Qırmızı qar…

3
80
Anar (sol), bacısı və bibisi oğlu...
Anar (solda), bacısı və bibisi oğlu…

Bayırda qar yağır. Güclü şaxta və çovğun var, yollar buz bağlayıb. Çöldən uğultu səsi gəlir. Sanki, bu səs isti otaqda oturub pəncərədən boylanan, “jeleli” saçına qar yağmasına təəssüflənən, bu gün 5-10 manat qazanıb ailəsinə çörək ala bildiyinə sevinən, dayanacaqda avtobus gözləyən, kabinetdə oturub pul sayan, küçənin tinində sevgilisini gözləyən, özünə 50-60 manat maya qoyub gözəllik salonundan çıxan, taksidə oturub müştəri gözləyən insanlara nəyisə xatırlatmağa çalışır…
Bayırda qar yağır…   

***
Anar adında Xocalıdan olan bir dostum var. Onunla tələbə vaxtı, Bakıdakı kirayə bazarlarının birində tanış olmuşduq. O da ev axtarırdı, mən də. Tanış olduq, bir yerdə ev tutduq, dostlaşdıq, qardaşlaşdıq.
Anar ailəsi ilə birgə uzun müddət erməni əsirliyində qalıbmış. Bir evdə yaşadığımız müddətdə Xocalının işğalından, qırğınlardan o qədər dəhşətli faktlar danışmışdı ki, onları indi də unuda bilmirəm.
Mənim üçün ən dəhşətlisi o idi ki, Anar qarlı, çovğunlu havalarda nə universitetə gedir, nə danışır, nə gülür, nə də hansısa başqa iş görə bilirdi. Dediyinə görə, belə havalarda çöldən gələn uğultu səsi ona məhz 1992-ci ilin fevralın 25-i gecəsini xatırladırdı…
Onda Anarın 6 yaşı varmış. Körpə bacısı isə 5 aylıq imiş. Həmin gecə Xocalı sakinləri ermənilərə əsir düşməmək üçün özlərini Kətik meşəsinə veriblər. Bundan xəbərdar olan ermənilər isə onları mühasirəyə alıb hissə-hissə əsir götürür və ya dəhşətli şəkildə qətlə yetirirmişlər. Anar deyir ki, belə anların birində ermənilər onları əsir götürməsinlər deyə anası dayanmadan ağlayan bacısını sinəsinə sıxıb və onun səsini kəsməyə çalışıb. Ancaq görəndə ki, uşağın səsini tam kəsə bilmir, əli ilə onun ağzını tutub. Körpə, beləcə, çabalayıb, çabalayıb və sonda nəfəsi kəsilib. Ancaq anası körpəsini atmayıb və belinə bağlayıb.
Anarın anası düz 3 gün Kətik meşəsində qızının cəsədini kürəyində gəzdirib, amma atmayıb. Yorulub əldən düşəndə isə Anarın atası ona uşağı cəsədini ağacların dibində basdırmağı təklif edib. Amma o razılaşmayıb.
Dördüncü gün Ağdama çatmağa bir neçə kilometr qalmış ermənilər onları əsir götürüblər. Onları tövlələrin birinə doldurublar. Aclığa, susuzluğa, yorğunluğa baxmayaraq, Anarın anası körpəsini belindən açmayıb. Əsirliyin ilk gecəsi isə ana körpəsinin ölmədiyini öyrənib. Balaca qızcığazın nəfəsi kəsilib, huşu itib, ancaq ölməyib. Anar deyir ki, bacısının ölməməsi əsirliyin həyəcan və dəhşətinə baxmayaraq, xocalılıların hamısını çox sevindirib.

İndi Anarın bacısı böyüyüb, ailə qurmağa hazırlaşır…

***
Hava çovğunlu olanda, qar yağanda, bayırdan dəhşətli uğultu səsi gələndə ev isti olsa belə, Anar soyuqdan tir-tir əsirdi. Həmin gecə Xocalıya güclü qar yağıbmış, hər yer dizdən qarla örtülübmüş. İnsanların Xocalıdan çıxmasına mane olan səbəblərdən biri də qar imiş. Anar deyir ki, Kətik meşəsində canlarını ermənilərdən qurtarmaq üçün o tərəf-bu tərəfə qaçanda atasından iki şey soruşub. Biri, atası əvvəllər ona deyirmiş ki, qar yalnız ağ ola bilər. Bəs onda Kətik meşəsində qarın rəngi niyə qırmızı olub? İkincisi, kişilər ağlamaz deyən atası al-qan içərisində olan, soyuqdan donmuş insanları görəndə niyə ağlayırmış?

