Rəhimov Mehdi Naməddin oğlu 1967-ci ilin 31 martında – Novruz bayramından bir neçə gün sonra dünyaya gəlmişdi. Atası Naməddin Rəhimova bir yaz səhəri oğlunun dünyaya gəlməsi xəbəri veriləndə sevincdən gözləri yaşarmışdı. Evin sonbeşiyi olan bu qara qaş, qara göz şirin bala qısa müddətdə hamının sevimlisinə çevrildi. İllər ötdü, Mehdi ayaq tutub yeridi, dil açdı, məktəbə getdi.
…1981-ci ildə Mehdi Rəhimov Xasa kənd səkkiz illik məktəbinin 8-ci sinfini bitirib 124 saylı Texniki Peşə Məktəbinə daxil oldu. Atası Mehdini vətənpərvər bir oğul kimi yetişdirmişdi. Mehdi öz kəndinə, el-obasına çox bağlı bir idi. Uşaqlıq illərində evlərindən bir neçə gün kənarda qalan kimi valideynlərindən evlərinə dönmələrini xahiş edərdi. Öz doğma kəndini küçəbəküçə gəzib-dolaşdıqca rahatlıq tapardı. Mehdi həlim, mehriban xasiyyətli olmaqla yanaşı, həm də sözün düzünü danışmağı sevərdi. Yanında kimsə başqasının pisliyindən danışarkən sözünü ağzında yarımçıq qoyarmış. Bəlkə elə buna görə də onunla dostluq etmək istəyən həmyaşıdlarının sayı daha çox imiş…
***
Mehdi Rəhimov 1985-ci ildə ordu sıralarına yollanır və keçmiş Sovet Ordusunda 2 il xidmət edir. 1987-ci ildə hərbi xidmətini başa vurur və belə qərara gəlir ki, işləmək üçün Rusiyaya üz tutsun. Beləliklə, Mehdi Rusiyanın Saratov şəhərinə yollanır. Burada uşaqlıq dostlarından biri ilə münasibət quran Mehdi özünə yaxşı bir iş tapır. İlk vaxtlar işləri əla gedir. Məqsədi bir az pul toplayıb atasına dəstək olmaq, həmçinin özünə şərait qurduqdan sonra evlənmək idi.
Mehdi sevib-seçdiyi qızla nişanlanmışdı. Böyüklərin xeyir-duası, el adəti ilə onlara nişan taxılmışdı. O, sevdiyi qızla ailə quracağı təqdirdə xoşbəxt olacağına əmin idi. Hamının qeydinə qalan, dərdinə şərik olan Mehdinin bu xoşbəxtliyi onu sevənlərin hamısının ürəyincə idi – hamı sevinirdi. Onlar Mehdinin toyunda qol götürüb oynayacaqları günü səbirsizliklə gözləyirdilər…
***
Qarabağda müharibə başlandı. Ermənilər Rusiyanın dəstəyi ilə Azərbaycanın dilbər guşəsi Qarabağda evləri talan edir, cavan-qoca, qadın-qız demədən minlərlə günahsız insanımızı qətlə yetirirdilər. Ağzın ermənilər əsir götürdükləri qadınlarımızın şərəfini təhqir etməkdən belə çəkinmirdilər. Mehdi Rusiyada bu xəbərləri eşitdikcə özünə rahatlıq tapa bilmirdi. Yaxın dostlarından birinə işini yarımçıq qoyub vətənə qayıtmaq, cəbhəyə yollanmaq istədiyini deyəndə dostu çox təəccüblənmişdi. Əslində dostunun bu narahatlığı əbəs deyildi, düşünürdü ki, Mehdi nişanlıdır, döyüşdə başına bir iş gəlsə, nişanlısı nə edər, halı necə olar. Lakin Mehdi Qarabağla bağlı hər gün eşitdiyi acı xəbərlərə etinasız qala bilmirdi. İşlədiyi şəhərdə – Saratovda yaşayan ermənilərin Qarabağda işğal xəbərlərini sevinclə təkrarlamaları isə, Mehdiyə daha da vicdan əzabı verirdi. Beləliklə, bütün narazılıq və etirazlara baxmayaraq o vətənə döndü…
***
Ailəsi onun müharibəyə yollanmaq fikrini həyəcanla qarşıladı, ancaq qərarından daşındıra bilmədilər. Mehdinin cəbhəyə yollanmaq istəyini nişanlısına da eşitdirdilər. Nişanlısı içində narahatlıq yaşasa da, Mehdini bu fikrindən daşındırmağın mümkün olmadığını bilirdi. Deyilənə görə, Mehdi 1993-cü ilin iyul ayında könüllü cəbhəyə yollanandan sonra nişanlısı həmişəkindən fərqli olaraq, hər gün həyəcanla cəbhə xəbərlərini izləyərmiş.
Mehdinin cəbhədən göndərdiyi məktublar isə, onda hər şeyin yaxşı olacağına ümid yaradırdı. Mehdi Qubadlı, Beyləqan, Füzuli bölgələrində xidmət elədi, ağır döyüşlərdə vuruşdu. Mehdi odlu-alovlu, ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla, qorxmazlığı ilə hər kəsin rəğbətini qazanmışdı. Döyüş yoldaşları onun nişanlı olduğunu bildikləri üçün bəzən döyüşlərdə iştirak etməməsini, özünü qorumasını xahiş edərdilər. Lakin Mehdi döyüş yoldaşlarında nikbin əhvali-ruhiyyə olsun deyə hamıdan irəlidə gedərmiş. Onun çoxlu sayda düşmən əsgərini məhv etdiyi günü döyüş yoldaşları indi də yaxşı xatırlayırlar…
***
1994-cü ilin mart ayının 3-də Füzulinin Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə Mehdi Rəhimov qəhrəmanlıqla şəhid oldu. Deyilənə görə, son nəfəsində ona: “Mehdi, dedik axı özünü qoru”, söyləyən döyüşçü yoldaşına cavabı belə olub: “Sən özünü qoru, mən özümü qoruyum, bəs vətəni kim qorusun?”. Zərdablı balası, nişanlı Mehdi Rəhimovun qəhrəmanlıqla şəhid olması xəbəri həmin gün bütün cəbhə boyu yayılıbmış…
Allah Mehdi qardaşımıza rəhmət eləsin. O və onun kimi qəhrəman övladlarımız hər zaman böyük sayğı və sevgi ilə xatırlanacaqlar. Onların keçdikləri həyat yolu yeniyetmə və gənclərimiz üçün ibrətdir…
Bu yazı Mehdi Rəhimovu yaxından tanıyan insanların danışdıqları əsasında hazırlanıb.
Zerdab.com
sehidlerimiz bizim yolumuzda canlarindan qanlarindan kecibler allah rehmet elesin
Allah ona rehmet elesin,qebri nurla dolsun
Comments are closed.