Həsən bəy Zərdabi qədim Zərdab kəndini necə görmək istəyirdi?

0
151

Həsən bəy Zərdabi doğulub boya-başa çatdığı və özünə təxəllüs götürdüyü qədim Zərdab kəndini necə görmək istəyirdi və bu yolda nələr etmişdi?

Həsən bəy Zərdabinin Zərdab həyatı dövründə oradan “Kaspi” qəzetinə yazdığı məqalələr barədə

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas

Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ilə tanış olan hər bir ziyalımıza yaxşı məlumdur ki, Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır. Çar hökuməti üçün “təhlükəli” hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir, Yekaterinodar (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərmək adı ilə 1878-ci ildə Bakı real gimnaziyasında müəllimlikdən azad edilir. İki ilədək bir müddət ərzində işsiz qalan millət fədaisi Bakı şəhərində hara müraciət edirsə onu heç bir yerdə işə qəbul etmirlər. Nəhayət, vəfalı ömür-gün yoldaşı Hənifə xanımla məsləhətləşdikdən sonra, 1880-ci ildə ailəsi ilə birgə, doğulub boya-başa çatdığı Zərdab kəndinə (indiki Zərdab şəhərinə) köçür və 16 il burada həyat sürmək məcburiyyətində qalır.

Bəli, bütün bunların ən başlıca səbəbi ondan ibarət idi ki, ölkədə çarizmin hökm sürdüyü bir zamanda İlahi Azərbaycana Moskva Universitetində təhsil almış, mütərəqqi dünyagörüşünə malik ictimai-siyasi xadim, Həsən bəy Zərdabi kimi dahi bir şəxsiyyət bəxş etmişdi. Dərin elmi bilik, fitri istedad sahibi olan Həsən bəy isə tək-tənha olaraq  böyük bir döyüş meydanına atılmış, bütün qüvvə və bacarığı ilə Azərbaycanda hökm sürən hərc-mərcliyə, özbaşınalıqlara qarşı mübarizə aparmalı olmuşdur. O, ucqar Zərdab kəndində yaşadığı illər ərzində də yorulmaq bilmədən xalqının, millətinin səadəti, tərəqqisi yolunda daha gərgin fəaliyyət göstərməli olur.

Həsən bəy Zərdabi millətinin başına gətirilən bəlalardan, zülm və əsarətdən qurtulmağın ən başlıca yolunu xalqının maariflənməsində görür və bu yolda bütün vasitələrdən istifadə etməklə istəyinə nail olmağa çalışır. Zərdabinin belə bir fəaliyyəti isə çarizmi, çar məmurlarını narahat edir, onları bir an belə rahat buraxmır. Zərdabinin fəaliyyəti çar hökuməti tərəfindən ciddi nəzarət altına alınır. Lakin bütün qadağalara, maneələrə baxmayaraq Həsən bəy harada olmasından asılı olmayaraq ömrünün sonuna qədər bu yolda fəaliyyətini, mübarizəsini əzmlə davam etdirmişdir.

Qeyd edək ki, Həsən bəy şəhər həyatından fərqli olaraq, doğma kəndi Zərdab mühitindəki dövr ərzində daha böyük enerji ilə fəaliyyətini davam etdirir. Kəndlilər burada onun ən yaxın köməkçilərinə çevrilir, onlar Həsən bəyin evini “məsləhət evi” adlandırırlar.

Fəaliyyətə başladığı ilk gündən Həsən bəy həyat yoldaşı Hənifə xanımla birgə  kəndli balalarını ətrafına toplayıb onların təhsili ilə məşğul olmağa başlayır.

Çoxsahəli və çoxşaxəli elmi bilik sahibi Həsən bəy eyni zamanda çox böyük təcrübəyə, dünyagörüşünə malik olan, ilk ali təhsilli müsəlman-Azərbaycan müəllimi idi. 1869-cu ildən Bakı real gimnaziyasında müəllimliyə başladığı gündən ömrünün sonuna kimi Həsən bəyin həyatı məktəb işi ilə  bağlı olmuşdur. Bu dahi insan xalqının xoşbəxt, işıqlı gələcəyə çıxması yolunu, tərəqqisini birinci növbədə məktəb və maarifin inkişafında görür və bu yolda məktəbi “bütün xəzinənin açarı” hesab edirdi.

Həsən bəy məktəb işində, şagirdlərin tədrisdə müxtəlif fənlər üzrə aldıqları təhsilin əl əməyi ilə birləşdirilməsinə, bunun əyani surətdə tətbiqi məsələsinə çalışırdı. Hansı ki, Zərdabi şəhər mühitindən fərqli olaraq bu istəyini, ideyasını nəzəri və təcrübi olaraq bilavasitə öz şəxsi fəaliyyəti dövründə doğma kəndi Zərdabda yaşadığı 16 il ərzində daha səmərəli şəkildə həyata keçirilməsinə nail olmuşdur.

O, belə hesab edirdi ki, şagirdlər kitabda yazılanları əzbərləməkdənsə tədrisdə aldıqları biliyin əl əməyi vasitəsilə yerlərdə təcrübi olaraq tətbiqinə nail olmalıdırlar. Belə bir işin tətbiq olunmasının uşaqlarda əməyə hörmət, işgüzarlıq vərdişlərinin aşılanmasının vacibliyindən söhbət açan bu maarifpərvər insan tərtib etdiyi dərslik və proqramlarda sözügedən məsələyə böyük yer vermişdir.

Həsən bəy eyni zamanda əl əməyinin tətbiqi işinin uşaqların sağlamlığına  müsbət təsir göstərməsini, məktəblərin nəzdində çilingərlik, xarratlıq emalatxanalarının yaradılmasını, kənd şəraitində yerlərdə heyvandarlıq, əkinçilik, bitkiçilik işləri ilə onları tanış etməyin səmərəsini qeyd edir, tədrisdə nəzəri biliyin təcrübi olaraq tətbiqini lazım bilirdi.

Məlumdur ki, Həsən bəy Zərdab həyatı dövründə də həyat yoldaşı Hənifə xanım Məlikova ilə birgə xalq yolunda çoxsahəli ciddi işlərlə məşğul olur, mətbuatdan bir an belə kənarda qalmır, yazdığı tənqidi  və müxtəlif məzmunlu məqalələrin yayımlanması məqsədilə onları Tiflisdə nəşr olunan ”Kafkaz”, “Tifliski listok”, “Novoye obozreniye”, “Ziya”, Bakıda çıxan “Kaspi” və sair qəzetlərə göndərir və dərc etdirirdi.

Oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, Həsən bəy Zərdabi doğma kəndi Zərdabda fəaliyyətə başlayan zaman bu yaşayış məntəqəsində, eləcə də bütövlükdə Göyçay qəzasında insanların həyat tərzi necə idi və o, burada hansı çətinliklərlə qarşılaşmalı olmuş və mövcud olan çətinliklərə qarşı, onların aradan qaldırılması yolunda nələr etmiş, nələrə nail olmuş, eyni zamanda doğma Zərdab kəndinin rifahı naminə qarşısına qoyduğu məqsədlərə necə nail olmuşdur?

Bu məsələlərlə bağlı Həsən bəy Zərdabinin Zərdabdan Zərdab mühiti ilə bağlı “Kaspi” qəzetinə rus dilində yazmış olduğu və tərəfimdən Azərbaycan dilinə tərcümə olunan, aşağıda tam mətnini verdiyim dörd məktubun hər birində qaldırılan məsələlərin məzmunu, məqsədi, məramı ilə oxucularımızı bir qədər tanış etmək maraqlı olardı.

Məlumdur ki, Zərdabda fəaliyyətə başladığı ilk gündən kəndlilərin hüquq və mənafelərinin müdafiəçisi olan millət fədaisi Həsən bəy eyni zamanda Ucarda vəkillik xidməti ilə də məşğul olurdu.

Böyük əraziləri əhatə edən Zərdab torpağının vaxtilə Göyçay, Şuşa, Ərəş, Şamaxı, Cavad qəzaları ilə əhatə olunduğunu və torpaqların bu qəzaların inzibati sərhəddi daxilində yerləşdiyini göstərən Həsən bəy hər hansı bir hadisə ilə bağlı insanların Zərdab kəndindən adı çəkilən qəzalar üzrə yerləşən məhkəmələrə uzun məsafə qət etmələrini öz yazılarında ürək ağrısı, ürək yanğısı ilə qələmə almışdır. Bütün bunların kütlələrin maddi, mənəvi, fiziki vəziyyətinə mənfi təsir göstərdiyini açıqlayan, Göyçay qəzasının Ucar stansiyasında məhkəmədə vəkil işləyən Həsən bəy Zərdabda da ədalət məhkəməsinin olmasına can atırdı. Nəhayət ki, Həsən bəyin arzusu tam şəkildə, yəni Zərdab 1935-ci ildə rayon mərkəzinə çevrilərkən, eyni vaxtda 05 fevral 1935-ci ildə Zərdab Rayon Xalq Məhkəməsi yaradılmışdır.

