12 NOYABR – H. ZƏRDABİNİN DOĞUM, 28 NOYABR – ANIM GÜNLƏRİDİR
Məlum olduğu kimi, 1877-ci ildə «Əkinçi» qəzeti bağlandı, qəzetin redaktoru və Bakı gimnaziyasının müəllimi Həsən bəy Məlikzadə Zərdabinin Bakıdan sürgün olunması qərara alındı. Yekaterinador (Krasnodar) və ya Kutaisi şəhərlərinə sürgün edilərək oralarda müəllim işləmək qərarı ilə üzləşən Zərdabiyə güzəşt olaraq sürgün doğma Zərdabla əvəz olundu. Zərdabda yaşadığı həmin 16 ildə Həsən bəy Bakıda və Rusiyanın müxtəlif şəhərlərində çıxan qəzetlərə saysız-hesabsız məqalələr göndərdi. Bu məqalələri çox yüksək dəyərləndirən Sankt-Peterburqdakı «Kənd təsərrüfatı» nəşri Zərdabini yüksək məvaciblə və hər cür yaşayış şəraiti yaratmaqla işə dəvət etdi. Lakin Azərbaycanı və doğma xalqını çox sevən Həsən bəy bu cür təkliflərdən imtina etdi.
Bu gündən etibarən H. Zərdabinin 1881-1896-cı illərdə Bakıda çıxan «Kaspi» qəzetinə Zərdabdan göndərdiyi və «Zərdabdan məktublar» başlığı altında dərc olunan məqalələrini yazıldığı rus dilindən tərcümə edərək diqqətinizə çatdırırıq.
Zərdabdan. Qələmi əlimə götürüb buradakı əhalinin dolanışığı barədə sizə yazmaq istəyəndə hər şeydən əvvəl məhkəmələr üzərində dayandım, bu ona görə deyil ki, mən məhkəmələrə xüsusi şəxsi düşmənçilik və ya rəğbət bəsləyirəm. Əsas səbəb budur ki, mən biləni, əhalinin rahatlığı birbaşa ədalət məhkəməsinin öz işini necə icra etməsindən asılıdır.
Hər şeydən əvvəl Zərdab kəndinin məhkəmələr olan ərazidən hansı məsafədə olduğunu deyim. Zərdab kəndi Kür çayının sahilində 55 verstə qədər uzunluğu olan ərazidir, Göyçay qəzasının kəndidir, yerli Göyçay barışıq məhkəməsinin olduğu Göyçayın özündən 55-60 verst məsafədə yerləşir. Sonra, Şuşa qəzasının qonşu Xankəndi kəndinə ki, Şuşa barışıq məhkəməsi gəlib-gedir, Zərdabdan Xankəndiyə azı 60-70 verst məsafə var. Ərəş qəzasının – Ağdaşın məhkəməsi ilə Zərdabın arasında 65 verst, Cavad qəzası barışıq məhkəməsinin yerləşdiyi Qalaqaynıdan 150 verst, nəhayət, Şamaxı barışıq məhkəməsinin iqamətgahı yerləşən Kürdəmirdən Zərdab kəndinə 60-65 verst məsafə var. Məsələ burasındadır ki, bizim zərdablıların bağ və torpaqlarının müəyyən hissəsi Kürün sağ sahilində – o biri tayda yerləşir, o sahillərin isə bir hissəsi Şuşa, bir hissəsi Cavad qəzasının tərkibindədir.
Zərdab kəndinin bu vəziyyəti, məhkəmələrdən nə qədər məsafədə yerləşməsi haqqında bu məlumatım yəqin ki, Zərdab camaatının məhkəmələrlə əlaqədar hansı vəziyyətdə olması barədə təsəvvür yaradır. Əslində düzünə qalsa bizdə heç məhkəmə yoxdur və ola da bilməz. Yalnız nadir hallarda bizim kəndlilər o məhkəmələrə getmək qərarına gəlirlər və bunun üçün azı 2 gün sərf edirlər, 2 gün isə kəndli üçün böyük vaxtdır. Əgər bura başqa çətinlikləri də əlavə etsək onda aydın olar ki, biz ümumiyyətlə, məhkəmələrsiz yaşayırıq, halbuki bütün Rusiyada ədalət məhkəməsi hökm edir, özü də hamıya eyni gözlə baxan məhkəmə. Biz isə ədalət məhkəməsini tanımırıq. Dediklərimi misallarla izah etməyə çalışacağam…
