Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni

0
54
Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri

Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, ümumən insanları yaxınlaşdırmağı və birləşdirməyi, xoş gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar. Azərbaycanın yaxın tarixi keçmişində bunun parlaq nümunələri var. Amma heç şübhəsiz, xalqımız böyük İnsanın ölümünün yaratdığı milli özünüdərk və birlik hissini ilk dəfə 1907-ci ilin 30 noyabrında nümayiş etdirmişdi.

Həmin gün Bakı Həsən bəy Zərdabi ilə vidalaşırdı. Bir az patetik səslənsə də, yazmalıyam: bəlkə də həmin gün “qara qızıl” işığına Azərbaycana axışan, onun yeraltı, yerüstü sərvətlərini talayıb aparan yadellilər ilk dəfə xalqın həqiqi simasını görmüş, birliyi və yekdilliyi ilə üz-üzə gəlmişdilər. Bu torpağın həqiqi sahiblərini həqarətlə “tuzemsı”, “inorodtsı” adlandıran, onların dili, tarixi, milli və dini hissləri ilə saymazyanalıqla oynayan yadellilər Azərbaycan türklərinin oyandığını ilk dəfə həmin gün görmüşdülər. “Müsəlman” adlandırdıqları kütlənin ümmətdən millətə çevrilmək yolunda mühüm addım atdığının şahidi olmuşdular.

Yalnız həyatı boyu gördüyü nəcib işlərlə deyil, ölümü ilə də milli birlik amalına rəvac verən, minlərlə həmvətənini bir araya gətirən “arıq, quru, arğaz qoca” – Həsənbəy Zərdabi siyasi xadim və partiya lideri kimi tanınmasa da, müstəqil Azərbaycan dövlətçiliyinə – Azərbaycan Cümhuriyyətinə aparan yolun ən mühüm bələdçilərindən, vacib simalarından birinə çevrilmişdi.Xalq yolunda təmənnasız çalışanların çoxu təki Həsən bəy də sağlığında həqiqi qiymətini ala bilməmişdi. “Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi bu dəfə də yada düşmək üçün mütləq ölmək lazım gəldi” – Zərdabini yaxından tanıyan dostu və müasiri, “Kaspi” qəzetinin əməkdaşı A. Olendskinin yazdığı “qara yumora” bənzəyən bu sözlər, nə qədər acı olsa da, həqiqət idi. Zəngin yeraltı sərvətləri sayəsində Bakının cansıxıcı əyalət şəhərindən “neft və milyonlar səltənətinə” çevrilməsi prosesi Zərdabinin gözləri önündə baş vermişdi. Xüsusən ölümündən sonra dəfələrlə vurğulandığı kimi o da istəsəydi, başqalarının yolu ilə gedər, “sarı iblisin” xidmətində dayanar, var-dövlət toplamağa qurşana bilərdi. Və təbii ki, Moskva Universitetini namizəd diplomu ilə bitirmiş bu hazırlıqlı şəxsiyyət adını yaza bilməyən dünənki baqqallardan, çarvadarlardan daha uğurlu biznes qurar, qat-qat çox pul, sərvət qazanardı. Amma Həsən bəy bütün həyatı boyu qazanmaqdan daha çox xərcləmişdi. Gücünü, ağlını, sağlamlığını millətinin “zindəganlıq davasında” məğlub olmaması, qonşu xalqlarla müqayisədə xar və zəlil günə düşməməsi üçün sərf etmişdi. Əcnəbilərin meydan suladıqları Bakıda ona dəfələrlə “Müsəlman kütləsi üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Çünki çəkdiyin əziyyət qiymətləndirilməyəcək”, – deyə xəbərdarlıq