Həsən bəyin bu məsələ ilə bağlı “Kaspi” qəzetinin 15 noyabr 1881-ci il tarixli sayında (№86) dərc etdirdiyi məktubuna diqqət yetirək.

“Zərdabdan. Bizim yerli əhalinin yaşayışından-dolanışığından sizə demək üçün qələm götürərək, mən hər şeydən əvvəl bizim məhkəmələrin üstündə durmaq istəyirəm, ona görə yox ki, mənim məhkəmələrlə şəxsi düşmənçiliyim var, həyat səviyyəsi hüquq məhkəmələrindən bir başa asılıdır.

Hər şeydən əvvəl, Zərdab kəndindən məhkəmələrin yerləşdiyi yerlər arasındakı məsafəsini göstərim. Bu kənd Kür çayının sahilində 55 verst (=59 km – E.Həsənov.) uzunluğunda bir sahəni əhatə edir; o – Göyçay qəzasında olub Göyçayın özündən 55-60 verstlik (=60 km – E.Həsənov.) bir məsafədə yerləşir ki, yerli Göyçay məhkəməsi də buradadır. Sonra qonşu Şuşa qəzasının Xankəndi kəndi, hansı ki, Şuşa ədalət məhkəməsi yerləşir; Zərdabdan azı 60-70 verstlik (=65 km – E.Həsənov.) bir məsafədə yerləşir; Ərəş qəzasının Ağdaş məhkəməsi 65 verstlik (70 km – E.Həsənov); Cavad ədalət məhkəməsinin yerləşdiyi Qalağayın kəndindən 150 verstlik (=160 km – E.Həsənov.) və nəhayət, Şamaxı ədalət məhkəməsinin yerləşdiyi Kürdəmirdən 60-65 verstlik (=65 km – E.Həsənov.) bir məsafədə yerləşir. Bununla bərabər qeyd etmək lazımdır ki, bizim zərdablıların bağlarının bir hissəsi Kürün sağ sahilində yerləşir ki, bu sahilin də yarısı Şuşa, yarısı da Cavad qəzalarına aiddir.

Budur, hal-hazırda, mən sizə yazdığım vaxt, Kürün o tayında, mənim evimlə üzbəüz, ümumi bərənin yanında hadisə baş verir. Ən azı 20-30 il yaşı olan Zərdab bərəsində o taya Şuşaya neft aparan dəvəçilər keçdilər. Şuşa qəzasının Qaradolaq qışlağının bəyləri dəyənək və xəncərlə dəvəçiləri onlara haqq verməyə məcbur edirlər, ona görə ki, onların torpaqlarına ayaq basıblar, yeri gəlmişkən, ora bizim Zərdab torpağıdır və ən azı 30 il heç bir şuşalı oranı öz mülkü adlandırmayıb. Zərdab bərəsinin icarədarı bilir ki, qaradolaqlıların bu iddiası ilə heç kəs onun bərəsindən keçməyəcək, ona görə də məndən məsləhət istəyir. Mən isə onu Xankəndinə ədalət məhkəməsinə göndərirəm, amma o ora necə getsin?.

Həsən bəy bu yazısında “… mən hər şeydən əvvəl bizim məhkəmələrin üstündə durmaq istəyirəm…” ifadəsini təsadüfən işlətmir. Məhkəmələrin yerləşdiyi yerlər arasında olan məsafələrlə bağlı yaranmış mövcud çətinliklərin şərhi, bu məsələnin qabardılması, o dövrdə yalnız Zərdabinin özünə məxsus olan böyük bir mütəxəssislik səriştəsi ilə yazılan məqalə deyildi, əslində bu “Kaspi” qəzeti vasitəsilə dövlətin qarşısında qaldırılan vəsatət məktubu idi. Hansı ki, Həsən bəy bütün bu məsələləri “Kaspi” qəzeti vasitəsilə Çar Rusiyası hökumətinin Azərbaycandakı səlahiyyət sahibləri qarşısında çox böyük uzaqgörənliklə qabardır və məmurların belə bir məsələyə münasibət bildirməsi məsələsini ortaya atırdı.

Zərdabi bu minvalla Zərdabda təhsil, maarif, səhiyyə və sair sahələrin bir inzibati ərazi vahidliyi daxilində fəaliyyət göstərməsini qarşısına məqsəd qoymuşdur.

Zərdabinin bu məqaləsindən bir il sonra, “Kaspi” qəzetinə yazdığı növbəti məqaləsinə diqqət yetirdikdə görürük ki, görkəmli ictimai-siyasi xadimin çar hökuməti qarşısında ictimai, iqtisadi, siyasi, tarixi baxımdan çox böyük əhəmiyyət kəsb edən ikinci belə bir yazısında Zərdabla bağlı qeyd olunan, tarixi reallıqları əks etdirən məsələləri yenə də o, özünə məxsus olan böyük bir mütəxəssislik səriştəsi ilə qələmə almışdır.

Göyçay, Şamaxı, Ərəş, Şuşa qəzalarının xəritəsi

Belə ki, Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli sayında yazırdı: Zərdab, 26  oktyabr 1882-ci  il. 600 evi özündə birləşdirən Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (=53,5 km – E.Həsənov.)uzanır ki, keçmiş zamanlarda (Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq) Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər. Rusların gəlişi vaxtı Zərdab Şirvan xanlığının tərkibinə daxil idi və bundan çox sonra 1850-ci illərə qədər o bölünməyən bir tam idi.

Göyçay, Şamaxı, Ərəş, Şuşa qəzalarının xəritəsi


50-ci illərdə Zərdab kəndlilərinin bir neçəsi bəylərin asılılığından azad oldular və azad olan kimi öz bağlarına dağılışdılar, onların ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər də getdilər və Zərdab bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olmasına görə əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar və əvvəl 50-60 ev köçdü. Qalan əhali az-çox tanınan adamların ətrafında cəmləşərək hərəsi 5-6 evdən ibarət 20 kənd saldılar, başqaları isə, məsələn, Gəndəbil və Gəlmə 100-dən artıq evi birləşdirən kəndlərə çevrildilər. Beləliklə, Zərdabın bölünməz bir tam olmağına son qoyuldu, baxmayaraq ki, hələ də sənədlərdə belə də qalırdı. 1868-ci ildə bu əsasla Bakı quberniyasının kənd idarəçiliyi yaradıldıqda Zərdab bir kənd icması kimi təşkil olundu. Lakin yeni qaydalar çox məqsədəuyğun deyildi və tezliklə Zərdabın 3 icmaya bölünməsi haqqında fikirlər irəli sürülməyə başlandı: Zərdab, Gəlmə və Gəndəbil kəndləri icma mərkəzləri oldu.

Birincilər köhnə kənddən yuxarıda yaşayan dövlət kəndlilərini təşkil edirdi, ikincilər aşağıda yaşayan kəndlilər, üçüncülər isə bəy kəndlilərindən ibarət idi. Bu bölgü yalnız kağız üzərində idi, əslində isə hər şey köhnə qaydada qalmışdı. Bəzi torpaqlar, Qarasu çayından gələn kanal, ictimai bərə ümumi istifadədə qalmışdı. Amma, bütün bunlar müxtəlif icmalara məxsus insanların hafizəsində dərk olmuş qarışıqlığın yanında xırda şeylər idi. Onların hər biri özünü zərdablı hesab edərək istədikləri yerdə yaşayırdılar, bir çox bağı olmayan kəndli bu gün köhnə kənddən yuxarıda  yerləşir, sabah baxırsan ki, o artıq aşağıdadır. Tez-tez yan-yana üç evə rast gəlmək olur ki, onlarda da müxtəlif icmaların adamları yaşayırdılar. Bu qarmaqarışıqlıq daha vacib olan başqa bir qarışıqlığa gətirib çıxarır. 3 icmanın 9 hakimi, 3 starşina (starşina dedikdə, o zaman yüzbaşı vəzifəsini icra edən şəxs nəzərdə tutulur – E.Həsənov.) və 3 köməkçisinin hər biri öz qohumları və dostları ilə ayrıca məhlədə necə bir xırda çar kimi yaşayırlar ki, onlardan da öz həmkəndlilərinin taleyi çox asılıdır. Zərdablıların belə müxtəlif qruplaşması nəticəsində ümumi maraq haqqında fikir formalaşır: Kürün o tayındakı bütün torpaqlar oradakı bəylər tərəfindən tutulmuşdur, Şirvan  tərəfdə  olan köhnə kənd torpaqlarında isə Müskürlü və Qaravəlli köçəriləri yerləşmişlər, belə ki, zərdablılar demək olar ki, torpaqsız qalmışlar.