Misal üçün, deyək ki, mənim mal-qaramı oğurladılar, özü də tutaq ki, şahidlər də var, oğurluq günün günortaçağı, qonşularımın gözünün qabağında baş verib, əlbəttə, indiki dövrdə belə şeylər olmur. Sonra, fərz edək ki, mən varlı kəndliyəm və atım var, hərçənd ki, belə kəndlilər tamam azdır. İşin təfərrüatını öyrənib tutaq ki, getdim ən yaxınlıqda olan Göyçay məhkəməsinə. Nə qədər çalışsam da mən Göyçaya axşamüstü çataram və məhkəməyə şikayət ərizəsini verməyim sabaha qalır. Səhəri gün hakim iclasını saat 10-da başlayır və mən nə qədər istəsəm də ərizəmi 12-dən tez verə bilməyəcəyəm, bundan sonra isə evə qayıtmaq istəsəm gecəyə düşərəm və məcburam ya Göyçayda, ya da yaxın kəndlərin birində gecələyəm. Beləliklə, mənə 3 gün lazımdır ki, məhkəməyə ərizə verəm. 2-3 aydan sonra bildiriş alıram ki, ev iş-gücünü 3 günlüyə buraxıb Göyçaya getməliyəm. Gedirəm və məlum olur ki, bildirişi alsa da mənim şikayət etdiyim müqəssir məhkəməyə gəlməyib, buna görə də işə baxılması təxirə salınır, mən qayıdıb yenə gözləməliyəm, ta 2-3 aydan sonra yenə bildiriş alıb Göyçaya gedirəm, yenə də günahkarın gəlmədiyi bəlli olur və deyirlər ki, o ya özü gəlməyib və yaxud ona bildiriş polis tərəfindən çatdırılıb və məhkəməyə gəlməsi tələb olunub, lakin həmin kəndin başçısı məlumat gətirib ki, hansısa ev işi ilə əlaqədar o kişi başqa yerə gedib…
Beləliklə, yenə iş təxirə salınır və mən Göyçaya bundan sonra ən azı bir dəfə getməliyəm, özü də bu dəfə şahidlərimi də aparmalıyam… Oxucunu yormayım deyə başıma gələn bu işin sonrasını təsvir etməyəcəyəm, lakin bircə şey əlavə edim ki, günahkar öz himayədarı olan kənd böyüyünün himayəsi ilə olsun ki, növbəti çağırışa da gəlməyəcək, fərz edək ki, lap ağır xəstələnməsi bəhanəsi ilə və ya tutaq ki, gələcək və məhkəmə ittiham hökmü verəcək, lakin o bu hökmdən apellyasiya şikayəti verməklə bu işi dairə məhkəməsinə keçirəcək.
Sonra, mən dəqiq ölçüb-biçərək 2 dəfə 2-nin 4 olduğunu sübut edən kimi, oğurlanmış heyvanımın – inəyimin və ya camışımın (kəlimin) 20-25 manat qiymətində olduğunu sübut edə bilsəm və məhkəmənin yekunu mənim xeyrimə olarsa, onda oğrudan məhkəmə ilə bağlı çəkdiyim xərclərdən xeyli az ödənc alacağam. Çünki dana və ya qoyun oğurluğuna 4-5 manat cərimə kəsmək məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Zərərçəkənin haqqının ödənilməsindən xəbərdar olmayan oxucularıma bildirim ki, mən zərərçəkmiş düşdüyüm ziyan barədə ittiham irəli sürə bilərəm, lakin qanuna görə mən ondan məhkəməyə gedib-gəlmək üçün çəkdiyim xərci ödəməsini məhkəmədə iddia edə bilmərəm. Zərdabdan Göyçaya at kirayələyib getməyə 4-5 manat ödəməlisən, mən isə öz işimin dalınca Göyçaya 3-4 dəfə getməliyəm və ən azı 1 dəfə də bizdən 120 verst aralıda yerləşən Şamaxıya da getməliyəm ki, oradakı dairə məhkəməsinin şöbəsi bizim apellyasiya işimizə baxsın…
Bir məsələni də deyim ki, güman edirdim ki, oğru, məsələn, mənim mal-qaramı aparan oğru daha oğurluq etməz, hərçənd ki, belə şey olmur və mən 2-3 il ki, onunla çəkişəcəyəm, o bu müddətdə nəinki mənim qalan heyvanlarımı, həm də şahidlərimin mal-qarasını oğurlayıb aparacaq, bax, elə buna görə də lap az adamlar şahidlik etməyə özlərində cəsarət tapırlar. Hələ bu harasıdır, müqəssir şəxs məhkəmənin bildirişini alan kimi dərhal başqa qəzalardakı oğru yoldaşlarına bu barədə xəbər çatdırır və onlar məhkəmədə mənə şahidlik edən şəxslərin guya onların mal-qarasını oğurladıqları barədə şikayət verərək öz oğru qardaşlarını şahid göstərirlər. Mən bilirəm ki, Zərdabın o sakinləri ki, guya başqa qəzalarda oğurluq ediblər deyə məhkəməyə verilirlər, o yazıqlar heç vaxt Göyçaydan o tərəfə getməyiblər, onları oğurluqda ittiham edərək məhkəməyə çağıran Xankəndi, Gorus, İrəvan, Quba və başqa yerləri heç zaman görməyiblər.
