Zərdab rayonundan hərbi xidmətə çağırılan, Azərbaycan Ordusunun mayoru Əliyev Ehtiram Seyfəddin oğlunun dünyasını dəyişməsi barədə www.zerdab.com saytı xəbər vermişdi. İndi isə Əliyev Ehtiram Seyfəddin oğlunun dostlarının hazırladıqları yazını təqdim edirik.
…Gözlənilməz və kədərli bir xəbər rayonumuzun ictimaiyyətini sarsıdıb. Azərbaycan Silahlı Qüvvələrinin mayoru, nümunəvi hərbi xidməti ilə həmişə sayılıb-seçilən həmyerlimiz Əliyev Ehtiram Seyfəddin oğlu 44 yaşında qəflətən vəfat edib. Ehtiram Əliyev 1968-ci il avqustun 13-də Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşdu.
1975-1985-ci illərdə Gəlmə kənd orta məktəbində təhsil almış, bu məktəbi uğurla bitirdikdən sonra – 1985-ci ildə Rusiya Federasiyasının Ryazan şəhərindəki Qızıl Ulduz ordenli ali hərbi avtomobil mühəndisliyi akademiyasına daxil olmuşdu. İstedadlı həmyerlimiz hərb elminin sirlərinə dərindən yiyələnmiş, hərbi akademiyanı yüksək qiymətlərlə bitirmişdi.
Erməni işğalçılarının doğma vətənimizə hücumu zamanı – 1991-ci ildə Ehtiram leytenant rütbəsində ölkəmizə qayıtdı.
Ehtiram Əliyevin gənclik illəri müharibə dövrünə düşdü. O, 1991-ci ildən başlayaraq, cəbhənin ən qaynar nöqtələrində leytenant rütbəsində Azərbaycan Ordusunda xidmətə başladı.
Gənc zabit Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşdu, onun batalyonu Tərtərin bir çox ərazilərinin, ermənilərin Marquşevan adlandırdıqları 10 mindən artıq əhalisi olan yaşayış məntəqəsinin quldurlardan təmizlənməsində əsl fədakarlıq, qəhrəmanlıq göstərdi. Ağdərə döyüşlərində Ehtiram Əliyevin batalyonu ön xətdə vuruşaraq, düşmənə ağır zərbələr vurdu. Gənc həmyerlimizin əsgərləri düşmənlə cəsarətlə vuruşaraq, düşməni tələfata uğratdılar.
Atəşkəs dövründədə Ehtiram Əliyevin hərbi hissəsi düşmənin mövqelərimizə hücumlarına qətiyyətlə, layiqincə cavab verirdi.
Döyüş tapşırıqlarını bacarıqla yerinə yetirdiyinə, hərbi xidmətdə fərqləndiyinə, hərbi hissədə yüksək nizam-intizam yaratdığına, Azərbaycan Ordusunda ləyaqətlə xidmət etdiyinə görə, gənc həmyerlimiz mükafatlarla təltif edilmiş, mayor rütbəsinə yüksəlmişdi.
Ehtiram Əliyev həyatının son günlərinədək Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət edirdi. O, elə iş başındaca, qəflətən dünyasını dəyişdi. Bizə isə özü ilə bağlı kədərli və kövrək xatirələr qoyub getdi…
Həmyerlimiz, cəmisi 44 il ömür yaşamış mayor Ehtiram Seyfəddin oğlu Əliyevin xatirəsi qəlbimizdə daim yaşayacaq. Ehtiram kimi mərd oğullar öz ölümləri, şəhidlikləri ilə ölümsüzlüyə qovuşur, əbədiyaşarlıq qazanırlar. Allah rəhmət eləsin, uzun illər Zərdab rayon Hərbi Komissarlığında vicdanla çalışan atası Seyfəddin kişiyə, doğma və əzizlərinə səbr versin!
Amin!
Yoldaşlarından bir qrup, “Əkinçi”
Mekani cennet olar INSALLAH. ALLAH gunahlarin bagislasin.
Allah rehmet elesin
Allah rehmet elesin
Allah rəhmət eləsin
sehidlerimiz hec vaxt yadimizdan cixmaz hemise bizimledir allah rehmet elesin amin
ALLAH REHMT ELESIN
Cox sagolun Allah razi olsun Allah cem olenlere rehmet etsin Menim dayim idi
Comments are closed.