İndi mən eşitmişəm ki, bu 3 icmanı bir kənd starşinasının rəhbərliyi altında birləşdirmək üçün vəsatət qaldırılmışdır. Bunun nə qədər xeyir gətirəcəyini deyə bilmərəm, lakin fikirləşirəm ki, dəqiq sərhədləri və ayrıca asudə yaşamaq hüququ olan 3 icmanın yaradılması daha məqsədəuyğun olardı.

Biz, köhnə kənd sakinləri, hal-hazırda acınacaqlı vəziyyətdə qalmışıq.

Həsən bəyin bu yazısından məlum olur ki, onun “Kaspi” qəzeti vasitəsilə qaldırdığı məsələlər nələrdən xəbər verir. Zərdabi bu məsələləri şərh edərək çar hökumətinin Azərbaycandakı nümayəndəliyinin diqqətinə çatdırırdı ki, Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq Kürün hər iki sahili boyunca uzanan Zərdab 53.5 km olan bir məsafədə, Şirvan, Qarabağ, Şəki ilə sərhədlənirdi. Bu sərhəd qonşuluqları arasında qalan Zərdab torpağı isə çox böyük bir əraziyə malik olmaqla Zərdab bəylərinin toxunulmaz olan sərbəst mülk torpaqlarından ibarət olmuşdur. Eyni zamanda rusların gəlişi zamanı Zərdabın Şirvan xanlığının tərkibində olmasını və bundan çox sonra 1850-ci ilə qədər bölünməz tam bir ərazidən ibarət olduğunu göstərir.

Burada haşiyə çıxaraq oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, Həsən bəy Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq böyük əraziləri əhatə edən Zərdab torpaqlarının sözügedən xanlıqlarla sərhədlənməsi məsələsini tarixi, real faktlara əsaslanaraq yazmışdır.

Mənim özümün apardığım araşdırmalar, tədqiqatlar belə deməyə əsas verir ki, Zərdablı Xançobanı tayfa başçısı olmuş Əsgər bəyin oğulları Ağası xan və Məhəmməd Səid xan Xançobanlı, eyni zamanda Ağası xanın oğlu Mustafa xan əslən Zərdab rayonunun indiki qədim Əlvənd kəndindən olmuşlar. Tarixdən bizə məlumdur ki, Şamaxı xanlığının əsasını əslən Zərdablı olan Məhəmməd Səid xan və Ağası xan qardaşları qoymuşlar.

Nadir şahın öldürülməsindən (1748) sonra, hələ onun dövründə vergi toplamaqla məşğul olan Hacı Məhəmmədəli xan 1748-ci ildə Yeni Şamaxıda (Ağsuda) hakimiyyəti ələ keçirmiş, Şirvanın qalan hissəsində isə Ağası xan  və Məhəmməd Səid xan qardaşları öz hakimiyyətlərini möhkəmlətməli olmuşlar.

Ağası xan və Məhəmməd Səid xan qardaşları Nadir şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnavainin idarəçiliyi, başçılığı ilə barışmamış, ona qarşı mübarizəyə qalxmışlar. 1763-cü ildə tabeçiliyində olan elatlara arxalanan (Elatlar dedikdə – o zaman Şirvan xanlığının ərazisində yarım köçəri və oturaq həyat tərzi keçirən obalar nəzərdə tutulur. Hansı ki, həmin elatlar maldarlıqla (qoyunçuluq) yanaşı əkinçilik, bağçılıq, pambıqçılıqla da məşğul olurdular. Obalar isə – Şirvan xanlığı ərazisində yaşayan, icma halında yaylağa qalxan, qışlağa enən maldar icma üzvlərinin birliyi idi. – E.Həsənov.) Məhəmməd Səid xan hücum edərək Yeni Şamaxını tutmuş və Məhəmmədəli xanı əsir almışdır. Beləliklə də Yeni Şamaxı Köhnə Şamaxıya birləşdirilmişdir. Şamaxı yenidən xanlığın mərkəzi olmuşdur.

Tarixçi Abbasqulu Ağa Bakıxanov yazır: “Hicri 1178-ci (1765) ildə Əsgər bəyin oğulları Məhəmməd Səid xan və Ağası xan elat arasında Vəkillikdən (Kərim xan Zənddən – Ə.Ç.) Xanlıq ləqəbi qazanıb Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər”.

A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Əlvəndin adını çəkir və yazır: “1775-ci ildə Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hakim oldu.” Daha sonra yazır:  “1792-ci ildə Şirvan əyanlarının, xüsusilə, Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifi ilə Ağası xan oğlu Mustafa xan Əlvənddən gəlib Şamaxıda hökumət bayrağını qaldırdı”.

Beləliklə də Mustafa xan 1792-ci ilə kimi, 28 ilə qədər, Şirvan hakimi-xanı olur (bu barədə ”Zərdabın tarixinə bir nəzər” adlı kitabımda geniş məlumatlar verilmişdir).

Xanlıqlar dövrünün torpaq-ərazi bölgüsünə, onların torpaq-hüquq münasibətlərinə bələd olan Həsən bəy Zərdabi bu məqaləsində Zərdab bəylərinin istifadəsində olan, böyük əraziləri əhatə edən, bölünməyən, sərbəst mülk torpaqlarının olması faktlarını diqqətə çatdırır.

Çox şübhəsiz ki, Azərbaycan xanlıqları Rusiyaya birləşdirilməzdən qabaq Zərdab bəylərinin istifadəsində olan, böyük əraziləri əhatə edən mülk torpaqları olmuşdur. Hansı ki, o dövrdə Zərdab bəylərinin torpaqları üzərində əslən zərdablı olan Ağası xan, Məhəmməd Səid xan qardaşlarının və onların hakimiyyətindən sonra, 28 il müddətində, Ağası xan oğlu Mustafa xan kimi Şirvan hakimi-xanının nəzarəti olmuşdur.

Qayıdaq söhbətimizin əvvəlinə. Zərdabinin yazısının axırına diqqət yetirək; “…fikirləşirəm ki, dəqiq sərhədləri və ayrıca asudə yaşamaq hüququ olan 3 icmanın yaradılması məqsədə uyğun olardı”. Və məktubunu bu cümlə ilə yekunlaşdırır; ”Biz köhnə kənd sakinləri, hal-hazırda acınacaqlı vəziyyətdə qalmışıq”.

Uzaqgörən, dahi şəxsiyyət Həsən bəyin tarixi faktlara əsaslanaraq qələmə aldığı yazılarında sərhədləri, qonşuluqları dəqiq məlum olan Zərdabın qədim tarixə malik olduğunu və vaxtilə onun böyük bir ərazini əhatə etdiyini çar hökumətinin Azərbaycandakı nümayəndələrinə xatırlatmaqla, yaxın gələcəkdə bu qədim diyarın ərazilərinin özünə qaytarılması və Zərdabın bir mərkəz olaraq fəaliyyət göstərməsi ideyasını irəli sürdüyünün şahidi olursan.

Həsən bəy Zərdabinin yuxarıda sözügedən məqaləsindən sonra, onun  13 aprel 1983-cü il tarixində “Kaspi” qəzetinin 42-ci sayında çap olunan “Zərdabda məktəb olacaqmı?” başlıqlı məqaləsi ilə tanış olaq.

“Zərdab kəndində” bir ictimai mülk kimi bütün başqa Kür qırağı kəndlərdə bərə var, amma belə ki, 5-10 verst uzanan Zərdab kəndinin  bir bərəsi var və bu sonuncu əməlli-başlı gəlir təşkil edir. Zərdab bərəsi ildə 1000 man. gəlir gətirir. Əgər bu ümumi gəlirdən təmir və işçi pulunu çıxsaq illik təmiz gəlir 700 manatdan çox təşkil edir. Gördüyünüz kimi kiçik rəqəm deyil. Zərdab 3 kənd icmasına bölünəndə bərə ümumi istifadədə qaldı.