Mənə görə, mənim Göyçaya getməli olduğum yol qorxulu deyil, lakin olur ki, bu yolda da adamları qarət edib öldürürlər. Bax, bu saat, bu sətirləri yazdığım anda Kür çayının o tayında, mənim evimin qabağında, o yerdə ki, evimin qarşısında camaat bərəsi də var, hadisələr baş verir. Zərdab bərəsi ən çoxu 20-30 il olar işləyir. Bu bərə ilə Şuşaya neft aparan dəvəçilər minib o taya keçirlər. Bəylər, Şuşa qəzasının Qaradolaq köçəriləri dəyənək və xəncərlə dəvəçiləri hədələyərək, onların torpaqlarını basdıqlarına görə dəvəçilərdən haqq tələb edirlər, halbuki bu torpaq bizimdir, Zərdabındır və ən azı 30 ildir ki, heç bir şuşalı bu torpaqları özünün mülkiyyəti adlandırmır. Zərdab bərəsini icarə ilə işlədən şəxs belə vəziyyətdə qaradolaqlıların qorxusundan heç kəsin bərə ilə o taya keçməyəcəyini bilərək, məndən məsləhət istədi. Mən ona Xankəndi məhkəməsinə şikayət etməyi məsləhət gördüm. Bəs, bu kişi Xankəndiyə necə getsin? Axı, Kürün o üzündə – Zərdab sahili boyunca əks tərəfdə Qaradolaq köçləri yerləşir və həmin bəylər bu köçlərin olduğu bütün torpaqlara iddialıdırlar. Deyək ki, Kür sahili ilə 30 verst yuxarı gedərək Kerpikənddən keçib Xankəndiyə çatmaqla məhkəməyə ərizə vermək olar, bəs, məhkəmə işə baxmaq üçün təyin etdiyi vaxt bu kişi Xankəndiyə haradan keçib gedəcək? Axı, məhkəmənin təyin etdiyi gün qaradolaqlılara məlum olur, onlar isə bərəçinin ora getməsini istəmirlər.
Bizim torpaq və bağlarımızın bir hissəsinin Kürün o üzündə – Şuşa və Cavad qəzalarının ərazisində yerləşməsi də məhkəmələrin işini iflic edir. Bu əkin və bağların həmin qəzaların vəhşi köçəriləri tərəfindən mal-qaraya otarılıb məhv edilməsi həmişə cəzasız qalır, çünki öz həyatını və əmlakını itirməkdən qorxaraq Mil çöllərinin bu vəhşi, azğın oğulları barədə hər adam şikayət verməyə risk etmir. Bu cür anormal işlər bir çox hallarda belə qəribəliklər törədir: yayda bizim köçəri qonşularımız yaylaqlara yığışırlar, Zərdab sakinləri mal-qaraları ilə bərabər Kürün o tayına keçərək oradakı torpaqlarına köçürlər və əgər burada kimsə kiminsə malını oğurlasa, yaxud hansısa bir cinayət törətsə zərərçəkən yalnız Qalaqaynı və ya Xankəndi məhkəmələrinə şikayət verməlidir, baxmayaraq ki, şikayətçi də, müqəssir də Göyçay qəzasının sakinləridirlər.
Yəqin ki, oxucunun ağlına belə bir sual gələcək ki, bəs, zərdablılar məhkəmə olmadan necə yaşayırlar? Çox sadə, yəni onlar oğrunun kimliyini öyrənirlər, oğru isə oğurluq etdiyini heç gizlətmir də və malı oğurlananlar həmin oğruya minnətçi adamlar göndərirlər və öz heyvanlarını oğrulardan pul ödəməklə geri alırlar. Bu «gerialma» isə günün günorta çağı baş verir və oğurlanmış malın da qiyməti çoxdan müəyyənləşdirilib: inək və ya cöngəni geri almağa 10 rubl, camışı geri almağa isə 15 rubl verməlisən.
Mən bu məqaləmi yazıb qurtardım və elə onu konvertə qoymaq istəyirdim ki, böyük bir cinayət barədə xəbər gətirdilər. Cavad qəzasının bir neçə bölmədən ibarət olan Murtlı köçəriləri dağdan enərək, Zərdabın qarşısındakı torpaqlarda qışlamaq qərarına gəlmişlər. Murtlılarla nəyə görəsə düşmənçiliyi olan Cavad qəzasının Buludlu köçərilərindən 100 nəfər atlı yığışaraq, Pibodı markalı tüfənglərlə silahlanmış və Murtlıya hücum etmiş, onların bir neçə yüz başdan ibarət mal-qara sürülərinin hamısını qovub aparmışlar…
«KASPİ» QƏZETİ (№86), 15 NOYABR 1881-Cİ İL.
Zərdabinin Bakı Real Gimnaziyasındakı tələbələrindən biri də əslən Lənkərandan olan , sonralar alim-metallurq kimi tanının Pavlovdur.
Comments are closed.