Həsən bəy Zərdabinin Azərbaycanda suvarma kanallarının çəkilməsi, içməli su mənbəyinin yaradılması zərurəti ilə bağlı 130-140 il bundan öncə verdiyi ideyalar, elmi təkliflər və tövsiyələr
Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini elmlər namizədi alimlik dərəcəsi ilə bitirən, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi harada, hansı sahədə işləməsindən asılı olmayaraq doğma Azərbaycanın inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmişdir. O, su problemləri ilə bağlı Azərbaycanda qarşıya çıxan bir çox qlobal məsələlərin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə xalqına öz dəyərli ideya, təklif və tövsiyələrini vermiş, Bakı Şəhər Dumasında real təkliflərlə çıxış etmiş, bu sahədə əsərlər, elmi məqalələr yazmış və onların mətbuat səhifələrində dərc olunmasına nail olmuşdur.
Həsən bəy Zərdabinin elmi irsinə, ictimai-siyasi fəaliyyətinə nəzər yetirdikdə onun Azərbaycanın inkişafı, tərəqqisi, kənd və şəhər sakinlərinin yaşayış, mədəni-məişət, sosial şəraitinin yaxşılaşdırılması sahəsindəki fədakarlığı, tarixi xidmətləri gözümüz qarşısında canlı bir xatirə kimi görünür. Zərdabi Bakı Şəhər Dumasının üzvü olaraq fəaliyyət göstərdiyi dövrdə həmişə mürtəce qüvvələrlə üz-üzə gəlmişdir. Burada müxtəlif sahələr üzrə komissiya sədri və komissiya üzvü kimi çalışan Həsən bəy zəhmətkeş xalqın mənafeyinin müdafiəçisi və onun hərtərəfli inkişaf etməsinin carçısı olmuşdur.
Həsən bəy Zərdabini maraqlandıran ən qlobal məsələlərdən biri Azərbaycanın su problemi olmuşdur. O bu məsələyə mühüm dövlət işi olaraq çox ciddi fikir vermişdir. Onun su məsələləri ilə bağlı «Torpaq, su və hava» əsərini, «Əkinçi» və «Kaspi» qəzetlərində dərc olunan bir sıra məqalələrini, o cümlədən «Нужда в воде в Восточном Закавказье» («Каспий» (№114), 2 июня 1899 г. (116), 4 июня 1899 г.), «Безводье» («Каспий» (135), 27 июня 1899 г.), «К сельскохозяйственному кризису» («Каспий» (№ 210), 30 сентября 1899 г.), «Артезианские колодцы» («Каспий» №60 1900 г.), «По поводу водворения переселенцев на Муганлы» («Каспий» (№276), 22 декабря 1899 г.), «Водное дело в городе Баку» («Каспий» (№147, 149, 150), 1900), «К водной эпопее» («Каспий» (№70), 28 марта 1901 г.), «К развязке водной эпопее» («Каспий» (№102), 1901), «К вопросу об устройстве гор. Шемахa» («Каспий» (№77), 5 апреля 1902 г.), «К водной эпопее» («Каспий» (№100), 8 мая 1902 г.), «К вопросу о поливке улиц и разведение садов в гор. Баку» («Каспий» (№161), 26 июля; (№162), 27 июля 1902 г.), «К нуждам Bосточного Закавказья» («Каспий» (№15), 1903 г.), «Городские дела» («Каспий» (№41,44,48),1903 г.), «Об omсталости Восточного Закавказья», «Ещё об omсталости Восточного Закавказья» və digər məqalələrini oxuduqca fikirləşirsən ki, fitri istedad, dərin elmi bilik sahibi olan Həsən bəy nə qədər vətənini, xalqını sevən, onların təsərrüfat dərd-sərlərinin, sağlamlıqlarının qayğısına qalan olmuş, xalqının tərəqqi etməsi yolunda yorulmaq bilmədən bu sahədə aparılan işlərə kortəbii qaydada səsləndirilən təkliflərə qarşı tənqidi çıxışları (eyni zamanda Bakı Şəhər Dumasının iclaslarında), elmi-təcrübi tövsiyələri, dəyərli təklifləri ilə xalqı üçün tarixdə misli görünməmiş izlər qoymuşdur.