Bizim müftəxorlar (Həsən bəy müftəxorlar adlandırdığı adamlar dedikdə, o dövrdə yerlərdə at oynadan bəyləri, mülkədarları, qolçomaqları nəzərdə tutur – E.Həsənov.) hansı ki, hər yerdə olduğu kimi bizdə də az deyillər, özlərinə məxsus böyük ixtiraçılıq qabiliyyətləri ilə daşdan qəpik qazanmaq qabiliyyəti ilə seçilirlər. Onlar bizim bərəni də yaddan çıxarmayıblar və çoxdan bərə onların icarə sahəsidir; onlar onu Zərdab icmasından 240 manata alıblar…, bu pul 3 icma arasında bərabər bölünür. Hər icmadan 4 olmaqla icarəçilərin sayı 12-dir. İcarə müddəti üç il olduğundan bu əlverişli hüquq birindən o birinə keçir, və bütün bunlara görə icmanın bütün tüfeyliləri ya bərənin icarəçisi, ya da icarəçiliyə namizədlərdir. İcarəçi olmaq isə yüksək dərəcədə xeyirlidir, təkcə icarə obyektinin gəlirli olduğu üçün yox, buna görə də, əslində icarəçilər verginin ağırlığını öz çiyinlərindən atıblar və heç vaxt maddi məsuliyyət daşımırlar; biz, icmanın işləri üçün rəhbərliyin yanına gedib ona hesabat verir. Lakin, həqiqətdə bütün bu gedib-gəlmə və hesabat, bərədən əlavə, öz növbəsində çox sərfəli sahədir.

Amma, hələlik, icarəçiləri buraxaq, başqa şeydən danışaq. Məlumdur ki, avamçılıq buranın yerli əhalisi arasında son həddə çatıb və bu avamçılığa görə qanunsuzluq və özbaşınalıq hər yerdə tüğyan edir; bizim məhkəmələr yalançı andın müqəddəsliyindən xəbəri olmayan şahidlərlə doldurulub, müstəntiqlər ölüm, oğurluq, yanğın törətmə işləri ilə basdırılıb; yüksək məhkəmələr bu kənar yerlərdən uzaqda yerləşmələrinə baxmayaraq bilmirlər ki, bu qədər işi necə araşdırsınlar, bu üzdən işlərin bir çoxu illərlə uzanır; rəhbərlik cinayətlərin qarşısını almaqda acizdir, dövlət məmurlarının hərəkətlərinin belə iflic vəziyyətdə olmasının nəticəsində pis əməllər günü-gündən artır. Başqa tərəfdən hamıya məlumdur ki, avamçılıqdan qurtulmağın yeganə yolu məktəbdir. Amma, bizdə, bütün kəndlərdə olmasa da, əhalisi çox olan kəndlərdə məktəblər tezmi olacaq? Bu suala, təəssüf ki, qeyri-məqbul cavab vermək məcburiyyətindəyik, ona görə ki, dövlət, hətta əhalisi çox olan kəndlərdə belə, məktəb açmaq iqtidarında deyil, kənd icmaları isə məktəblərin verəcəyi xeyri başa düşməyərək və onları şeytan əməllərinin başlanğıcı hesab edir və məktəblərin saxlanmasına bir qəpik də xərcləmək istəmirlər. Belə vəziyyətdə Zaqafqaziyanın müsəlman əyalətlərində xalq maarifi direktorları, müsəlmanlar demişkən, iynə ilə gor qazırlar. Direktorluğun özünün gözəl arzularına baxmayaraq yerində saymağa məcburdurlar, baxmayaraq ki, onların işi ətrafa daha çox lazımdır, onlar özləri xalq maarifinin xeyri üçün heç olmasa nə isə etmək arzusu ilə yanırlar.

Hətta, Bakı quberniyasının xalq maarifi direktorluğu belə bir köməksiz vəziyyətlə üzbəüz qalmışdır. Lakin, xoşbəxtlikdən, onlar ruhdan düşmürlər və heç bir əlverişli şəraiti əldən buraxmırlar. Bir qədər əvvəl adı çəkilən direktorluğun müdiri Zərdab bərəsi haqqında bilib Zərdabda kənd məktəbinin açılması barədə quberniya rəisinə müraciət edib  ki, məktəb bərədən yığılan vəsait hesabına saxlanıla bilər. Cənab quberniya rəisi bu xeyirxah və yüksək dərəcədə əhəmiyyətli işə mərhəmət göstərərək bizim qəzanın rəisinə tapşırıb ki, Zərdab icmasının bərədən gələn gəlirin məktəbə yönəldilməsinə cəlb etsin, amma heyif! Bütün bu cəhdlər boşa çıxdı. Qəza rəisinin bütün cəhdlərinə baxmayaraq Zərdab icmasının razılığını ala bilmədi. Bizim müftəxorlarımız xalq arasında böyük nüfuza malikdirlər və onların nüfuzu məqbul edilməzdir; müftəxorlardan başqa heç bir rəhbərlik icmaya bir şey etmək iqtidarında deyil. Öz bəylərindən asılı olmağa adət edən xalq, üzdə azad edilib, əslində işə öz müftəxorların tam əsarəti altına düşüb və onlar xalqı öz kirpi əlcəklərində saxlayırlar. Axı niyə xeyirxah başlanğıc sönməlidir, ancaq ona görə ki, öz cibləri üçün maraqlı olan müftəxorlar ona rəğbət bəsləmirlər?

İsm başlanğıcında olan o maarifləndirmə enerjisinə görə mühakimə etsək, elə düşünmürük ki, rəhbərlik məktəbdən əl çəkdi və onun açılmasının  qeyri-mümkünlüyü ilə barışdı. Lakin bu qeyri-mümkünlük ancaq fərz ediləndir. Kənardan baxdıqca yəqin belə düşünmək olar ki, Zərdab icmasının razılığı olmadan Zərdab məktəbinin açılması barədə heç fikirləşmək lazım deyil. Mənə elə gəlir ki, onların razılığını almaqdan asan bir şey yoxdur, Yalnız bərəni Zərdab icmasının əlindən almaq ondan yeni gəlir növü yaratmaq və əldə olunan gəliri məktəblərin xeyrinə yönəltmək lazımdır. Bu işdə bəy kəndlilərinin bərənin 3/1 hissəsinə olan hüquqlarına sığınmaq lazım deyil, ona görə ki, bütün bəylər məktəbin açılmağına tərəfdardırlar və bərədən gələn öz xeyirlərini məmnuniyyətlə qurban verərlər. Yeri gəlmişkən bu işi daha da sadələşdirmək olar: indiki Zərdab bərəsini müftəxorların ixtiyarına buraxmaq, məktəbi açmaq, mövcud bərənin yanına birini də qoşmaq və ondan gələn gəlirdən istifadə hüququnu ona vermək? Daha yaxşı halda yeni bərə daha yaxşı işləyəcək və ardınca icmanın bərəsi yavaş-yavaş öz fəaliyyətini dayandıracaq.

Mənə irad tuta bilərlər ki, bu cür tədbirlər zorakılıq əlaməti kimi başa düşülər, əgər icmanın özü məktəbin əleyhinədirsə bu haqda heç düşünməyə dəyməz. Bu haqsızlıqdır. Hesab edirəm ki, heç bir ana uşağın çimizdirəndə onun qışqırığına fikir verməz. Uşaq çimizdirilməyin faydasını başa düşməyərək ağlayar, dəcəllik edər, amma bu o demək deyil ki, onu təmiz saxlamaq üçün zor tətbiq edilir. Bizim yerli qara camaat hələ belə bir uşaq yaşındadır və onun özün başa düşməyi və təhsilin xeyrini qiymətləndirməyi fikirləşmək heç uzaqgörənlik olmazdır”.     

Həsən bəyin bir-birinin ardınca “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrin, məktubların şərhinə vardıqda görürük ki, sözün əsl mənasında böyük ictimai-siyasi xadimin bu yazıları adi bir məqalə deyildir. Onun çox böyük uzaqgörənliklə qələmə aldığı sözügedən yazıları ucqar Zərdab kəndinin bir inzibati sərhəd daxilində fəaliyyət göstərəcək mərkəzə çevrilməsinə xidmət edən və nəticə etibarı ilə bəhrəsi olan, Zərdabın bu günündən xəbər verən tarixi bir əsərlər toplusudur.

Həsən bəy Zərdabda məktəbin açılması zərurəti ilə bağlı qələmə aldığı bu müraciət məktubunda çar hökumətinin Bakıdakı rəhbərliyinə çatdırır ki, avamçılıq ucbatından Zərdabda hərc-mərclik, özbaşınalıq, müftəxorluq halları baş alıb gedir.

Həsən bəyin birinci məktubunda (“Kaspi” (№86) qəzetinin 15 noyabr 1881-ci il tarixli) qeyd etdiyi kimi, bu işlərə vaxtında baxılıb qanuni tədbirlər görülməməsi üçün yenə də məhkəmələrin üstündə dayanır. Belə ki, Zərdabi 13 aprel 1983-cü il tarixində “Kaspi” qəzetinin 42-ci sayında çap olunan “Zərdabda məktəb olacaqmı?” məqaləsində məhkəmələrin yerli əhalinin məskunlaşdığı ərazilərdən uzaq bir məsafədə, ayrı-ayrı qəza mərkəzlərində yerləşməsi səbəbindən, məhkəmə işləri ilə bağlı insanların məhkəmələrə gediş-gəlişinin onlara nə qədər maddi, mənəvi, fiziki ziyanlar bahasına başa gəldiyindən, bu səbəblərdən işlərə baxılmasında, araşdırılmasında vaxtın illərlə uzanmasından, eyni zamanda icmanın ümumi istifadəsində olan bərənin müftəxorların əlində icarə adı ilə gəlir mənbəyinə çevrilməsindən şikayətlənir.

