AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q ə r a r
09 iyun 2011-ci il. İş №1(106)123/2011 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cabbarov Vidadi Əhməd oğlunun, məhkum edilmiş şəxs Mustafayev Ərəstun Ağası oğlunun və onun müdafiəçisi Eyvazov Füzuli Faiq oğlunun iştirakları ilə, Mustafayev Ərəstun Ağası oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Mahmudov Asif Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq
Müəyyən etdi:
Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ilə (Sədrlik edən: Qarayev Ağaməhəmməd Qurban oğlu) 05 may 1970-ci ildə Zərdab rayonunun Qoruqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşamış, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, barəsində 11 sentyabr 2010-cu il tarixdən həbs qətimkan tədbiri seçilmişdir.
Mustafayev Ərəstun Ağası oğlu – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 3 il 6 ay (üç il altı ay) müddətinə və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 11 sentyabr 2010-cu il tarixdən hesablanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsi tətbiq edilməklə Mustafayev Ərəstun Ağası oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və Ağcabədi Mərkəzi rayon Xəstəxanasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi müəyyən edilmişdir.
İşin halları:
Məhkəmənin hökmünə görə Mustafayev Ərəstun Ağası oğlu 09 sentyabr 2010-cu il tarixdə qanunsuz olaraq əldə etdiyi ümumi çəkisi 5,6 qram narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcı Abbasov Elsevər İskəndər oğluna 20 manata satmışdır.
Bundan başqa Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mustafayev Ərəstun Ağası oğlunun yaşadığı Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindəki evinin həyətyanı sahəsindən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edilərək qurudulmuş ümumi çəkisi 52,3 qram bir ədəd narkotik vasitə olan marixuana kolu, həmin kolu əkib-becərdiyi Zərdab rayonu Qoruqbağı kəndi ərazisindəki meşə zolağından iki ədəd göy rəngli polietilen kisələrə bükülmüş, hər kisədə 305,7 qram və 139,6 qram olan xırdalanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi Mahmudov Asif Yusif oğlu apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri və apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətində müdafiəçi göstərmişdir ki, Mustafayev Ərəstun Ağası oğlu məhkəmədə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, göstərmişdir ki, Rusiyada yaşayarkən bir neçə dəfə nəşə çəkməsinə baxmayaraq narkoman deyil, son vaxtlar da nəşə çəkməmişdir. O, nəşə ağacı əkib-becərməmiş meşədən yabanı halda bitmiş bir ədəd çətənə ağacı taparaq həyətinə gətirib, həyətində saxlamışdır. O, heç kimə nəşə satmamışdır. Meşədə tapılan iki ədəd göy rəngli politilen kisədə olan marixuana ona məxsus deyildir. Polis işçiləri ona qarşı qərəzli mövqe tutaraq onu nahaq yerə həbs etmişlər. Polis işçiləri tərəfindən işgəncələrə məruz qalmış, döyülmüş, buna görə də məcbur olub polis işçilərinin istədiyi izahat və ifadəni vermişdir. Məhkəmə onun verdiyi ifadələri saxtalaşdıraraq hökmdə göstərməmişdir. Göstərilənlərə əsasən müdafiəçi apellyasiya icraatında Mustafayev Ərəstun Ağası oğlunun iştirakını təmin edilməsini, onun barəsində olan Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ləğv edilərək barəsində hər üç maddə ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
Dövlət ittihamçısı Fəyaz Quliyev apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, Mustafayev Ərəstun Ağası oğlunun barəsində çıxarılan Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon məhkəməsinin Mustafayev Ərəstun Ağası oğlunun barəsində 18 yanvar 2011-ci il tarixli hökmü dəyişdirilməlidir.
Apellyasiya şikayətində Mustafayev Ərəstun Ağası oğlunun nəşə ağacı əkib-becərmədiyi, meşədən yabanı halda bitmiş bir ədəd çətənə ağacı taparaq həyətinə gətirdiyi və heç kimə nəşə satmadığı qeyd edilsə də məhkəmə kollegiyası bunlarla razılaşmır.
Belə ki, iş materialları ilə müəyyən edilir ki, Mustafayev Ərəstun Ağası oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmə iclasında araşdırılmış öz ifadəsi, birinci instansiya məhkəməsində şahidlər Abbasov Elsevər İskəndər oğlunun, Əsədov Adil Əsəd oğlunun, Məmmədov Mahir Mehdi oğlunun, Məmmədzadə Azər Asif oğlunun, Nuriyev Bilal Yunis oğlunun, Hüseynov Hüseyn Qüdrət oğlunun ifadələri, məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2010-cu il tarixli, 13615 saylı rəyi, AR DİN Kriminalistik tədqiqatlar idarəsinin 11 sentyabr 2010-cu il tarixli, 10/2297 a saylı arayışı, Zərdab rayon Bitki Mühafizə Mərkəzinin tərtib etdiyi 10 sentyabr 2010-cu il tarixli rəyi və işin digər hallları ilə tam sübuta yetirilmişdir.
