Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Zərdab rayonunda yeni mətkəb binalarının inşası davam edir. www.zerdab.com saytının yaydığı məlumata görə, belə məktəblərdən biri rayonun Lələağacı kəndində inşa edilir. 80 şagird yerlik məktəbin smeta dəyəri 510 min manatdır. www.zerdab.com saytına verilən məlumata görə, artıq sözügedən kənd ümumi orta məktəbinin tikintisində 495 min manatlıq tikinti işləri aparılıb. Məktəb zəruri inventar və avadanlıqlarla təmin olunub. Yeni tədris ilinin ilk günündə məktəbin açılışı nəzərdə tutulur. Zərdab rayonunun Pərvanlı kəndindədə yeni məktəb binasının inşası davam edir. Təhsil Nazirliyinin xətti ilə tikilən məktəbin inşasının smeta dəyəri 1 milyon 16 min 470 manatdır. Məktəb 180 şagird yerlikdir. İndiyədək Pərvanlı kənd tam orta məktəbinin tikintisində 735 min manatlıq tikinti işləri aparılıb. Bu məktəb də yeni dərs ilində istifadəyə hazır olacaq.
Qeyd edək ki, 2010-cu ilin yazında Kür çayının daşması səbəbindən baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində yeni salınan qəsəbədə Fövqəladə Hallar Nazirliyinin xətti ilə 132 şagird yerlik tam orta məktəbin də tikintisi başa çatdırılıb. Məlumat üçün bildirək ki, bir müddət öncə rayonun Qoruqbağı kəndində uşaq bağçası üçün yeni bina da istifadəyə verilmişdi.
www.zerdab.com