Niyə uşaqlarımızın fikirlərinə hörmətlə yanaşmırıq?

1
52
Vüqar Zülfüqar. Həmyerlimiz, tanınmış teleaparıcı

Bugünlərdə internet saytlarında xəbərlərə baxarkən qarşıma olduqca üzücü bir xəbər çıxdı. Orta məktəbi yenicə bitirmiş bir gənc özünü öldürmüşdü. Səbəb həmin gəncin zəif nəticə göstərib hər hansı universitetə daxil ola bilməməsi idi. Bilirəm, bəlkə də sizlər də bu sətirləri oxuyarkən öz-özünüzə “heç insan da buna görə özünü öldürərmi” deyirsiniz? Amma öldürüb. O zaman insanın ağlına  gəlir ki, yəni bığ yeri təzəcə tərləmiş, dünyada nələrin olub bitdiyini doğru-dürüst anlamayan, hələ də ailəsinin himayəsinə möhtac olan, hələ də rəngarəng xülyalarla oturub qalxan bir dəliqanlı niyə dünyadan küssün, niyə Allahın ona əmanət elədiyi cana qıysın? Niyə universitetə girməmək və ya girə bilməmək insanın hələ ömrunun baharında intihar etməsinə səbəb olsun? Bu sualları uzatdıqca uzatmaq olar. Və bu sualı kimə ünvanlasam ağızdolusu həyatın nə qədər önəmli olduğunu, yaşamağın sevincindən dəm vurar. Bəlkə də bu gəncin ailəsi də bu karvana qatılar və intiharın pisliyindən, insanın hər şeyə rəğmən yaşamasının önəmindən danışar. Ancaq olan olub. Daha bir gənc həyatının baharında torpağa qoyulub… Həm də boş və mənasız bir şeyə görə. Bəli, boş və mənasız olan universitet imtahanına görə. Çünki insan həyatı dünyada heç bir şey üçün fəda edilməz. Bakının yeni tikilən bütün binaları ilə yerin dibinə batması belə bir gəncin özünü öldürməsinin yanında heç nədir. Çünki o binalar yenidən tikilər, ancaq o gənci bir daha geri gətirə bilməzsiniz.

Yaxşı, yeri gələndə hər şey haqqında fikir söyləyən, oturduğumuz yerdə böyük dövlətlərin məsələsini həll edən, hökumətlər yıxıb hökumətlər gətirən biz insanlar olduğumuz halda niyə övladlarımızı itiririk, heç bunu düşünən ailə var? Heç övladına “ay oğlum, ay qızım universitet imtahanlarından pis nəticə almaq dünyanın sonu deyil, rahat ol, imtahan ver, girərsən-girməzsən canın sağ olsun. Bax nə qədər insan var ki universitet oxumadan həyatlarında maddi-mənəvi hər şeyə sahibdirlər, xoşbəxtdirlər. Əvvəllər heç universitet yox idi, insanlar yaşamırdı, ixtiralar olmurdu?” kimi sözlərlə övladına ürək-dirək verən neçə ailə var ölkəmizdə? Deyim sizə, bəlkə varsa milyonda birdir… milyonda bir…

Valideynlər xəbəri olmadan övladlarını boğur, onların istəklərini nəzərə almadan həkim ol, huquqşünas ol deyən onlarla ailə tanıyıram. Deyən yoxdu ki ay bala sən nəyi sevirsən, nəyə marağın var? Bəlkə uşaq yazıçı olmaq istəyir, bəlkə elektrik, ya da təmirçi. Niyə uşaqlarımızın fikirlərinə hörmətlə yanaşmırıq? Bizim istəklərimizə qalsa, gərək ölkədə hamı ya həkim olsun, ya hüquqşünas, ya da ki diplomat-filan.

Bir də 11 il oxuyub əziyyət çəkdikdən sonra (hələ son ili demirəm) o qədər stresslə 11 illik əziyyətini 3 saat kimi qısa bir vaxta sığışdırmaqla biliyin dərəcəsini bu şəkildə ölçmək dünyanın heç bir inkişaf eləmiş, sivil ölkəsində yoxdur. Düşünün, şagird oxuyur, çalışır, gecəsini gündüzünə qatır, illərlə çəkdiyi əziyyət cəmi 3 saatın içinə həbs olur. Ya həmin gün şagirdin başı ağrısa, ya Allah qorusun, bir yaxını vəfat eləsə, ya da qeyri-adi bir hadisə baş versə, o da bütün bunların verdiyi həyəcandan stressdən sualları səhv işarələsə bütün cavablar da onun güdazına getsə və çəkdiyi əziyyətlərin hamısı puç olsa… Yazıq deyilmi, o şagirdə? Bütün həyatı boyu o ağırlığı üzərində daşımayacaqmı? Bir də belə düşünək.

İstər qəbul edin, istər etməyin, Amerika dünyanın ən inkişaf etmiş, ən güclü və ən xarizmatik ölkəsidir. Dünyanın aparıcı ilk 100 universitetinin hardasa 50-dən çoxu bu ölkədədir. Bu cür prestijli unversitetlərə girmək üçün də heç bir amerikalını ya da digər ölkə vətəndaşlarını stresslərlə dolu 3 saatlıq imtahana salmırlar. Şagird Universitetə məktub yazır (motivation letter) və istəsələr, əgər uyğun görsələr, xoşlarına gəlsə, qəbul edirlər. Yəni uzun sözun qısası, universitet oxumaq böyük bir şey deyil Amerikada və digər inkişaf etmiş ölkələrdə. O cür ölkələrdə inanırlar ki, əsas universitetə girmək deyil, əsas həyatında qarşına çıxan fürsətlərdən maksimun şəkildə istifadə etməkdir. Onsuz da dünyanın ən bacarıqlı insanları heç də oxuduqları universitetə görə bu ünvana layiq olmayıblar.  Zənnimcə, bir an əvvəl bu sistemdən qurtulub qərb sistemini, yəni imtahansız universitetə girmə sistemini ölkəmizə gətirmək lazımdır. Yoxsa olan gənclərimizə, bir də həyatları boyu o “travmanı” yaşayan ailələrinə olacaq.

Tragikomik bir misal

Heç unuda bilmirəm, bir dəfə Turkiyədə tibb fakültəsində oxuyan, ancaq tibbə nifrət eləyən birinin atasından soruşmuşdum ki, övladınız istəməyə-istəməyə niyə məcbur edirsiniz ki tibb təhsili alsın? Mənə demişdi ki, “oğlum, tibb fakültəsi qoz ağacına bənzər, 5-6 il bar gətirməz, ancaq sonra elə bar gətirər ki yığıb-yığışdıra bilməzsiniz”.

Bəli, bu ata kimi fikirləşən və dediyini uşağa zorla yeridən minlərlə ailə var və bu düşüncəyə sahib ailələr olduqca, imtahan stressi də yaşanacaq, intiharlar da olacaq. Olan da yazıq şagirdlərə olacaq. Son olaraq məşhur türk şairi Mehmet Akif Ersoyun bu misraları ilə bitirək yazımızı:

Mərhəmətin yox deyəlim, özünə

Mərhəmət eylə bari övladına…

1 comment

  1. Heqiqetende cox tesir etdi bu mene. Allah komek olsun ne deyim.. Very BAD.(((.

Comments are closed.