Həsən bəy hələ bu məqaləsində şərh etdiyi məsələdən öncə “Kaspi” qəzetinin 1883-cü il tarixli 9-cu sayında yazırdı: “Xalq bəylərin zülmündən ancaq nominal surətdə azad olunmuşdur, faktiki olaraq xalq başqa müftəxorların caynağına keçmişdir ki, onlar xalqı amansız surətdə istismar edirlər”.

Zərdabi rəhbərliyin baş verən cinayətlərin qarşısını almaqda aciz olduğunu, dövlət məmurlarının hərəkətlərinin isə belə iflic vəziyyətdə olması nəticəsində pis əməllərin günü-gündən artdığını göstərir. O, “Kaspi” qəzetinin 1884-cü il 225-ci nömrəsinə göndərdiyi “Ucqardan xəbərlər” başlıqlı məqalələrinin birində kənddə özbaşınalığın hökm sürməsindən, əhalinin qanunun köməyinə əl ata bilməməsindən bəhs edir və göstərir ki, həmin qanunun icraçıları zəhmətkeşlərin istismarçılarıdır, onların alın təri ilə qazandıqlarını zəli tək soranlardır. Buna görə də kəndlilər qanun tərəfindən həqiqi mənada müdafiə oluna bilməzdi.

Zərdabi yazırdı: “… Yerli əhali qanun himayəsindən istifadə etmək imkanlarından məhrumdur, çünki bu qanunun ən yaxşı nümayəndəsi torpaqların doqquzda üçünün sahibidir. Bizdə başdan-başa özbaşınalıq, məhkəməsiz cəzalandırma, kasıblara zülm edilməsi hökm sürür”.

Göründüyü kimi, Həsən bəy Zərdabi bir-birinin ardınca “Kaspi” qəzetinə yazmış olduğu məqalələrində kəndlilərin, yerli əhalinin hüquq və azadlıqlarının müdafiəsində qanunun himayəsindən istifadə etmək imkanından məhrum olmalarını çar hökumətinin yuxarı dairələrinin nəzərinə çatdırır ki, Zərdabda məhkəmənin yaradılmasına zəruri ehtiyac vardır.

Onun “Kaspi” qəzetinə yazdığı “Zərdabda məktəb olacaqmı?” başlıqlı müraciət məktubunda sözügedən bərədən gələn müəyyən vəsait hesabına Zərdabda məktəb açılmasının mümkün olması diqqətə çatdırılır.

Digər tərəfdən isə o, Zərdab kəndində hökm sürən hərc-mərcliyin baş alıb getdiyini, dövlətin məktəb açmaq iqtidarında olmamasını və bu işdə aciz qaldığını bəyan edir. Zaqafqaziyanın müsəlman əyalətlərində xalq maarifi direktorluğunun özünün Zərdabda məktəb açılması istəyində olmasını və bu işdə köməksiz qaldığından məktəb direktorluğunun quberniya rəisinə müraciət etməsini, quberniya rəisinin isə Göyçay qəzasının rəisinə məktəbin açılması barədə tapşırıq verdiyini diqqətə yetirir. Lakin müftəxorların bu işə razılığı olmaması səbəbindən qəza rəisinin də Zərdab icmasının razılığını ala bilməməsi faktını nəzərə çatdıraraq məsələni bir daha çar hökuməti qarşısında qaldırır və onun həlli yollarını göstərir.

İndi isə Həsən bəy Zərdabinin 20 mart 1884-cü ildə Zərdabdan yazdığı və 31 mart 1884-cü ildə “Kaspi” qəzetinin 73-cü sayında dərc olunan 4-cü bir məqaləsi ilə tanış olmaq maraqlı olardı.

“Zərdab 20 mart. “Kaspi” qəzetinin 47-ci sayında Zaqafqaziya dəmir yolunun Bakı-Tiflis xəttinin açılmasından sonra vəziyyət barədə mənim qeydlərimə Göyçay ev sahiblərinin cavabını oxudum. Xeyirxah qonşularıma mən etiraz etmək istəmirəm, mən onların acı hallarına tamamilə təəssüflənirəm, əgər dəmir yol inşaatçısı olsaydım heç bir halda Göyçaydan yan keçməzdim. Nə etmək olar, yol artıq çəkilib və bizim qəzanın bu yolda tək bir stansiyası-Ucar-bizim qəzanın mərkəzi rolunu oynamalıdır, azı maddənin riyazi mərkəzinin əksinə olaraq. Mən, şəxsən, Ucarı deyil, dəmir yolunu alqışlayıram. Göyçaydan birinciliyi dəmir yol stansiyası alır, Ucar olmasın başqa bir yer olsun-eyni şeydir. Göyçayın isə yol çəkildikdən sonra rifahının yaxşılaşmasına sevinirəm. Allah eləsin, o daha da böyüsün və abadlaşsın və bundan sonra: qəzada yaşayış və sənaye mərkəzləri nə qədər çox olsa yaxşıdır.

Mənim həmin qeydlərimdən oxucular öyrənə bilərlər ki, bizim qəzanın uzunluğu 125 verst (= 134km – E.Həsənov.), eni isə 30-40 verstdir (= 37 km -E.Həsənov.). Yalan deyil ki, belə bir ərazidə pozuntuları diqqətdə saxlamaq çətindir, hansı ki, son zamanlar sayı-hesabı yoxdur, xüsusən də qəza polisinin əlində olan vəsaiti nəzərə alsaq. Yəqin ki, Göyçay qəzasının belə uzunluğunu nəzərə alaraq Zərdab kəndinin Kürün o tayındakı torpaqlarını kəsmək qərarına gəliblər ki, qəzanı heç olmasa bir az qısaltsınlar. Lakin, belə kəsmələr zərdablılar üçün çoxlu narahatçılıqlar yaradıb. Daha bir böyük narahatçılıq ondan ibarətdir ki, öz aralarında olan mübahisə və xətaları, onlar üç sülh məhkəməsində həll etməlidirlər, hansı ki, onlardan biri Göyçayda, o biri Xankəndində, üçüncüsü isə Qalağayın kəndində yerləşir ki, o da Zərdabdan 150 verst (= 160 km – E.Həsənov.) uzaqdır.

Axırda belə bir misal gətirim. Hazırda Yelizavetpol dairə məhkəməsində Məşədi Dəmir oğlu ilə onun həmkəndlisi Xəlil Süleyman oğluna zərdablıların iddiası üzrə iş aparılır. İddianın predmeti bağdır, hansı ki, Kürün o tayında yerləşir. İddiaçılar və cavabdeh – Bakı quberniyasının dövlət kəndliləri və onların istifadəsində olan torpaqlar, Yelizavetpol dairə məhkəməsində ittiham olunurlar. Qaydalar, demək olmaz ki, nəzərə alınası deyil.

Həsən bəy Zərdabinin bu məqaləsində; “Zaqafqaziya dəmir yolunun Bakı-Tiflis xəttinin açılışından sonra vəziyyət barədə mənim qeydlərimə Göyçay ev sahiblərinin cavabını oxudum…” deyərək və eyni zamanda bu məqaləsinin ikinci abzasında yenə əvvəlki məqalələrində qeyd etdiyi kimi  məsələnin əsas obyekti olaraq, Zərdabın qədim torpaqlarının bir ərazi vahidi daxilində birləşdirilməsi, onun parçalanmasının qarşısının alınması barədə, mövcud vəziyyətdən irəli gələrək üstüörtülü şəkildə qələmə aldığı mövzunu bir qədər açıqlamaq hesab edirəm ki, oxucularımız üçün daha maraqlı olardı.

Ilk öncə onu diqqətə çatdırım ki, Zərdabi “Əkinçi” qəzetinin 5 sentyabr 1875-ci il tarixli, 4-cü nömrəsində “daxiliyyə” xəbərlərində yazmışdır: “Tiflisdən Badkubəyə dəmir yolu  çəkilişi ilə bağlı  Peterburq qəzetləri bəyan edirlər ki, onun tulu 520 verst (= 575 km – E.Həsənov.) olacaqdır. Onun xərci 22 158 000 manat, hər verstə 42 537 manat olacaqdır”.