etmiş, tutduğu yoldan, amal və inancından çəkindirməyə çalışmışdılar. Zərdabinin isə cavabı həmişə bir olmuşdu: “Öz işinə qiymət-yəni mükafat umma. Səni tərifləyib göylərə qaldıracaqlarını düşünmə. Xalq üçün işlə. Onda o, ardınca gedəcək və sənin qədrini biləcək. Bunun üçün isə əvvəlcə xalqın inamını qazanmaq lazımdır”. Prinsipcə tam doğru fikirdir. Amma həyatda çox vaxt belə olmur. Gerçəkliyin bu amansız təzahürü ilə həyatının son çağlarında Zərdabi də üzləşmişdi. Bir müddət “Kaspi”də çalışmış Ukrayna əsilli jurnalist N. Bayzdrenkonun “Bakinets” qəzetinin 7 dekabr 1907-ci il tarixli sayında dərc etdirdiyi “Təzə qəbir önündə (Həsən bəy Məlikovun xatirəsinə)” adlı son dərəcə təsirli, ibrətamiz məqaləsində yazdığı kimi, “Hər şeydən az özü haqqında düşünən, bütün həyatı boyu başqaları üçün işləyən adamı ömrünün son günlərində soyuq bir tənhalıq əhatə etmişdi”. Həyatının son iki ili Zərdabi üçün xüsusi ilə çətin və məşəqqətli keçmişdi. O, ağır skleroz xəstəliyindən əziyyət çəkirdi. 1906-cı ilin yazında isə beyninə qan sızmış, bədəninin bir tərəfini iflic vurmuşdu. Minnətdarlıq hissindən həmişə əziyyət çəkən Azərbaycan cəmiyyətində Həsən bəy xidmətlərinin etiraf edilməsi və qiymətləndirilməsi əvəzinə laqeydlik, biganəlik və saymazyanalıqla üzləşmişdi. İş o yerə qəlib çatmışdı ki, qurucularından biri olduğu “Kaspi” redaksiyası da ən şöhrətli müəllifini unutmuşdu. Redaksiyanın verdiyi mənzildən çıxarılmaq təhlükəsi ailəsinin başı üzərindən asılmışdı. “Onun qüvvəsi zəifləyir, iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə sadiq olan qoca və xəstə Həsən bəy yenə də işə can atırdı. Ancaq daha onun işinə heç bir ehtiyac duymurdular. Həsən bəyin hər gün redaksiyaya gəlməsinə, onun məzlum, fağır görkəminə, sanki məzəmmətlə dolu sönük baxışlarına ürək ağrısı və gözyaşısız baxmaq mümkün deyildi. Xüsusilə ona münasibətdə müasir həyatın acı gerçəklərini hiss etmək daha çətin idi”, – deyə Zərdabinin doğma xalqı üçün kim olduğunu həmvətənlərinin çoxundan daha yaxşı anlayan N. Bayzdrenko yazırdı. Bəlkə də həmvətənlərinin diqqətli, şəfqətli münasibəti həyatını sərvət toplamağa deyil, xalqa xidmətə həsr etmiş tənha qocanın vəziyyətini nisbətən yüngülləşdirə, dərdlərinə təsəlli ola bilərdi. Həqiqətdə isə başqa, lakin bizim üçün o qədər də gözlənilməz olmayan şeylər baş verirdi. “Hamı məni unudub, hamı məni atıb! – deyə Həsən bəy həyatının son günlərində yaxınlarına və doğmalarına tez-tez şikayətlənirmiş. Heç kəs gəlmir, heç kəs baş çəkmir, heç kəs mənimlə maraqlanmır. Bax, heç qəzet (“Kaspi” nəzərdə tutulur – V.Q.) də gətirməyiblər”. Qiyməti bir neçə qəpik olan qəzetin əsirgəndiyi şəxs Azərbaycan mətbuatının təməlini qoymuşdu. Teatr tamaşalarına dəvət olunması unudulan şəxs Azərbaycan teatrının banisi idi. Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən II qurultayında ehtiyatsız bir sözünə görə hoydu-hoyduya götürülən şəxs müasirliklə ayaqlaşan milli təhsil sisteminin qurucularından biri idi. “Dağə dersəm, eşidər, sonra verər əksi-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım!” – deyən Məhəmməd Hadinin fəryadı təkcə onun özünün yox, bir sıra ünlü müasirlərinin də ağrı-acısını, faciəsini əks etdirirdi. Hər halda dünyanın başqa ölkələri ilə müqayisədə Azərbaycanda yaradıcı insanlar özlərinə, sənətlərinə, talelərinə qarşı bu laqeydliyi hər zaman hiss ediblər. Skleroza mübtəla olduğu 1905-ci ildə, ailəsinin və yaxınlarının bütün etirazlarına baxmayaraq, namizədliyini illər boyu ən fəal, ən başlıcası isə son dərəcə vicdanlı, “satılmayan” qlasnılarından olduğu Bakı Dumasının üzvlüyünə vermişdi. Təbii ki, seçilməmişdi. Adını bütün bülletenlərdən pozmuşdular. Əslində bunu başa düşmək mümkün idi. Zərdabi xəstəliyi nədənindən fərqinə varmasa da, səhhətinin belə ağır vəziyyətində şəhərin qanunverici orqanında fəaliyyət göstərə bilməzdi. Amma başqa bir həqiqət də vardı. İllər boyu Dumada azərbaycanlı əhalini ağzını açıb bir kəlmə də danışmayan, daha doğrusu, buna qabiliyyəti çatmayan nadan, boynuyoğun məşədilər, hacılar təmsil etmişdilər. Onlarla müqayisədə xəstəlik səbəbindən fikirlərini aydın ifadə edə bilməyən Zərdabi təkcə bioqrafiyası, əməlləri və harizması ilə Bakı Dumasına şərəf gətirə bilərdi. Ailəsi Duma seçkilərinin nəticələrini hər vasitə ilə Zərdabidən gizlədirdi. O isə tez-tez “Dumanın iclasına getmək lazımdır!” – deyə inadkarlıq göstərirdi. Xanımı Hənifə Abayeva-Məlikovanın xatırladığına görə belə məqamlarda Həsən bəyi evdə saxlamaq üçün bütün fantaziyalarını işə salmalı olurdular. Amma tamamilə bədbin olmağa da əsas yox idi. Taleyin bütün ağrı-acılarına baxmayaraq, o, zəhmətinin barını, nəticəsini görə bilmişdi. Ömrünün son illərində uğrunda mübarizə apardığı idealların təntənəsinin, səpdiyi mədəniyyət və maarif toxumlarının cəmiyyətdə kök atmasının şahidi olmuşdu. “Əkinçi” “Həyat”ı və “Füyuzat”ı ərsəyə gətirmiş, zəmanə “Molla Nəsrəddin”i yetirmişdi. Milli teatr və məktəblər şəbəkəsi yaranmışdı. Xeyriyyə cəmiyyətlərinin sayı artmış, təhsil sahəsində mühüm addımlar atılmışdı. Rusiyaya və Avropaya ali təhsil ardınca yollananların sayı xeyli artmışdı. Milli hiss və duyğular cəmiyyətin daha çox hissəsini sarmışdı. Bütün bunlar qoca və xəstə Zərdabiyə fiziki gücsüzlüyünü və təkliyini unutduran ən şəfalı məlhəmlər idi. “Ömrünün öz qürubuna yaxınlaşdığı günlərdə atam üçün ən böyük təsəlli və yüngüllük fəaliyyətinin başlanğıcında olduğu kimi təklikdə qalmaması idi. Onun tək-tənha başladığı işə və vəsiyyətlərinə sadiq olan sevimli şagirdləri əhatə etmişdi. O, artıq xalqın çoxəsrlik cəhalət yuxusundan ayıldığını, öz müdafiəsinə qalxdığını görürdü” – qızı Qəribsoltan Məlikovanın bu sözlərində həqiqət vardı. Amma o da həqiqət idi ki, ardıcıllarının artdığı bir dövrdə Həsən bəy Zərdabi minnətdarlıqla