Zərdab rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Əziz bacılar və qardaşlar!
Əziz zərdablılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün mən Zərdab rayonuna gəlmişəm, sizinlə birlikdəyəm, vəziyyətlə tanış olacağam. Ancaq indi rayona daxil olarkən görürəm ki, çox gözəl abadlıq-quruculuq işləri aparılır, yollar salınır. Bu, məni çox sevindirir. Çünki hər bir rayonun inkişafı bizim üçün çox vacibdir və bu, indi Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biridir.
Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində Azərbaycanda 600 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Onların da böyük əksəriyyəti artıq iki il yarım ərzində açılmışdır. Rayonların sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, abadlıq-quruculuq işlərinin aparılması Azərbaycanı daha da hərtərəfli inkişaf etdirəcəkdir. Çünki bizim ölkəmizin gələcək inkişaf perspektivləri çox gözəldir və çox aydındır. Mən çox istəyirəm ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi müasir standartlara cavab versin, bütün kəndlərdə abadlıq işləri aparılsın, yollar salınsın, elektrik enerjisi ilə təminat yaxşılaşsın. Bir sözlə, insanların gündəlik həyatında çox müsbət dəyişikliklər baş versin. Biz indi bu işləri görürük. Azərbaycanın çox inamlı inkişafı göz qabağındadır. Ümid edirəm ki, gələcək illərdə biz daha böyük uğurlara nail olacağıq.
Görülən bütün bu işlərin təməli 1990-cı illərin ortalarında qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin abidəsinin önündə çıxış edərkən qeyd etməliyəm ki, məhz onun fəaliyyəti nəticəsində Azərbaycan çox ağır, çətin vəziyyətdən uğurla çıxmışdır və indi iqtisadi baxımdan dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən biridir. Bu gün Azərbaycan yüksəliş yolundadır, ölkəmiz hərtərəfli inkişaf edir və bu sahədə, əlbəttə, gələcəkdə də böyük işlər görülməlidir. Əsas odur ki, ümumi xətt – Heydər Əliyev siyasəti dəyişməz olaraq qalır, strategiya dəyişməz olaraq qalır. Biz bunu rəhbər tutaraq, Azərbaycanımızı daha da zənginləşdirəcəyik.
Ancaq həyat yerində durmur. Qarşımıza yeni məsələlər çıxır, yeni çağırışlar ortaya çıxır, dünyada vəziyyət dəyişir, bölgədə vəziyyət dəyişir. Biz buna hazır olmalıyıq. İlk növbədə, Azərbaycanın iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyi təmin olunmalıdır. İndi bu məsələlər dünyada gedən proseslərə çox böyük dərəcədə təsir göstərir. O ölkələr ki, öz siyasətini, öz fəaliyyətini daxili imkanlar üzərində qurur, onlar, əlbəttə, öz siyasətini müstəqil şəkildə apara biləcəklər.
Bizim əsas məqsədimiz müstəqilliyimizi daha da möhkəmləndirməkdir və bunu etmək üçün iqtisadi imkanlar daha da geniş olmalıdır. Məhz bu məqsədlə iqtisadi islahatlar aparılır. Yeni proqramlar qəbul olunur və Azərbaycan iqtisadi cəhətdən tam şəkildə özü-özünü təmin edir. Biz heç kimin yardımından asılı deyilik, heç kimin maddi dəstəyinə də ehtiyacımız yoxdur. Azərbaycanın uğurlu neft strategiyası onu iqtisadi inkişaf baxımından qabaqcıl ölkələr sırasına gətirib çıxaracaqdır.
Bildiyiniz kimi, bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi təkcə bizim üçün yox, bütün bölgə üçün tarixi hadisədir. Gələcəkdə bu neft kəməri dünyada gedən proseslərə böyük təsir göstərəcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın uzunmüddətli inkişaf imkanlarını artırır. Xalqımız daha da yaxşı yaşayacaq, Azərbaycanın büdcəsi daha da artacaqdır. Son üç il ərzində büdcə xərcləri təxminən üç dəfə, ondan da çox artmışdır. Bu bizə imkan verir ki, müxtəlif sosial proqramları həyata keçirək. İndi Azərbaycanda müxtəlif yerlərdə 6 elektrik stansiyası tikilir. Bu o deməkdir ki, qısa müddət ərzində Azərbaycanda elektrik enerjisi qıtlığı aradan qaldırılacaqdır. Müxtəlif bölgələrə qaz xətləri, su kəmərləri çəkilir, həm magistral yollar, eyni zamanda, şəhərlərarası yollar salınır.
Misal üçün, Ucar-Zərdab yolu əsaslı təmir edilmişdir və indi yüksək standartlara cavab verir. O cümlədən kənd yollarının abadlaşmasına böyük diqqət göstərilməlidir. Çünki bu, infrastruktur deməkdir. İnfrastruktur olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Yeni müəssisələrin fəaliyyətə başlaması üçün elektrik enerjisi lazımdır. Biz bunu da yeni stansiyaların tikintisi ilə təmin edirik. İqtisadi sahə Azərbaycanda artıq çox uğurla inkişaf edir. Məqsəd ondan ibarətdir ki, insanların rifah halı daha da sürətlə yaxşılaşsın. Bu məqsədlə maaşlar, pensiyalar artırılır və gələcəkdə də artırılacaqdır. Bu məqsədlə sahibkarlığın inkişafına böyük dəstək verilir və bu il Azərbaycan büdcəsində sahibkarlığın inkişafı üçün təxminən 100 milyon dollara qədər vəsait nəzərdə tutulubdur.
