Mətbuat Şurası iyulun 14-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi və Azərbaycan milli mətbuatının 137 illiyi münasibətilə dahi mütəfəkkirin doğma yurdu Zərdabda keçirilən tədbirlə bağlı məlumat yayıb. Mətbuat Şurasından www.zerdab.com saytına göndərilən yazılı açıqlamada deyilir: “Tədbir çərçivəsində Zərdabda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən KİV təmsilçiləri H.Zərdabinin adını daşıyan mədəniyyət evinin qarşısında onun heykəli önünə toplaşıblar. Burada çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev qonaqları cəfakeş ziyalı və maarifçi Həsən bəyin doğma yurdunda salamlamaqdan məmnunluq duyduğunu bildirib. O deyib ki, milli mətbuatımızın banisi ilə bağlı mərasimin 14 iyul tarixinə – ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümünə təsadüf etməsi bayram əhval-ruhiyyəsinə xüsusi rəng qatır. Həsən bəy Zərdabi ruhuna etiramın hər zaman mətbuata göstərilən dövlət qayğısı nümunələri ilə müşaiyət edildiyini vurğulayan icra başçısı Prezident İlham Əliyev tərəfindən imzalanmış «Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında» sərəncamı bu mənada əhəmiyyətli sənəd kimi dəyərləndirib. L. Babayev Həsən bəy Zərdabi irsinin təbliğinə müstəqil Azərbaycan mətbuatının simasının formalaşdırılması prosesində mühüm istiqamətverici amillərdən biri olaraq hər zaman böyük önəm verildiyini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi rayonda dahi mütəfəkkirin yaradıcılığının, xidmətlərinin daim insanlara çatdırılması istiqamətində iş aparıldığını deyib. Bu məqsədlə rayonun mərkəzi küçələrindən birinə Həsən bəyin adının verildiyini, onun adını daşıyan mədəniyyət evinin və parkın mövcudluğunu dilə gətirib. Həmçinin görkəmli şəxsiyyətin ev muzeyi fəaliyyət göstərdiyini deyib. Ən əsası isə rayonda Zərdabi təfəkkürünün məhsulu kimi meydana çıxan ilk mətbu qaranquşun müasir sələfi «Əkinçi» qəzetinin fəaliyyətinə böyük diqqət yetirilir. Rayon rəhbərliyi və ictimaiyyəti daim bu nəşrə qayğı ilə yanaşır. L. Babayev çıxışında Zərdab rayonunda aparılan quruculuq-abadlıq işləri barədə də məlumat verib. Bu məqsədlə qonaqların hər birinə Zərdab rayonunun keçmişini və bu gününü əks etdirən «Regional sosial iqtisadi inkişaf» kitabı təqdim olunub. KİV təmsilçiləri Həsən bəy Zərdabinin ev muzeyinə baş çəkiblər. Onlara böyük ziyalının həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən albom və fotoşəkillər barədə ətraflı məlumat verilib. www.zerdab.com saytı Mətbuat Şurasının göndərdiyi fotoları da oxuculara təqdim edir.