***
Anar deyir harada qızıldiş insan görürsə, yadına Xocalı düşür. Çünki həmin gün ermənilər əsir düşmüş xocalılıların qızıl dişini kəlbətinlə çıxarıblar.
Harada böyürtkən kolu görürsə, yadına meşədə kola ilişib qalan və sonradan üstlərinə benzin tökülüb yandırılan 70 yaşlı Mədinə nənə və onun əri Əzim düşür.
Harada qoca qarı görürsə, yadına gözləri önündə üç oğlunun başı kəsilən Sədaqət nənə və Əsgəranda başı payalara keçirilmiş 30-a yaxın azərbaycanlı düşür.
Harada nişanlı qız görürsə, yadına Xocalıda nişanlısını öldürdüyünə görə üzlərinə tüpürdüyü ermənilərin maşına qoyub hansısa ünvana apardıqları qız düşür…
Harada belinə körpə bağlamış ana görürsə, yadına anasının əsir düşməmək üçün boğub nəfəsini kəsdiyi bacısı düşür.
Harada ağlayan 5-6 yaşlı uşaq görürsə, yadına ailəsi ilə birgə əsirlikdən xilas olanda onların arxasınca baxıb ağlayan, sanki, “bəs məni və bacımı kim xilas edəcək?” sualı verən adını bilmədiyi oğlan düşür…

***
Ona elə gəlir ki, bu dünyanın ən dəhşətli meşəsi Kətik adını daşıyır və Xocalının bir neçə kilometrliyində yerləşir.
Ona elə gəlir ki, bu dünyanın ən vəhşi çayı Qarqar adını daşıyır və ən gur, ən qəzəbli axdığı vaxt 1992-ci ilin fevralın 25-i gecəsi olub…

***
O, çox şey görüb. Görüb ki, ermənilər cavan bir azərbaycanlının üstünə iti qısqırdıb və onu necə parçalamasına tamaşa ediblər.
Görüb ki, ermənilər azərbaycanlı oğlanı tutub, əvvəlcə, bir qolunu, sonra isə o birisini balta ilə kəsiblər. Sonra döş qəfəsini yarıb ürəyini çıxarıblar. Cavan oğlanın ürəyi erməninin əlində olsa da, bədəni yerdə tərpənirmiş. Sonra əllərində böyük sellofan tutmuş iki erməni gəlib və cəsədi aparıb.
Əsirlikdə olanda Janna adlı erməni onları qorxutmaq üçün Azərbaycan dilində: “Qarqar çayını ayaqlarımı islatmadan, meyitlərin üstü ilə keçmişəm. Qaçmağa cəhd etməyin, hamınızı güllələyərəm”, – deyirmiş.
Bir qadın isə 6 övladı ilə birgə Xocalıdakı evində qalıbmış. Uşaqlar balaca olduqları üçün ananın onları meşəyə qaçırtmağa ürəyi gəlməyib…

***
Bir müddət sonra Anarı və ailəsini yüksəkrütbəli bir erməninin cəsədi ilə dəyişiblər. Əsirlikdən xilas olandan sonra onları Ağdama gətiriblər. Anar həmin gün qohumlarından, qonşularından heç birini tanıya bilməyib. Hamısı bir neçə günün içində qocalıb, saçları ağarıbmış…

***
Anar deyir, əgər Xocalıya qayıtsa, birinci Kətik meşəsinə gedəcək. Çünki 6 yaşında sevdiyi, hələ də unuda bilmədiyi Əqidə adlı qızı sonuncu dəfə anası ilə birgə Kətik meşəsində, qovaq ağacının dibində, qarın içərisində uzanmış vəziyyətdə görüb…

***
Bayırda qar yağır…

———————————————————————-

Müəllif: Zərdab rayonunun Qoruqbağı kənd sakini Nicat İntiqam.

Bu yazı Mətbuat Şurası və Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibi olub.

3 ŞƏRH

  1. Kişilər ağlamaz bilirdik ta ki erməni vandalları Xocalıda o məlum soyqırımını törədənədək..Yazını oxuyanda qulaqlarıma Milli Qəhrəman Çingiz Mustafayevin hönkürtüsü gəldi..Bu hörkürtülər Xocalı faciəsini videolentə alarkən kameraya düşən bir Azərbaycanlı oğlunun dünyaya səslənişi, dünyaya hayqırtısı idi..Amma o faciəni yaşayan neçə-neçə bacı-qardaşlarımızın o gecə nələr yaşadığını, nələr hiss etdiklərini hələ də dünyaya çatdıra bilməmişik..Müəllifə təşəkkür edirəm!

Comments are closed.