Bu yolda həmişə acı sözlərə, təhqirlərə məruz qalan və məhkəmə məsuliyyətinə cəlb edilən, hədə-qorxu altına alınan Həsən bəy bütün bunlara məhəl qoymadan Dumanın iclaslarında Azərbaycanın su təchizatı ilə bağlı çox mühüm aspektlərə toxunur, onun həyata keçirilməsi məqsədilə inadkarlıq göstərir.
Çıxışlarında həmişə suvarma suyu və içməli su məsələləri ilə bağlı elmi, nəzəri, hüquqi və təcrübi işlərin ədalətli surətdə həyata keçirilməsi barədə dedikləri Dumanın protokollarında öz əksini tapmışdır.
O, eyni zamanda elmi əsərlərində təbii-təsərrüfat sahələrinin suvarılması, susuzluqdan cadar-cadar olan torpaqların suya olan tələbatının aradan qaldırılması məqsədilə suvarma kanallarının çəkilməsinin vacibliyini, su ehtiyatlarından istifadə olunması yollarını göstərmişdir. Bununla yanaşı kənd əhalisinin, o cümlədən Bakı şəhərinin içməli suya olan tələbatının təmin olunması üçün texniki şərtlərə, normalara əməl olunmasının zəruri olduğunu bildirmişdir.
Həsən bəyin yuxarıda qeyd olunan məsələlərlə bağlı Bakı Şəhər Dumasının iclaslarında haqq səsini çar hökumətinin məmurları daima boğmağa çalışmış, onu fikrindən daşındırmaq istəmişlər. Dumanın iclaslarında onun iştirakı ilə baxılan, müzakirə olunan məsələlərlə bağlı, Bakı Şəhər Dumasının üzvü olan Zərdabiyə iclas keçirildikdən sonra rəsmi məktublarla müraciət olunaraq, qaldırdığı, tələb etdiyi, müdafiə etdiyi məsələlərdə günahlandırılmış, Dumanın tərkibindən üzr istəməsi tələb olunmuş, əks təqdirdə məhkəmə məsuliyyətinə cəlb olunacağı ilə ona hədə-qorxu gəlinmişdir.
Bu millət fədaisi isə heç bir vaxt mübarizəsindən, inadından dönməmiş, ömrünün sonunadək alovlu çıxışları ilə, elmi əsaslarla, praktiki dəlillərlə onları narahat bir vəziyyətə salmışdır.
Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi irsi ilə bağlı araşdırmalar apararkən ona ünvanlanan belə məktublardan bir neçəsi ilə oxucularımızı tanış etmək yerinə düşərdi. Nümunə üçün 29 sentyabr 1900-cü il tarixli 8428 nömrəli və 9 avqust 1901-ci il tarixli məktubları diqqətə çatdırırıq (F. № 653. s.1. iş 2).
Tarixi bir fakt olaraq qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasında komissiya üzvü kimi fəaliyyəti dövründə mürtəce qüvvələrin təsiri ilə Zuqulbanın çirkli su mənbələrindən Bakı şəhər əhalisinə içməli su adı ilə çəkilişi planlaşdırılan kəmərin tikintisinə millət fədaisi qəti etiraz səsini ucaltmış və həmin məsələnin reallaşmasına imkan verməmişdir.
Həsən bəy Zərdabi «Водное дело в городе Баку» («Каспий» (№147, 149, 150), 1900) adlı məqaləsində və bu kimi digər məqalələrində, eyni zamanda Bakı Şəhər Dumasının iclaslarında Azərbaycanın, o cümlədən Bakı şəhərinin su təchizatı məsələləri ilə bağlı çox ciddi aspektlərə toxunur, onun həyata keçirilməsi yolunda əlindən gələni edirdi.
Millət fədaisi Həsən bəyin səsləndirdiyi ideyalar bu gün müstəqil Azərbaycan Respublikasında öz müsbət səmərəsini verməkdədir. Bunun əyani sübutu olaraq əsrin ən qlobal layihələrindən biri olan «Oğuz-Qəbələ-Bakı» su kəmərinin paytaxt Bakı şəhərini içməli su ilə təmin etməsi faktını göstərmək olar.