önə çəkilmək əvəzinə sayğısızlıqla arxa plana sıxışdırılmış, cəmiyyətin mənəvi Olimpində öz halal yerinə sahib çıxa bilməmişdi. O, öz ölümü ilə bu yanlışlığı, müvəqqəti də olsa, aradan qaldırdı. Bakının qədim tarixi boyu ilk dəfə rast gəlinən və milli iradənin ifadəsinə çevrilən izdihamlı dəfn mərasimi xalqın gecikmiş qədirşünaslıq aktı kimi gördüyü nəcib işlərin ən böyük mükafatı idi. Həqiqətən də tarixi hadisə olan bu dəfn mərasimi ssenarisi əvvəlcədən hazırlanan bir göstəri deyildi. Əlbəttə, müəyyən təşkilatçılıq ünsürləri vardı. Qabağa düşüb yol göstərənlər, əziyyəti çiyinlərinə götürənlər olmuşdu. Lakin minlərlə insan soyuq, küləkli noyabr günündə şəhərin mərkəzindən Şıx kəndinə qədər kiminsə tapşırığı, nəzarəti ilə deyil, öz ürəklərinin hökmü ilə getmişdilər. Zərdabinin dəfn günü şəhərin müxtəlif yerlərində bir neçə dəfə izdihamlı matəm mitinqi keçirilmişdi. Bu, təkcə soydaşlarının Böyük Əkinçiyə gecikmiş minnətdarlığının nişanəsi deyildi. Mənə elə gəlir ki, izdihamlı dəfn mərasimi müəyyən mənada həm də bir güc göstərisi və mədəniyyət nümayişi idi. Sanki Azərbaycan türkü öz Böyük Ölüsünü simvola çevirərək onun ruhu ətrafında birləşə bildiyini, ulularının xatirəsinə ehtiramda dünyanın mədəni xalqları ilə ayaqlaşdığını bəyan edirdi. Kimin səyi, öndərliyi ilə bu günə gəlib çıxdıqlarını sərgiləyir, haqlarını ortaya qoymaqda qərarlı, israrlı olduqlarını göstərirdi. 1907-ci il noyabrın sonu və dekabrın ilk günlərində Həsən bəy Zərdabinin vəfatı və dəfni həm Azərbaycan türkcəsində, həm də rus dilində nəşr olunan Bakı qəzetlərinin ən mühüm mövzularından birinə çevrilmişdi. Zərdabinin vəfatının 100 illiyi münasibəti ilə görkəmli alimimiz Şirməmməd Hüseynovun 2007-ci ildə “525-ci qəzet”in 24 noyabr-15 dekabr tarixli saylarında çap etdirdiyi “Tarixi bir dəfn mərasimi” adlı silsilə yazılar böyük şəxsiyyətin ölümünün və dəfninin dövrün Azərbaycan mətbuatındakı əks-sədası haqqında dolğun təəssürat yaradır. “İrşad” və “Tazə həyat” qəzetlərindən, “Molla Nəsrəddin” məcmuəsindən bizim üçün yeni, qiymətli materialları elmi dövriyyəyə ilk dəfə daxil etməklə ömrünün bu çağında da yorulmadan çalışan Şirməmməd müəllim həqiqətən nəcib və gərəkli iş görmüşdür. Bakının rusdilli mətbuatı, habelə Peterburq qəzetləri də kədərli hadisəyə laqeyd qalmamışdılar. Zərdabinin ehtişamlı dəfn mərasimini və onun ölümünün doğurduğu acı təəssüratları bu yazıda həm Azərbaycan, həm də rus mətbuatının timsalında nəzərdən keçirməyə çalışacağam. Sanki yalnız Zərdabinin ölümündən sonra Azərbaycan türkü kimi itirdiyinin fərqinə varmışdı. Həmin günə kimi Həsən bəyə bəlkə də “sadəcə öz işini görən”, yaxud “işini görüb qurtarmış” adam kimi baxırdılar. Yalnız fiziki yoxolma itkinin böyüklüyünü və əvəzedilməzliyini bütün kəskinliyi ilə üzə çıxardı. O zaman artıq 21 yaşı olan və Bakıdakı III rus-müsəlman qız məktəbində müəllim işləyən sonbeşik