Həsən bəy Azərbaycanın təbii-iqtisadi şəraitini, relyefini dərindən bilən mütəxəssis-alim kimi bu məsələyə münasibət bildirmişdir. Zərdabi tərəfindən Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə əlaqədar onun ilkin variantını  verməsi (layihə reallaşanadək) o dövrdə yalnız onun özünə məxsus mütəxəssislik səriştəsi ilə bir yerquruluşu mütəxəssisi kimi torpaqayırma qaydasında vermişdir.

Bu barədə daha ətraflı “H.B.Zərdabinin Bakı-Tiflis dəmir yolu xəttinin çəkilişi ilə bağlı verdiyi variantlar” başlıqlı məqalədə tanış olmaq olar (19.05.2012-ci il tarixdə-www.zerdab.com saytında yayımlanmışdır).

Dəmir yolu çəkilişindən (1883-cü il) sonra, əhali öz mədəni, iqtisadi, ticarət əlaqələrini yaxşılaşdırmaq və möhkəmlətmək məqsədilə tədricən həmin dəmir yolu xətti boyunca məskunlaşmağa, yaşayış məntəqələri salmağa məcbur olmuşdur.

Həsən bəyin “Kaspi” qəzetində dərc olunan məqaləsindən belə məlum olur ki, dəmir yolu xəttinin birbaşa qəza mərkəzi olan Göyçaydan keçməməsini, özünün qeyd etdiyi kimi, “Göyçay ev sahibləri” belə hesab edirlər ki, əgər Həsən bəy istəsəydi dəmir yolunun Ucarın mərkəzindən yox, Göyçaydan keçməsinə təkan vermiş olardı. Onlar belə hesab etmişlər ki, bu işin həlli yolu, böyük nüfuz sahibi olan Həsən bəydən asılı olmuşdur. Həsən bəy bu məqaləsində həmyerlilərini başa salır, incikliyin qarşısını alır və deyir ki, “əgər dəmir yolu inşaatçısı olsaydım heç bir halda Göyçaydan yan keçməzdim”. O nəzərə çatdırır ki, dəmir yolu xətti istər Göyçaydan keçsin, istərsə də Ucardan, fərqi yoxdur, ən əsas məsələ  odur ki, artıq dəmir yolunun tək bir stansiyası – Ucar bizim qəzanın mərkəzi rolunu oynamalıdır.

Həsən bəy Zərdabi bundan öncə “Kaspi” qəzeti vasitəsi ilə qaldırdığı məktublarında olduğu kimi, bu məqaləsində də təkrar olaraq yenə də ərazi məsələsini gündəmə gətirir. Göyçay qəzasının uzunluğunun 125 verst, eninin isə 30-40 verst arasında olduğunu, böyük bir ərazini əhatə etməsini göstərir. Qəzanın ərazisinin məsafəcə uzunluğu, ərazicə böyüklüyü səbəbindən onun daxilində Zərdabın Kürün o tayındakı torpaqlarının kəsmək qərarına gəlindiyini bildirir ki, qəzanın ərazisini bir qədər kiçiltmək fikrindədirlər. Bu da  nəticə etibarı ilə  əhali arasında  böyük narahatçılığa gətirib çıxarır ki, Zərdaba məxsus olmuş torpaq sahələri əldən çıxır.

Yeri gəlmişkən qeyd edim ki, Kürün o tayındakı torpaqlar dedikdə, Kür çayının sağ sahili boyunca yerləşən, Tuqay meşələri ilə əhatə olunan, vaxtı ilə Zərdabın-zərdablıların istifadəsində olmuş məhsuldar, münbit torpaq sahələri nəzərdə tutulur. Hansı ki, zaman kəsiyində Zərdaba məxsus olan torpaq sahələri tədricən onun istifadəsindən geri alınmışdır. Hazırda həmin torpaq sahələri Zərdab rayonu ilə qonşuluqda yerləşən indiki qonşu Ağdaş, Ağcabədi və  İmişli rayonlarının istifadəsində olmaqla onlara təhkim edilmişdir.

Həsən bəy bu yazısında bütün baş verən torpaq-hüquq münasibətlərinin tənzimlənməsi işinin məhkəmələrdən asılı olduğunu göstərir. Qeyd edir ki, zərdablılar baş verən  hər hansı bir mübahisəli məsələnin tənzimlənməsini 3 sülh məhkəməsində nizama salmalıdır. Həmin məhkəmələrdən birinin Göyçayda, birinin Şuşa qəzasının Xankəndi kəndində, üçüncüsünün isə Cavad qəzasının Qalağayın kəndində yerləşdiyini və onlarla Zərdab arasında 150 verstlik bir məsafənin olmasını vurğulayır. Həsən bəyin bu məqaləsindən də bizə aydın olur ki, o, doğma kəndi Zərdabın ayrı-ayrı qəzalar daxilində qalan torpaqlarının parçalanmasının qarşısının alınmasına onun bir inzibati ərazi vahidliyi daxilində,  mərkəzi Zərdab olmaqla fəaliyyət göstərməsinə çalışırdı.

Göründüyü kimi, Həsən bəy Zərdab mühitində mövcud olan vəziyyətin canlı şahidi olaraq Zərdabda yaşadığı 1880-1896-cı illər ərzində, Zərdabla bağlı tarixi prosesləri qələmə almış və onları “Kaspi” qəzeti vasitəsilə işıqlandırmışdır. Millətin mənəvi atası hesab olunan Zərdabi hələ 1875-ci ildə “Əkinçi” qəzeti vasitəsi ilə millətinin gözünü açmağa çalışmışdır. Millət fədaisi belə bir vəziyyətlə bağlı “Əkinçi” qəzetinin 1875-ci il tarixli, 42-ci sayında xalqına müraciət edərək onların nicat tapması yolunun ən başlıca çıxış yolunu təhsil almaqda, savadlanmaqda görür və bunu belə şərh edirdi: “Bizi əvvəl oğrular və indi bəzi advokadlar (advokadlar dedikdə – vəkillər nəzərdə tutulur – E.Həsənov.) soymağına səbəb biz özümüzük. Nə qədər biz əvamıq, bizi aldadan olacaqdır… Advokatlardan bizi xilas etməliklə, biz xoşgüzəran olmayacayıq, onlar olmayanda bir qeyri müftəxor bizim malımıza şərik olacaqdır…

Elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın”. Bundan əlavə “Əkinçi” qəzetinin 1877-ci il tarixli, 18-ci sayında yazırdı: “Hindistanın altmış milyon müsəlmanı bir neçə yüz ingilis əlində giriftar olub onlar üçün sağmal inək təki olmağı məgər elmsizlikdən deyil?”.

Zərdabi belə bir torpaqdan tez bir zaman ərzində elmin, incəsənətin, maarifin, mədəniyyətin görkəmli nümayəndələrinin çıxacağına əmin idi. Kür çayı sahili boyunca yerləşən, sıx Tuqay meşələri ilə əhatə olunan Zərdab torpağında dünyaya göz açan Həsən bəy Səlim bəy oğlu Məlikov doğma yurdu olan Zərdabın adı ilə bağlı olaraq özünə Zərdabi təxəllüsünü təsadüfən seçməmişdi.

Həsən bəy arzularının, ideyalarının həyata keçməsi üçün xalqının, millətinin cəhalət girdabından, zülmdən, əsarətdən xilas olunması, səadətə, işıqlı sabaha qovuşması, tərəqqi etməsi yolunu ilk növbədə kütlələrin maariflənməsində, təhsil almasında, elmi biliklərə yiyələnməsində görürdü. Bu işlə bağlı 16 illik Zərdab həyatında nəinki zərdablıların, bütövlükdə Azərbaycan-Türk dünyası, eləcə də digər xalqların nümayəndələrinin təhsili, tərəqqisi naminə ömrünün sonunadək həyat yoldaşı Hənifə xanım Məlikova ilə misli görünməmiş xidmətlər göstərmişdir.

 Zərdabda yaşadığı zaman Həsən bəy Zərdabinin ən uğurlu işlərindən biri o idi ki, doğma kəndində iki sinifli məktəb açılmasına nail olmuşdur.