Kreditlər veriləcəkdir ki, iş adamları, xüsusilə rayonlarda fəaliyyət göstərən iş adamları bu kapitaldan istifadə edib yeni iş yerləri açsınlar, yeni müəssisələri işə salsınlar. Beləliklə, hər bir bölgə daha da sürətlə inkişaf etsin. Biz çalışırıq ki, kənd təsərrüfatının inkişafına öz köməyimizi göstərək. Bildiyiniz kimi, bu məqsədlə dövlət “Aqrolizinq” yaratdı və onun xətti ilə fermerlərə texnikanın verilməsi nəzərdə tutulur. Gələn il bu məqsədlərə daha da böyük həcmdə vəsait ayrılacaqdır. Beləliklə, rayon yerlərində iş yerlərinin açılması daha da sürətlə gedəcəkdir.
Sosial məsələlərin həlli də diqqət mərkəzindədir. İndi Azərbaycanda məktəb tikintisi geniş vüsət almışdır. Təkcə keçən il 300-dən çox məktəb tikilibdir. Bu il də təxminən bu qədər yeni məktəb tikiləcəkdir. Çünki buna böyük ehtiyac var. Azərbaycanda 4500 məktəb var. Onların təxminən 60-70 faizi o qədər də yaxşı vəziyyətdə deyil, təmirə ehtiyac var, yeni məktəblərin tikintisinə ehtiyac var. Bunu etmək üçün vəsait lazımdır. Biz də bunu təmin edirik. Tibb mərkəzləri, digər sosial infrastruktur obyektləri tikilir, bütövlükdə sosial sahəyə böyük diqqət verilir.
Bilirsiniz, indi Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Bazar iqtisadiyyatının özünəməxsus əlamətləri var. Doğrudur, bunlar dünyada ən mütərəqqi prinsiplərdir və bütün inkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatı tam şəkildə bərqərar olunubdur. Ancaq bununla yanaşı, biz sosial məsələlərin həllinə də çalışmalıyıq. Sırf bazar iqtisadiyyatı üzərində qurulan iqtisadi mexanizm o qədər də böyük uğur gətirmir. Çünki belə olan halda, insan amili unudulur. Biz isə istəyirik ki, əsas səylərimizi məhz insanların daha da yaxşı yaşamasına yönəldək. Ona görə bizim dövlət büdcəmiz də sosialyönümlüdür. Orada maaşların, pensiyaların, digər müavinətlərin verilməsinə böyük xərclər nəzərdə tutulub və bu, gələcəkdə daha da artacaqdır.
Bu gün Azərbaycanın dövlət büdcəsi, icmal büdcə 5 milyard dollardan yuxarıdır. Halbuki, üç il bundan əvvəl bu, təxminən 1 milyard dollardan bir az çox idi. Gələcək illərdə bu, daha da artacaq və öz növbəsində, Azərbaycanın bütün məsələlərinin həllində bizə imkan yaradacaqdır. Beləliklə, biz ölkəmizi daha da möhkəmləndirəcəyik, zənginləşdirəcəyik. Azərbaycanın bütün bölgələri daha da sürətlə inkişaf edəcəkdir. Regionların sosial-iqtisadi inkişafı proqramı çox uğurla icra edilir və beləliklə, Azərbaycanın qarşısında duran əsas problemlər öz həllini tapacaqdır.
Mən də buna çalışıram. Mənim məqsədim bundan ibarətdir. İki il yarım bundan əvvəl prezident seçkiləri ərəfəsində bu proqramla çıxış etmişəm. Bu gün bu sözlərə sadiqəm. Həyat və praktika onu göstərir ki, verilmiş bütün vədlər, təklif edilmiş bütün proqramlar reallıqda öz əksini tapır. Əsas da budur. Əsas odur ki, sözlə əməl arasında birlik olsun, görülən tədbirlər nəticəsində irəliləyiş olsun. Bu irəliləyiş təkcə iqtisadi göstəricilərdə yox, eyni zamanda, insanların gündəlik həyatında öz əksini tapsın. Əgər belə olarsa, onda Azərbaycan xalqı daha da yaxşı, firavan yaşayacaqdır. Bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar yaxşı yaşasınlar, zəngin yaşasınlar, sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar. Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanılsın, vətəndaş birliyi möhkəmlənsin, Azərbaycan xalqı qarşıda duran bütün vəzifələri inamla yerinə yetirsin. Bu gün biz bunu görürük.
Son illər ərzində Azərbaycanda gedən müsbət proseslər Zərdab rayonunun timsalında artıq özünü göstərir. Sizin rayonunuz abadlaşır, gözəlləşir. Siz bunu məndən yaxşı bilirsiniz, burada yaşayırsınız. Gələcəkdə görüləcək tədbirlər nəticəsində rayon daha da gözəlləşəcək, abadlaşacaq, insanlar daha da yaxşı yaşayacaqlar. Mən bunu arzulayıram və bu məramla Zərdaba gəlmişəm.
Sizi bir daha ürəkdən salamlayıram, sizə uğurlar arzulayıram. Sağ olun.
1 iyul 2006 – cı il. www.zerdab.com. Mənbə: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin K İ T A B X A N A S I.