övladı Qəribsoltan Məlikova xatırlayırdı: “Şəhərin tanınmış adamları mərhuma özlərinin son borcunu vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Onların sifətində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı özünün bütün təbiiliyi və səmimiliyi ilə məhz bu arxa sıralarda dayananların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşırdı”. Zərdabi ilə son vida anlarında təkcə qızına, digər yaxınlarına və doğmalarına deyil, kədərli mərasimin əksər iştirakçılarına aydın olmuşdu ki, mərhumun “əməlləri bəzənib-düzənmiş, bəlağətli sözlərlə danışmağı bacaran nücəbanın arxasında dayanmış sadə adamların ürəklərində öz əks-sədasını tapmışdı. Nücəbanın çoxu isə həyatlarının hər saatı talelərinə məhrumiyyət və binəsiblik yazılanlara, yalnız bu dəfn günü özlərinin necə qiymətli bir həmdərd və hami itirdiklərini anlayanlara laqeyd nəzərlərlə baxmaqdan başqa heç bir şeyə qabil deyildi…” 1896-cı ildə on altı il davam edən könüllü-məcburi Zərdab sürgünündən Bakıya dönən Həsən bəy yenidən çoxşaxəli ictimai fəaliyyət meydanına atılmışdı. Bir il sonra kürəkəni Əlimərdan bəy Topşubaçovun “Kaspi” qəzetini milyonçu H.Z. Tağıyevdən icarəyə götürməsi yenidən qəzetçiliyə qayıtmasına təkan vermişdi. Zərdabi faktiki olaraq “Kaspi”nin ikinci redaktoru idi. Həmkarı N. Bayzdrenkonun yazdığı kimi, “canını bu yolda qoyur, ictimai fikrin məcmusunu öz şəxsiyyəti və fəaliyyəti ilə əks etdirirdi”. Qəzetin milli tematikaya böyük üstünlük verməsi və tədricən cəmiyyətdə “müsəlman “Kaspi”si” kimi tanınması da daha çox onun adı ilə bağlı idi. Ana dilli mətbuatın yoxluğu şəraitində Zərdabi “Əkinçi” ənənələrini rusdilli “Kaspi”də davam etdirməyə çalışırdı. Bakıda heç bir əmlakı olmadığından Həsən bəy qəzet redaksiyasının kirayə etdiyi mənzildə yaşayırdı. Altıotaqlı həmin mənzil Təzəpir məscidinin yaxınlığında, Staraya Poçtovaya (indiki Cəlil Məmmədquluzadə – V.Q.) küçəsində, H.Z. Tağıyevin mülklərindən birində yerləşirdi. “Bu mənzil onun qəzetdəki işi ilə bağlı idi; necə deyərlər, əməkhaqqına kiçik əlavə idi” (N. Bayzdrenko). Lakin altı otağın hamısını Həsən bəyin özü və ailə üzvləri tərəfindən tutulduğunu düşünmək sadəlövhlük olardı. “Bu otaqlar həmişə evimizdə nahar eləyən, gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar ya ailəmizin saysız-hesabsız qonaqları, ya da öz işləri üçün Bakıya, atamın yanına gələn tanış kəndlilər idilər”, – deyə qızı Q.Məlikova “Atam haqqında xatirələr”də yazırdı. Yenə də Qəribsoltan xanımın xatırladığına görə, böyük rus yazıçısı Maksim Qorki və məşhur müğənni Fyodr Şalyapin də bu evdə qonaq olmuş, hətta Həsən bəyin təşkil etdiyi ailə ziyafətində Şalyapin bir neçə rus romansı oxumuşdu. Bundan başqa, Həsən bəy öz mənzilində pansionat düzəltmişdi. Burada xanımı Hənifə Abayeva-Məlikova azərbaycanlı uşaqları məktəb və gimnaziyalara imtahan vermək üçün hazırlaşdırırdı. Mənzil-pansionatda yaşayan və təhsil alan oğlan uşaqlarının sayının on nəfərə çatdığı vaxtlar da olmuşdu. 