətində pulsuz işlədiklərini, evin inşasında istifadə olunan materialların isə camaat tərəfindən alındığını söylədi Həbilə ana: “Təqribən bir ayın içərisində ev hazır oldu. Hazır olandan sonra camaat stol-stuldan tutmuş, qab-qacağadək hər şey bağışladı. İndi Allaha şükür, evimizdə, demək olar, hər şeyimiz var”. Həbilə ana kənd ağsaqqallarının zəngindən sonra Ukraynada yaşayan, oraya iş dalınca gedən həmkəndlilərinin də ona maddi yardım göstərdiklərini söylədi: “Beləcə, bir də gördük ki, ev hazır vəziyyətə gətirilib. İndi bəzi xırda-para işlər var ki, onlar görülməlidir. İnşallah, yaxın vaxtlarda onlar da başa çatar”.

“İnsanları ruhdan salmasınlar”

Söhbət əsnasında Həbilə ana dedi ki, onu bizimlə söhbətləşməyə vadar edən digər məqam telekanallarda efirə gedən ailə münaqişələri ilə bağlı verilişlərdir: “Hansı kanalı açırsan ailə münaqişələrini göstərirlər, insanı dəhşətə gətirən, xoş olmayan məlumatları bizə təqdim edirlər. Kənardan baxanda fikirləşirsən ki, görəsən bura hansı məmləkətdir, bəlkə heç Azərbaycanda yaşamırıq? İnsanları bu qədər ruhdan salmaq, sındırmaq olmaz. Biz azdan-çoxdan yaşamışıq, bəs yetişən gənclik bunlara baxıb nə öyrənəcək? Axı ölkəmizdə gözəl adət-ənənələr, hələ də yaşayır. Belə şeylərdən yazmaq, danışmaq lazımdır ki, gənclər nümunə götürsünlər, insanlarımızın ürəkləri açılsın, könülləri xoş olsun. Axı nə vaxtadək çığır-bağır olar?”

“Sevinməli, qürurlanmalı əməllərimiz çoxdur”

Həbilə ana ilə söhbətimizin şirin yerində darvazanın açıldığını gördük. İçi ərzaqla, qab-qacaqla və evdə gündəlik istifadə olunan digər əşyalarla dolu maşın ağır-ağır həyətə daxil oldu. Maşının sürücüsü ilə qısa söhbətdən sonra Həbilə xalanın kürəkəni Rahib xəbər gətirdi ki, bunları rayonumuzda hamının Füzuli baba kimi tanıdığı iş adamı göndərib. Qeyd edim ki, Füzuli baba seyid olduğu üçün hamı ona belə müraciət edir. Beləcə, Həbilə ana ilə sağollaşıb ondan ayrıldım. Yol boyu içimdə sevinc dolu qəribə hisslər baş qaldırdı. Deməli, sevinməli, qürurlanmalı əməllərimiz hələ çoxdur. Sadəcə, onları tapıb ortaya çıxarmaq, onları insanlarımıza çatdırmaq lazımdır…

1 comment

Comments are closed.