Hesab edirəm ki, Azərbaycanın su problemləri ilə bağlı Həsən bəyin göstərmiş olduğu gərgin əməyini, misilsiz xidmətlərini qiymətləndirmək, onun xatirəsini əbədiləşdirmək üçün ölkədə tikintisi başa çatdırılan nəhəng sosial obyektlərdən birinə Zərdabinin adının verilməsi təqdirəlayiq hal olardı.
Həsən bəy Kür çayı boyunca yerləşən kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması üçün sahillərdə sutoplayıcı dambalar tikilməsini, hovuzlar yaradılmasını, kəhriz və artezian quyuların qazılmasını məsləhət bilmişdir.
Zərdabi «Şərqi Zaqafqaziyada suya ehtiyac» adlı məqaləsində, kanallar çəkməklə Kür düzənliyinin təbiətini dəyişdirməyin tamamilə mümkün olduğunu qeyd etmişdir. O, ilk dəfə olaraq Mingəçevir kanalının çəkilməsi zərurətini və onun başlanğıc yerini müəyyən etmişdir. Bu kanalların çəkilməsinin böyük əhəmiyyət kəsb etməsini, ölkənin təbiətini dəyişdirəcək rolunu və bunun nəticələrini göstərən Həsən bəy Zərdabi yazırdı: «Belə suvarma kanallarının çəkilməsi Kür vadisinin fizionomiyasını dərhal dəyişdirər, indi zəhərli ilanlar məskən salmış olan və vəhşi ceyran sürülərinin sürətli ayaqları ilə qaçışdığı, köçərilərin qazmaları ətrafında özlərinə kölgəlik tapdığı, yayda dağlara uzaqlaşdığı yerlərdə çöllər yaşıllaşar, bağlar laləzar olar, indiki köçəri həyat sürülən yerlərdə əmək həyatı qaynamağa başlar, günün gündüz çağı təhlükə əmələ gətirən və xalqı soyub talayan quldur dəstələrindən bir əsər qalmaz”.
Həsən bəy insanın təbiəti dəyişdirmə qabiliyyətinə böyük inamla yanaşır: “Nə vaxta qədər Kür bizə ana deyil, acıqlı ögey ana olacaqdır? Onu cilovlamaq, özümüzə tabe etmək, öz istədiyimiz vaxtda əkinlərimizi suvarmağa və gübrələməyə məcbur etmək vaxtı çatmamışdırmı?” (“Kaspi” qəzeti, 1899, № 114).
Zərdabi vətəninin bütün təbii imkanlarını nəzərdən keçirir və onlardan istifadə etmək yolları haqqında düşünürdü: “Acıqlı Araz əsrlər boyu gözləyir ki, nə vaxt onun sahilində yaşayan fərasətsiz adamlar onun sularını ona yapışıq olan Muğan çölünə çəkib oranı suvaracaq və yaşamaq üçün əlverişli edəcəkdir” (“Kaspi” qəzeti, 1889, № 210).
Zərdabi “Kaspi” qəzetində hələ 1899-cu ildə yazdığı məqalədə gələcəyin Mingəçevir hövzəsinin ideyasını vermişdir: “Bu cür suvarma kanallarının başlanğıcı keçmiş Mingəçevir poçt stansiyasına yaxın dağlar ola bilər. O, zərurət tələb etdiyi qədər sahildən çəkib düzənliklərə, çölə və beləliklə, məcraya qədər çata bilər. Əlbəttə, müxtəlif topoqrafik xüsusiyyətlər kanalların həm başlanğıcını, həm də istiqamətini dəyişdirə bilər, ola bilsin ki, kanal əvəzinə bir neçəsi tələb edildi, bunlardan hər birinin özünün xüsusi başlanğıcı, xüsusi rayonu olsun. Bir sözlə, Kür çayı sahili boyu, Bakı, Yelizavetpol quberniyalarında uzunluğu 500 verst olan ümumi suvarma sistemi meydana çıxa bilər” (“Kaspi” qəzeti, 1899, №114).
Zərdabi elə bil ki, keçmiş Sovet hakimiyyəti illərində yaradılmış Mingəçevir “dənizini”, ondan çəkilən kanalları, bu kanalların suvardığı tarlaları özü əvvəlcədən görə bilmişdi. Onun nəcib arzuları ancaq yarım əsrdən sonra çiçəklənməyə başladı.
