Zərdab Rayon İcra Hakimiyyətinin konfrans zalında “Həsən bəy Zərdabi Azərbaycan mətbuatının və milli teatrının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısıdır ” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə İctimai Televiziyanın “Carçı-film” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərdabinin əmək və fəaliyyətinin tədqiqatçılarından biri Qərənfil Xəlilova və Filologiya elmləri namizədi, dosent, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundova iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin və Zərdabinin abidəsini ziyarət edib, daha sonra Zərdabinin ev muzeyinə baş çəkərək muzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar. Tədbir çərçivəsində Azərbaycan Milli Mətbuatının 135 illiyi və Həsən bəy Zərdabi 170 illiyi ilə əlaqədar Zərdab rayonunda keçirilən ümumrespublika tədbirləri ilə bağlı video çarx nümayiş etdirildi. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Həsən bəy Zərdabi irsindən söhbət açdı. Daha sonra “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. İctimai Televiziyanın “Carçı-film” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərdabinin əmək və fəaliyyətinin tədqiqatçısı Qərənfil Xəlilova Zərdabi irsindən, onun həyat və fəaliyyətindən danışdı. Qərənfil Xəlilova belə bir tədbirdə iştirak etməsindən məmnunluğunu bildirdi. Filologiya elmləri namizədi, dosent, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundova da Həsən bəy Zərdabi haqqında geniş nitq söylədi. Həsən bəy Zərdabi yaradıcılığının hər zaman üçün aktual olduğunu, araşdırdıqca yeni-yeni məqamlar ortaya çıxdığını vurğulayan Nəzmiyyə Axundova araşdırmaların bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etdi. Tədbiri Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev yekun nitqi ilə yekunlaşdırdı.