1907-ci il noyabrın 28-də çərşənbə günü səhər saat 11-də Həsən bəy gözünü bu mənzildə əbədi yummuşdu. Ölümündən bir gün əvvəl, ailə üzvlərinin bütün etirazlarına baxmayaraq, sanki vidalaşmaq üçün sonuncu dəfə “Kaspi” redaksiyasına getmiş, gününün çox hissəsini orada keçirmişdi. Böyük itkiyə ilk reaksiya Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” qəzetindən gəlmişdi. Qəzetin 29 noyabr tarixli 121-ci sayında Zərdabinin müxtəsər tərcümeyi-halı verilmişdi. E.S-zadə adlı müəllifin yazdığı kiçik nekroloqda Həsən bəy “cümlə Qafqaz cəmaətinə və Rusiya müsəlmanlarına məşhur olan şəxsiyyət” və “əbüülmühərririn” (mühərrirlərin, jurnalistlərin atası – V.Q.) adlandırılırdı. Qəzetin həmin sayında müəllim Şeyxzadənin “Vəfat” adlı yazısı da dərc edilmişdi. “İdarədən” adlı qeyddə isə “Maarif və ürfanımızın, hissi-milliyəmizin təxtinin başı və sərkərdəsi olan və şimdi bivəfa millətimizin yadından çıxıb əziyyətli bir azardan sonra üsrət (ehtiyac – V.Q.) və fəlakətzadəlik halında mərhum olan azadeyi-dil, millətpərəst, həmiyyətpərvər Həsən bəy Məlikovun vəfatı o dərəcədə bizi qəm və ələmə düçar etmiş ki, bu gün o mərhumi-məğfurun barəsində daha bir artıq şeyi yazacaq halımız yoxdur”, – deyilir, bunun ardınca da “ürəfa və danişməndlərin bir yerə cəm olub” anma mərasimini bütün Qafqaz səviyyəsində təşkil etmək qərarına gəldikləri bildirilirdi. Noyabrın 29-da səhərdən başlayaraq Həsən bəyin mənzilinə sözün həqiqi mənasında bir xalq axını başlamışdı. “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplaşması təəssüratını yaradırdı” (Q. Məlikova). Mərhumun sadə, dəbdəbəsiz dəfnlə əlaqədar vəsiyyətinə əməl edilməyəcəyi elə ilk saatlardan aydın oldu. “Ənənələr və Həsən bəyin şəxsiyyətinə böyük ehtiram üstün gəldi və cəmiyyət onun sakit, səssiz-küysüz, təntənəsiz dəfn olunması haqqındakı vəsiyyətinə əməl edə bilmədi”, – deyə “Kaspi” qəzeti dekabrın 1-də çap etdiyi “Həsən bəy Məlikovun dəfni” adlı redaksiya məqaləsində yazırdı. “Otağa bir ucdan əklillər gətirirdilər, – deyə, Qəribsoltan xanım xatırlayırdı. – Onlar üzərində təsəlli sözləri yazılmış enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”. Həsən bəyin vəfatı ilə böyük qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşov təkcə öz nəslinin deyil, həm də Məlikovlar nəslinin ağsaqqalına çevrilmişdi. Lakin həmin günlərdə Əlimərdan bəy Peterburqda, III Dövlət Dumasının iclaslarında olduğundan Zərdabinin dəfninin təşkilini Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Haşım bəy Vəzirov və başqa tanınmış ziyalılar, milli mətbuat nümayəndələri öz üzərlərinə götürmüşdülər. Bakı Duması, “Nicat” maarif cəmiyyəti, “Kaspi”” qəzetinin redaksiyası, habelə rus və Azərbaycan dillərində nəşr olunan digər qəzet və məcmuələrin nümayəndələri, müəllimlər və tələbələr