Nəhayət, Həsən bəyin digər sahələrdə olduğu kimi, bu sahədə də çox gərgin fəaliyyətindən, mübarizəsindən sonra doğma kəndi Zərdabda məktəb açılmasına icazə verilir. Bu sevinci və zəhmətinin bəhrəsi ilə əlaqədar o, “Kaspi” qəzetinin 1885-ci il tarixli 91-ci nömrəsində yazırdı: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda iki sinifli məktəb açılacaqdır”. Bu istiqamətdə fəaliyyəti ilə əlaqədar onun Zərdabda yaşadığı illər ərzində, deyək ki, 1883-cü ildə, Bakıya “Kaspi” qəzetində çap olunmaq üçün göndərdiyi “Zərdabda məktəb olacaqmı?” adlı məqaləsi daha böyük aktuallıq kəsb edir. Bu dahi şəxsiyyətin belə bir başlıq altında yazmış olduğu yazısında məsələlərə kompleks şəkildə yanaşaraq o dövrdə cərəyan edən bir çox məsələlərin qabardılması, şərh olunması yalnız Həsən bəy kimi qorxmaz, mərd, cəsur, vətənini, millətini sevən, mütərəqqi dünyagörüşünə malik, dahi bir şəxsiyyətin işi ola bilərdi. Hesab edirəm ki, burada Həsən bəyin “Kaspi” qəzeti vasitəsi ilə işıqlandırdığı və çar hökumətinə, onun yerlərdəki nümayəndəliklərinə çatdırdığı və nəticə etibarı ilə məqsəd və məramına yetməsi, arzu və istəklərinin həyata keçməsi, eyni zamanda gələcək zaman üçün daha mükəmməl şəkildə təməlini qoyması faktları ziyalılarımıza yaxşı məlumdur.

Dahi mütəfəkkirin paytaxt Bakı şəhərində, o cümlədən doğulduğu doğma yurdu Zərdabdakı fəaliyyəti dövründə qarşısına qoyduğu və bu yolda min bir əzab-əziyyətə qatlaşdığı məqsədyönlü işlər artıq tam şəkildə bəhrəsini vermişdir.

Həsən bəy Zərdabi xalqının qəflət və cəhalət yuxusundan, kasıbçılıqdan, əsarətdən azad olmağını, vətənində elmin, incəsənətin, mədəniyyətin, maarifin inkişaf etdirilməsinin yeganə çıxış yolunu məktəblərin açılmasında, kütlələrin savadlanmasında görürdü. O, Azərbaycanda bütün bu ideyalarının əməli olaraq, əyani surətdə təməlinin qoyulmasına nail olmuşdur.

Əziz oxucular, gəlin statistikaya müraciət edək və diqqət yetirək ki, təkcə Həsən bəyin doğulub boya-başa çatdığı, vaxtilə mollaxanada ilk ibtidai təhsil aldığı ucqar bir yaşayış məntəqəsi kimi mövcud olmuş Zərdabda uzun əzab-əziyyətdən sonra iki sinifli məktəb açılmasına nail olduğu indiki müasir Zərdabda bu gün millət fədaisinin arzu və istəkləri necə həyata keçirilir. Bəli, Həsən bəyin ruhu şaddır ki, əməyinin bəhrəsi olaraq, hazırda onun doğma yurdu Zərdabda 76 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir. Rayon mədəniyyət və turizm şöbəsinin nəzdində 21 mədəniyyət evi, 2 klub, 49 kitabxana, 1 uşaq incəsənət məktəbi, bir neçə muzey (o, cümlədən Həsən bəy Zərdabi adına muzey), mədəniyyət və incəsənət parkı fəaliyyət göstərir. Zərdabda maarifin inkişaf etməsində, məktəblər açılmasında çıxış yolları axtaran, əzablı-əziyyətli günlər keçirən millət fədaisinin arzuları artıq onun bu doğma yurdunda tam şəkildə həyata keçmişdir. Bu gün Zərdabda 28 orta məktəb, 9 əsas, 4 ibtidai məktəb, 19 məktəbəqədər, 5 məktəbdənkənar tədris müəssisəsi vardır. Vaxtı ilə nəinki Zərdabda, bütövlükdə Azərbaycanın heç bir yerində Həsən bəydən və onun xanımı Hənifə xanım Məlikovadan savayı bir nəfər də olsun təhsilli müsəlman – Azərbaycan müəllimi yox idi. Fəxrlə qeyd etmək olar ki, indi təkcə Zərdab rayonunda ümumtəhsil məktəblərində 1000 nəfərdən çox pedaqoji işçi, uşaq bağçalarında 710 nəfərdən çox tərbiyəçi fəaliyyət göstərir. Heydər Əliyev fondunun təşəbbüsü ilə Zərdab rayonunda hər il yeni-yeni məktəb binaları tikilir və istifadəyə verilir. Son illərdə rayonun Yarməmmədbağı kənd məktəbi üçün 264 yerlik, Dəkkəoba kənd məktəbi üçün 180 yerlik, Körpükənd (Xasa) kənd məktəbi üçün 100 yerlik məktəb binaları, Yuxarı Seyidlər kənd orta məktəbi üçün  100 yerlik əlavə korpus, Məlikli kəndində 360 yerlik, Xanməmmədli kəndində 100 yerlik və sair kəndlərdə məktəb binaları tikilib istifadəyə verilmişdir. Həsən bəy qarşısına qoyduğu hər hansı bir işin həyata keçməsinə ardıcıllıqla, planlı şəkildə, sözünün kəsəri, qələminin gücü, elmi, nəzəri, iqtisadi və siyasi biliyi ilə nail olurdu. Yeri gəlmişkən qeyd edək ki, qədim Azərbaycan torpaqlarının vaxtilə istifadə olunma vəziyyətinə, ayrı-ayrı dövrlərdə xanlıqlar, quberniyalar, qəzalar və s. üzrə olan ərazi bölgüsünə dair sənədlərə, tarixi məlumat bazasına əsaslanan, ən əsası isə bu işlərin bir yerquruluşu mütəxəssisi kimi, praktiki olaraq yerlərdə icraçısı olmuş Həsən bəy vaxtı ilə doğma yurdu Zərdaba məxsus olmuş torpaqların geri qaytarılaraq onu böyük bir region kimi görmək istəyi, arzusu ilə daima çar hökuməti qarşısında vəsatət məktubları ilə çıxış etmişdir.

Oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, ilk əmək fəaliyyətinə Tiflisdə “Torpaq palatası”ndan başlamış, yerlərdə planalma, mərzçəkmə işlərini aparmış olan, yerquruluşçusu, torpaq müfəttişi vəzifəsində, eyni zamanda mərzçəkmə komissiyasının tərkibində məhkəmə üzvü kimi fəaliyyət göstərmiş bu dahi insan doğma yurdu Zərdabda yaşadığı 16 il müddətində də onun üçün doğma olan bu işin icrasına əməli köməklik göstərmişdir.

Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ilə dərindən tanış olan hər kəsə məlum olar ki, Zərdabda yaşadığı illərdə də o, keçmiş Göyçay qəzası üzrə və onunla qonşuluqda yerləşən qəzalar üzrə sərhəd hüdudlarının müəyyənləşdirilməsi, torpaq istifadəçiləri, icarəçiləri, mülkiyyətçiləri arasında torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, mərzçəkmə işlərinin tətbiqi ilə mütəmadi olaraq məşğul olmuşdur.

Həsən bəyin məktublarından, rəsmi yazılarından məlumdur ki, bir inzibati sərhəd daxilində Zərdabın gələcəkdə mərkəz kimi fəaliyyət  göstərməsi, abad bir bölgəyə çevrilməsi yolunda nə qədər zəhmət çəkmiş və nəticə etibarı ilə bu işin təməlini qoymuşdur. Nəhayət, ölkə daxilində rayonlaşma işləri aparılan zaman Şamaxı, Göyçay, Cavad, Ərəş və Şuşa qəzalarının inzibati sərhədləri daxilində qalan qədim Zərdab torpaqları tam şəkildə olmasa da, çox hissəsi geri qaytarıldı və  Zərdab rayon statusu aldı.

Beləliklə, Həsən bəyin vaxtilə qeyd etdiyi, gah bu, gah da digər qəzaların tərkibinə daxil olan kəndlər birləşdirildi və Zərdab kəndi inzibati rayon mərkəzinə çevrildi. 1935-ci il fevral ayının 5-də Zərdab rayonu təşkil edildi.

Zərdab rayonunu əhatə edən yaşayış məntəqələrinin böyük-kiçikliyindən asılı olmayaraq qədim Azərbaycan torpağının bu dilbər guşəsindən neçə-neçə elm, incəsənət, maarif, mədəniyyət, mətbuat, səhiyyə, ümumiyyətlə xalq və kənd təsərrüfatının bütün sahələri üzrə görkəmli tarixi şəxsiyyətlər, nüfuzlu el ağsaqqalları, din xadimləri, əmək və müharibə qəhrəmanları, bilik sahibləri, alimlər çıxmışdır.

