“Mənim ən böyük arzum odur ki, Həsən bəy Zərdabi ilə bağlı heç bir yazı saytımızdan kənarda qalmasın”
Jurnalist, www.zerdab.com saytının təsisçisi Nicat İsmayılovla müsahibə.
– Prezident İlham Əliyevin sərəncamı ilə nasir, maarifçi, filosof, etnoqraf, təbiətşünas Həsən bəy Zərdabinin 170 illik yubileyi keçiriləcək. Bu sərəncam jurnalist olaraq sizdə hansı hislər doğurdu?
– XIX əsrdə yaşayıb-yaratmış ziyalılarımız sırasında xüsusi yeri olan, Azərbaycanın mədəni ictimai fikir tarixinə böyük töhfələr vermiş, həyatını, yaradıcılıq fəaliyyətini xalqının inkişafına, zənginləşməsinə, insanlarımızın elmə, təhsilə cəlb olunmasına sərf etmiş Həsən bəy Zərdabinin yubileyinin keçirilməsi ilk növbədə, bir vətəndaş olaraq məni çox sevindirir. XIX əsrdə ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Zərdabinin çox böyük xidmətləri olub. Ana dilimizdə “Əkinçi” adlı qəzet nəşr etdirməklə milli mətbuatımızın əsasını qoymuş bu görkəmli mütəfəkkirin xidmətləri hər zaman sayğı və hörmətlə xatırlanır. Sərəncamla əlaqədar bir sıra mühüm tədbirlər keçirilir və keçiriləcək. Bu tədbirlərdə Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı istər bəlli, istərsə də, bu günə qədər qaranlıq qalmış məqamlara aydınlıq gətiriləcək. Yeri gəlmişkən, bu gün belə bir fikir var ki, Həsən bəy Zərdabi və onun doğmaları ilə bağlı hər şey bəllidir. Əslində isə qaranlıq qalan bir çox məqamlar var. Bunlardan biri də Həsən bəy Zərdabinin doğmalarının məzarlarının harada olmasıdır. Qeyd edim ki, bu günlərdə www.zerdab.com saytında bununla bağlı hər kəsin marağına səbəb olacaq bir məqalə yayımlanacaq.
– Hazırda ölkəmiz “Həsən bəy Zərdabi günləri”nə qədəm qoyub desək yanılmarıq. Son günlər www.zerdab.com saytında yayımlanan yazıların çoxu da bu mövzudadır. Bu barədə nə deyərdiniz?
– www.zerdab.com saytı Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı yazılara hər zaman böyük önəm verib və bu gün də verməkdədir. Təbii ki, yubiley ərəfəsində yazıların bir qədər artması normaldır. Çünki oxucularımız bu mövzulara hər zaman böyük önəm verirlər. Mənim ən böyük arzum odur ki, hansı qəzetdə, hansı saytda yayımlanmasından asılı olmayaraq, Həsən bəy Zərdabi ilə bağlı heç bir yazı saytımızdan kənarda qalmasın. İstər bizə göndərilsin, istər göndərilməsin – hər bir yazını www.zerdab.com saytında yerləşdirmək fikrimiz var. Zərdabi ilə bağlı hər bir yazı, hər bir maraqlı məlumat, hər bir fakt www.zerdab.com-da olmalıdır.
– Bu günlərdə Həsən bəy Zərdabinin yaxınları ilə bağlı mətbuatda doğru olmayan məlumatlar yayıldı. Amma çoxlarının gözlədiyindən fərqli olaraq siz bu mövzunun üzərindən sükutla keçdiniz…
– Mən elə deməzdim. Bildiyiniz kimi, www.zerdab.com saytının “facebook”da qrupu var və həmin qrupun üzvlərinin sayı 400-dən artıqdır. Biz başqa bir media orqanında yayımlanan həmin yazını sözügedən qrupumuzda yayımladıq və oxucuların müzakirəsinə buraxdıq. Yeri gəlmişkən, bir məqama toxunmaq istərdim: həmin media orqanı məqaləni hazırlayarkən “Əkinçi” qəzeti ilə bağlı saytımızdakı bir çox maraqlı məlumatlara istinad eləmişdi. Buna görə, təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, bu bizim üçün yetər. Əgər biz bu işdə müsbət mənada hansısa rol oynadıqsa, nə xoş bizə. Bayaqkı fikrimi bir qədər də dəqiqləşdirirəm: gün gələcək istər Zərdab rayonu, istər Zərdab rayonunun tarixi, istər Zərdabın yetişdirdiyi ziyalılar, istərsə də, Həsən bəy Zərdabi ilə bağlı bütün məlumatların vahid və yeganə mənbəyi www.zerdab.com saytı olacaq.
– Nicat bəy, Həsən bəy Zərdabi ilə bağlı hər hansı qohumluq əlaqəniz varmı?
– Təəssüf ki, yoxdur. Olsaydı, buna görə çox sevinərdim, qürur hissi keçirərdim. Mənim ən böyük arzum odur ki, Zərdabinin qohumu olub-olmamasından asılı olmayaraq, hər bir həmyerlimiz onun adını uca tutsun, onun adına layiq olsun. www.zerdab.com saytı olaraq biz də hər zaman buna çalışacağıq. Saytımız 2011-ci ilin dekabr ayında təsis olunub və 2012-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Saytımız Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) doğulduğu bölgəni – Zərdab rayonunu təmsil edir və bu çox məsuliyyətli bir işdir. Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisidir, biz də onun davamçıları olaraq Azərbaycanda yeniliyə imza atmışıq. Belə ki, Azərbaycanda rayonları təmsil edən sayt olsa da, onların çoxu aktiv və peşəkar fəaliyyət göstərmir. www.zerdab.com saytı Azərbaycanda ilk peşəkar region, rayon, bölgə saytıdır. Bölgə saytı olaraq bu sahəyə gətirdiyimiz yenilik ondan ibarətdir ki, öz profilimizə uyğun olaraq hər gün yeni məlumatlarla, xəbərlərlə oxucuların görüşünə gəlirik. Azərbaycanda bu cür aktiv və peşəkar fəaliyyət göstərən ilk region saytı açmağımız Həsən bəy Zərdabinin ruhuna töhfə hesab olunursa, bu bizi çox sevindirir.
Müsahibəni hazırladı: Sevinc Vaqifqızı, www.zerdab.com