Həsən bəy Zərdabi yazır ki, meşələr su mənbəyi olub, bulaq və çay sularını çoxaldır, səthi su axımını azaldaraq eroziyanın qarşısını alır. O, “Bakı quberniyasının Quba qəzasında meşələrin suqoruyucu əhəmiyyəti haqqında” adlı məqaləsində göstərir ki, Quba qəzasındakı 12 çaydan 5-i başlanğıcını dağ çəmən, 7-si isə dağ meşə qurşağından götürür. Dağ-çəmən zonasındakı çayların əsas yatağının uzunluğu 131 verstdir, onların ümumi uzunluğu 515 verstə çatan 94 qolu vardır. Bunlardan fərqli olaraq, dağ-meşə zonasında ümumi uzunluğu 133 verstə çatan 7 çayın 24 qolu vardır ki, bu qolların da ümumi uzunluğu 129 verstdir. Çay şəbəkəsi sıxlığından fərqli olaraq çəmən zonasında 19 bulaq olduğu halda, meşə zonasında 58 bulaq vardır. Deməli, meşə zonasında çəmən zonasına nisbətən çayların ümumi uzunluğu 384 verst və 2.5 dəfə az, bulaqların sayı isə 49 bulaq və ya 3.6 dəfə çoxdur.
Göründüyü kimi, Zərdabi çayların, bulaqların yerini və məsafələrini (uzunluğunu) göstərməklə, onların uçotu-inventarizasiyasını aparan, bunların coğrafi yerləşmə səbəbini elmi əsaslarla çox düzgün izah edən yerşünas-yerquruluşçusu olmuşdur.
Həsən bəy Zərdabi 1899-cu ildə “Kaspi” qəzetində, “Zaqafqaziya bozqırlarının meşələşdirilməsi” mövzusunda dərc etdirdiyi məqaləsində yazırdı: “Təəssüf ki, bizim vilayətin tarixi, xüsusən onun topoqrafiyası naməlum qaranlıqlarla örtülüdür və ona görə qədimdə meşələrimiz barəsində ətraflı danışmağa mümkünatımız yoxdur. Lakin Muğan, Mil, Kür, Şirvan və Şirvan-Kür bozqırlarında köhnə suvarma kanalları, qədim şəhər və kəndlərin qalıqları, eləcə də Mil düzünün bəzi yerlərində indiyədək qalmış bir sıra ağaclar onu göstərir ki, burada həyat vaxtı ilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar bitirdi”.
Həsən bəy Zərdabinin sözügedən məqaləsinə diqqət yetirdikdə görürük ki, susuzluqdan əsrlər boyu əziyyət çəkən Azərbaycanın düzən zonalarında da o, yerquruluşu mütəxəssisi, təbiətşünas, torpaqşünas bir alim olaraq dərin tədqiqat, uçot-inventarizasiya işləri ilə məşğul olmuş və özünəməxsus mütəxəssislik səriştəsi ilə Mil, Muğan, Şirvan düzünün qədim keçmişdə meşə ilə örtülü olmasını geoloji dəlillərlə sübut etməyə çalışmışdır.
Həsən bəy Zərdabinin Azərbaycanda suvarma kanallarının çəkilməsi, içməli su mənbəyinin yaradılması zərurəti ilə bağlı 130-140 il bundan öncə verdiyi ideyalar, elmi təkliflər və tövsiyələr bu gün müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratmışdır.
Həmin Sərəncama müvafiq olaraq su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyəti «Azərsu» Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin «Bakıkanalizasiya» İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş «Azərsukanaltəmir» və «Azərkəndsutəchizat» İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir.
Azərbaycan Respublikasında müvafiq olaraq yuxarıda qeyd olunan idarə, müəssisə və təşkilatlarla yanaşı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, onun tabeçiliyində olan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu tərəfindən müasir ekoloji problemlər olaraq hazırda su ehtiyatlarından kompleks şəkildə səmərəli surətdə istifadə olunması sahəsində işlər uğurla həyata keçirilir.
Bütün bu nailiyyətlər millət fədaisi Həsən bəy Zərdabinin qabaqcadan görmüş olduğu arzuların çiçək açması, ruhunun şad olması deməkdir.
Ruhun şad olsun, ey millətinin mənəvi atası dahi Həsən bəy!