bu işdə onların yaxın köməkçiləri idilər. Müsəlman adət-ənənəsinə uyğun olaraq mərhum adətən vəfat etdiyi gün torpağa tapşırılsa da, Həsənbəylə vidalaşmaq istəyənlərin kütləviliyini və həyata keçiriləcək tədbirlərin çoxluğunu nəzərə alaraq dəfn mərasimi noyabrın 30-na, müsəlman dünyasında xüsusilə önəmli sayılan cümə gününə təyin edilmişdi. Həmin gün səhərdən Zərdabinin yaşadığı Staraya Poçtovaya küçəsi və ətrafdakı küçələr adamlarla dolu idi. İzdiham çoxmillətli idi. Əksəriyyəti Azərbaycan türkləri təşkil etsələr də, Bakıdakı digər dillərin və dinlərin təmsilçiləri də Həsən bəyə son borclarını verməyə gəlmişdilər. Zərdabinin ölü namazı Qasımbəy məscidində qılınmalı idi. 1896-cı ildə azərbaycanlı memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında keçmiş Karantinnaya (indiki Həzi Aslanov – V.Q.) küçəsində inşa edilmiş bu məscidin şəhərin əsas magistrallarından biri olan Bazar (Hüsü Hacıyev – V.Q.) küçəsinə çıxışı vardı. Zərdabilərin mənzilindən başlayaraq Qasımbəy məscidinə qədər, habelə Bazar küçəsi ilə “Kaspi” redaksiyasına (indiki Sabir bağı – V.Q.) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (həmin dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb fəaliyyət göstərirdi – V.Q.) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər. Direktor İ.V. Depreverin rəhbərliyi altında Bakı real məktəbinin “müsəlman” şagirdləri də onlara qoşulmuşdular. Bu, yaxşı düşünülmüş simvolik aksiya idi. Adətən böyük şəxsiyyətlərin dəfni zamanı əsgərlər və zabitlər fəxri qarovulda dayanırlar. O zaman Azərbaycanın ünlü generalları olsa da, ordusu mövcud deyildi. O biri tərəfdən isə Zərdabini tam əsasla maarif ordumuzun komandanı saymaq olardı. Müəllim və şagirdlər onun son mənzilə yola salındığı küçələrdə fəxri qarovulda dayanmağı özlərinə şərəf sayırdılar. Mənzilə gətirilən çoxsaylı əklillər divar boyu düzülmüşdü. Tabutun üzərinə bahalı şallar və matəm lentləri salınmışdı. Zövqlə hazırlanmış lentlərdə ayrı-ayrı şəxslərin, ictimai təşkilatların, tədris müəssisələrinin və s. adları, onların mərhuma ünvanlanmış vida sözləri yazılmışdı. “Kaspi”dəki “Həsən bəy Məlikovun dəfni” məqaləsindən “müsəlman müəllimlərin dəfn mərasiminə mərhumun tərcümeyi-halı həkk olunmuş gümüş büvuar, müsəlman dram truppasının gümüş lira, “İrşad” qəzeti redaksiyasının Qafqazda ilk türk qəzeti “Əkinçi”nin güllərlə çevrələnmiş və qızılı çərçivəyə salınmış birinci sayını, müsəlman gimnazistlərin Həsən bəyin qara haşiyəli böyük portretini gətirdiklərini” öyrənirik. Şübhəsiz, bütün bu atributlar dövrün ənənəvi müsəlman dəfn mərasimləri üçün qeyri-səciyyəvi və gözlənilməz idi. Azərbaycanın mədəni-ictimai həyatına çoxlu yeniliklər gətirmiş Həsən bəyin son mənzilə yola salınmasının məhz belə yenilikçi ruhda təşkili onun şəxsiyyətinə və əməllərinə bəslənən sonsuz minnətdarlıq, şükran duyğularının ifadəsi sayıla bilərdi.

Ardı var