Onlardan Həsən bəy Zərdabinin özünün, atası Səlim bəy, babası Rəhim bəy, həyat yoldaşı Hənifə xanım Məlikova, oğulları Midhəd bəy, Səffət bəy Məlikovları, qızları Pəri xanım Məlikova (Topçubaşova), Qərib Soltan xanım Məlikova, Həsən bəyin atasının dayısı, general-leytenant Fərəc bəy Ağayev, qardaşı oğlanları, ilk azərbaycanlı fizik-professor Rəhim bəy Məlikov, Azərbaycan teatrının tərəqqisində müstəsna xidmətlər göstərmiş, tamaşalarda parlaq obrazları ilə yaddaşlarda iz qoymuş Məhəmməd bəy Məlikov Əlvəndi, Həsən bəyin nəslindən olan yaxın qohumu, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri, “Şöhrət” ordenli, əməkdar elm xadimi Böyükkişi Ağayev, Zərdabın Bıçaqçı kəndindən olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov, Dəli Quşçu kəndindən Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehrəliyev, respublikada quruculuq, təsərrüfat, partiya, sovet işlərindəki əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən, Zərdabdan ilk olaraq Rayon PK-nın birinci katibi olmuş və uzun illər bu vəzifədə işləmiş Ələddin Həsənov, Məmmədqasımlı kəndindən adlı-sanlı təsərrüfat rəhbəri Nurəhməd Müzəffərov, ədliyyə generalı Azər Cəfərov, bəstəkar Rauf Hacıyev, Qaravəlli kəndindən olan, İranın Qum, Məşhəd, İraqın Nəcəf şəhərində mükəmməl dini təhsil almış, Bakıda “Təzə pir” məscidinin axundu olmuş, xeyriyyəçi kimi tanınmış Şeyx Əbdürəhman Molla Tağı oğlu, Mingəçevir şəhərinin baş axundu, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi kimi fəaliyyətdə olan, dini qurultayda Qazi seçilən, filologiya elmləri doktoru Xanəli Babayev, elmin müxtəlif sahələri üzrə dünyanın çox yerlərində tanınmış professorlar Damət Bağırov, İsmayıl Məmmədov, Çingiz Cərullazadə, İsa İsayev, Hasil Fətəliyev, Aslan Eyvazov, İfrat Əliyeva, Jalə Əliyeva, Məhərrəm Məmmədovun və bir çox həmyerlilərimizin adlarını fəxrlə çəkə bilərəm ki, biz Zərdabi yurdunun övladları onlarla fəxr edir və qürur hissi duyuruq. Bu kimi həmyerlilərimizin siyahısını uzada bilərik. Bəli, biz ziyalılar yaxşı başa düşürük ki, həyatımızda qazandığımız bütün nailiyyətlərimiz Azərbaycanda elmin, incəsənətin, mədəniyyətin, iqtisadiyyatın, səhiyyənin, maarifin əsasını qoymuş millətimizin mənəvi atası  hesab olunan Həsən bəy Zərdabi zəhmətinin bariz nümunəsidir.

 Abdulla Şaiq Həsən bəy Zərdabinin xatirəsinə həsr etdiyi “Görkəmli xalq xadimi” başlıqlı məqaləsində yazırdı: “Bakı dumasının üzvü olduğu üçün Həsən bəy yeni mədəni-maarif ocaqları açdırmaq işində bu mövqeyindən də istifadə edir, maarif şöbəsinin hesabına olaraq məktəblər açırdı. Azərbaycan maarif və mədəniyyətinin tarixində Həsən bəyin unudulmaz mövqeyi vardır”.

Qeyd edim ki, görkəmli ictimai-siyasi xadim Həsən  bəy Zərdabi 10 il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə olmuş, 1905-ci ildən isə maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq ömrünün axırına kimi bu vəzifədə çalışmış, öz milləti və xalqı üçün sonsuz və misli görünməmiş dərəcədə xidmətlər göstərmişdir.

“Maarifdən, elmdən məhrum xalq işıqdan məhrumdur” deyən Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikova 1925-ci ildə “Əkinçi” qəzetinin nəşrinin 50 illiyi münasibətilə “Həsən bəy Zərdabinin tərcümeyi-halı” xatirəsində yazırdı: “Həsən bəy Bakını müsəlmanların maariflənməsi üçün mərkəz kimi görürdü. Bakının mənafeyi Həsən bəyə çox yaxın idi. Dumanın gələcək deputatı kimi öz adəti üzrə şəhərin qayğılarına çox həvəslə yanaşırdı.

 Şəhərin keçmiş başçısı Rayevski Həsən bəyin dəfnində demişdi: “Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim.”

Həsən bəy Şəhər İdarəsində həmişə məktəb komissiyasının üzvü olurdu. İbtidai şəhər məktəblərinin hamısı Həsən bəyin əli ilə açılmışdır. O, məktəblər üçün lazım olan şeyləri tələb edirdi. Tiflisdə və Bakıda ali məktəb açmaq məsələsi ortaya çıxarkən politexnikum üçün çox böyük məbləğ buraxılması təklif olunmuşdu. Həsən bəy Dumanın iclasında belə demişdi: ”Qoy şəhərimizdə kasıblar üçün daha çox ibtidai, peşə, kənd təsərrüfatı məktəbləri açılsın. Tiflis üçün lazım olan yüz minləri şəhərin neft sənayesi sahibləri: Qukaşovlar, Montaşovlar, Xatuşovlar və başqaları verməlidirlər. Çünki, politexnikumda çəkic vuran İvanın və ya dartayçı Abdulun uşaqları deyil, onların uşaqları oxuyacaqlar”.

Onun təkcə məktəb işi ilə bağlı fəaliyyətini əks etdirən bircə faktı qeyd etmək istərdim. Həsən bəy Zərdabinin dəfn mərasimində nitq söyləyən Əhməd bəy Ağayev belə qeyd etmişdir: “Əlan Bakıda 11 rus-tatar müsəlman məktəbi var! Bu məktəblər cümləsi o, biçarənin səylərinin, zəhmətlərinin nəticəsidir!”“İrşad” qəzeti, №122, 02 dekabr 1907-ci il.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Qasımzadə Həsən bəy Zərdabi və Zərdab torpağı haqqında demişdir: “Mən Həsən bəy Zərdabiyə borcluyam, mənim atam Mirzə Feyzulla Qasımzadə ocağı Həsən bəy Zərdabiyə borcludur, biz ziyalılar Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı tərəfə yatmalıyıq. Həsən bəy Zərdabinin doğulduğu Zərdab torpağı bizim qibləmizdir”.

 Mərhum akademik Fuad Qasımzadənin Zərdabi haqqında, Zərdab torpağı haqqında qeyd etdiyi bu qiymətli tarixi yazı bütöv Azərbaycan ziyalılarının Zərdabi şəxsiyyətinə dərin hörmət və ehtiramının bariz nümunəsi olmaqla yanaşı, Zərdab torpağının, Zərdabi yurdunun elmin, maarifin mədəniyyətin  beşiyi olmasının təsdiqi deyilmi?!

Bu gün Həsən bəy Zərdabinin heykəlləri və məzarı qarşısında baş əyən hər bir kəs yaxşı bilir ki, o, əziyyətlər çəkərək millətimizi, xalqımızı qəflət yuxusundan ayıltmaq istəyərkən necə nadanlarla qarşılaşmalı olmuş, beynində həkk etdiyi ideyaları bütün varlığı ilə bağlı olduğu doğma Azərbaycan xalqının tərəqqisinə sərf etmişdir.

Xalqının, millətinin, vətəninin azadlığı, işıqlı gələcəyi yolunda göstərdiyi misilsiz xidmətləri, çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti Həsən bəyə əbədi həyat vəsiqəsi qazandırmışdır.

Millət fədaisi Həsən bəy Zərdabinin misilsiz xidmətləri və ideyaları bu gün müstəqil Azərbaycan Respublikasında daha yüksək qiymətləndirilməklə həyata keçirilir.

Çox əlamətdar və sevindirici bir haldır ki, ilk dəfə olaraq Həsən bəy Zərdabinin yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 04.06.2012-ci il tarixli Sərəncam imzalanmış və  yubileyin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Sərəncamdan irəli gələn məsələlərin həlli üçün qərar verilmişdir.

Zədabişünaslar, Zərdabi sevərlər Milli Mətbuat günündə Həsən bəyin məzarını ziyarət edərkən (22 iyul 2012-ci il Fəxri Xiyaban)

Biz Azərbaycan ziyalıları, Zərdabi yurdunun övladları olaraq Zərdabi ənənələrinə, ideyalarına, arzu və istəklərinə sadiq olaraq, ölkə prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşməli, onun uğurla həyata keçirməkdə olduğu daxili və xarici siyasəti dəstəkləməklə xalqımızın, millətimizin daha işıqlı gələcəyi yolunda, bütün sahələrdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəlməliyik. Bu, Zərdabi yurdunun hər bir övladının, bütövlükdə hər bir Azərbaycan vətəndaşının ən başlıca vəzifəsidir. 

Ruhun şad olsun,  ey millətinin  fədaisi,  mənəvi atası dahi Həsən bəy!