Zərdab rayonunda müəllimlərin 2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş ənənəvi sentyabr konfransı keçirildi. www.zerdab.com saytının məlumatına görə, konfransda hesabat məruzəsi dinlənildi, çıxışlar oldu. Natiqlər son illər, o cümlədən ötən tədris ilində Zərdab rayonunda da ümumtəhsil məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətlərində ciddi işlərin görüldüyünü diqqətə çatdırdılar. Bildirildi ki, ötən dərs ilində rayonda 43 ümumtəhsil müəssisəsi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb fəaliyyət göstərib. Məktəblərdə 6956 şagird təhsil alıb ki, onların da təlim-tərbiyəsi ilə 957 nəfər müəllim məşğul olub. Cari ildə məktəbləri 515 nəfər bitirib. Onlardan 217-sı ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib, 102 abituriyent ali məktəbə qəbul edildi.
Rayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Son 5 ildə Zərdabda 10 yeni məktəb binası istifadəyə verilib. Bir neçə gündən sonra şəhərin “33 hektar” adlanan təzə yaşayış məhəlləsində 132 şagird yerlik, Pərvanlı kəndində 180 şagird yerlik, Lələağacı kəndində isə 80 şagird yerlik yeni məktəb binaları istifadəyə veriləcək. Hazırda daha 3 kənddə yeni məktəb binaları inşa olunur.
Təhsil sisteminin informasiyalaşdırılması, şagirdlərin müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnmələri istiqamətlərində ardıcıl işlərin görüldüyünü qeyd edən natiqlər ötən dərs ilində yol verilmiş nöqsanlardan da ətraflı söhbət açdılar. Belə ki, bəzi məktəblərdə hələ də bir sıra ixtisaslar üzrə müəllimlər çatışmır, tədrisin keyfiyyəti qaneedici deyil. Bu il 28 tam orta məktəbin 13-dən ali təhsil müəssisələrinə bir nəfərin də olsun qəbul edilməməsi ciddi narahatlıq doğuran fakt kimi qiymətləndirildi.
Tədbirdə yol verilmiş nöqsanların aradan qaldırılması, qarşıdakı dərs ilində görüləcək həlli vacib məsələlər barədə də ətraflı müzakirələr aparıldı. Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.
www.zerdab.com
salam
Comments are closed.