Apellyasiya istansiyasında Mustafayev Ərəstun özünü qismən təqsirli bilərək göstərdi ki, evindən tapılmış qurudulmuş marixuana kolunu yabanı halda bitmiş yerdən götürmüş, həmin yeri polis işçilərinə göstərmiş, həmin marixuanadan özü istifadə etmiş, həmin marixuanadan bir dəfə Elsevərə də verərək birlikdə çəkmimşlər. Marixuana çəkdiyinə görə özünü təqsirli bilir. Ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri özü yazmış, birinci ifadəsində yazdıqlarını işgəncələrə məruz qalaraq döyüldüyünü, buna görə də məcbur olub polis işçilərinin istədiyi izahat və ifadəni vermişdir, sonradan ona təsir göstərilməsə də birinci yazmış olduğu ifadəni sonrakı ifadələrinə köçürmüşdür.
İş materiallarından görünür ki, Mustafayev Ərəstun Ağası oğlu birinci izahatı və sonradan ayrı-ayrı vaxtlarda yəni 11.09.10 və 13.09.2010 tarixlərdə təqsirləndirilən şəxs qismində dindirmə protokollarında ifadələri özü yazmış və imzalamış, sonuncu dəfə onunla bərabər protokolu müdafiəçisi olmuş Mahmudov da imzalamışdır (bax iş v.18-19, 30-31, 38-39).
Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi toplanmış subutları tam araşdırmaqla Mustafayev Ərəstun Ağası oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə ittiham olunan cinayət əməllərin törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini düzgün tövsif etmişdir.
Bundan başqa apellyasiya şikayətində Ərəstun Mustafayevin narkoman olmaması qeyd edilsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2010-cu il tarixli 375 saylı rəyindən görünür ki, Mustafayev Ərəstun ağası oğlu narkomaniya xəstəliyindən əzab çəkir (i.v. 81).
Eyni zamanda məhkəmə kollegiyası Mustafayev Ərəstun Ağası oğlunun Polis işçiləri tərəfindən işgəncələrə məruz qalaraq döyüldüyünü, buna görə də məcbur olub polis işçilərinin istədiyi izahat və ifadəni vermişdir kimi ifadələrini və apellyasiya şikayətinin dəlilini müdafiə xarakterli olduğunu nəzərə alıb onun məsuliyyəydən boyun qaçırmaq cəhdi kimi qiymətləndirir. Belə ki, Apellyasiya istansiyasında göstərdi ki, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri özü yazmış, birinci ifadəsində yazdıqları işgəncələrə məruz qalaraq vermiş, sonradan ona təsir göstərilməsə də birinci yazmış olduğu ifadəni sonrakı ifadələrinə köçürmüşdür.
Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci intansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.
Bununla belə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Mustafayev Ərəstun Ağası oğluna ittiham olunan cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif etsə də, Mustafayev Ərəstun Ağası oğluna cəzaların qismən toplamaq yolu ilə ağır cəza təyin etmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cəza cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmündən görünür ki, məhkəmə Mustafayev Ərəstun Ağası oğluna cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, onun ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində 1 nəfər azyaşlı, 1 nəfər yekinlik yaşına çatmayan uşaqlarının olması, ailənin yeganə qazanc gətirəni olmaqla müsbət xasiyyətləndirilməsi cəzanı yüngülləşdirən hallar kimi hesab etsə də ona yuxarıda göstərilmiş Cinayət Məcəlləsinin normalarına zidd olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ağır cəza təyin etmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyəti var.
Həmin Məcəllənin 399.1.5-cü maddəsinin mənasına görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Mustafayev Ərəstun Ağası oğlunun müdafiəçisi Mahmudov Asif Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü dəyişdirilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5 və 404-cü maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası,
Qərara aldı:
Məhkum edilmiş şəxs Mustafayev Ərəstun Ağası oğlunun müdafiəçisi Mahmudov Asif Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəi qismən təmin edilsin.
Mustafayev Ərəstun Ağası oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Zərdab rayon məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü dəyişdirilsin.
Həmin hökmlə Mustafayev Ərəstun Ağası oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş cəza 3 (üç) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəsaları qismən toplamaq yolu ilə üzərində əmlakı müsadirə olunmamaqla 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
Hökm qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilməsin.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Hakim: Kamran Əkbərov