Xalq artisti Arif Quliyev Zərdabda başına gələnlərdən danışdı

0
55

Xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. Belə ki, gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ruslan Nemətov Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.

Arif Quliyev isə bildirib ki, hazırda onun vəziyyəti qismən yaxşılaşıb: “Dünən Ağcabədiyə yasa gedirdik. Kürdəmirə çatanda halım pisləşdi. Aptekdən dərman aldım. Amma Zərdaba çatanda vəziyyətim daha da pisləşdi. Məni xəstəxanaya aparıblar. Təzyiqim 280-ə qalxıbmış. Səhərəcən iynə-dərman ediblər. Sonra təcili yardımla Bakıya gətiriblər. Hazırda vəziyyətim o qədər də yaxşı deyil, ayağa qalxanda başım fırlanır”.
Xalq artisti onu illərdir müalicə edən həkimini axtardığını deyib: “Mənim bu xəstəliyimi həmişə bir həkim müalicə edirdi. İndi onun hansı xəstəxanada olduğunu bilmirik. Onu tapsam, dərdimə əlac edəcəyinə inanıram”.