Son üç gün ərzində Azərbaycanın Zərdab rayonu ərazisində Kür çayına tökülən Qarasu çayında suyun səviyyəsi 1 metr 11 santimetr artıb. Bu artım Kür çayının aşağı axınında da suyun səviyyəsinə təsir edib, nəticədə çayın həmin hissəsində suyun səviyyəsi yüksəlib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, yağan yağışlarla əlaqədar Kürün Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində 37, Kürün aşağı axınında, Surra məntəqəsində 33, Şirvanda isə 21 santimetr artım qeydə alınıb: “Dünən axşam və bu gün səhər ən çox yağış Azərbaycanın qərb bölgəsində qeydə alınıb. Göyçay çayında və Türyançayda suyun səviyyəsi artıb. Qarasu çayı həmin çayların birləşməsindən əmələ gəlir və Kürə tökülür. Qarasu çayında suyun səviyyəsinin artması Kür çayının aşağı axınına təsir etsə də, bu, Kür üçün təhlükəli deyil. Çünki hazırda ümumiyyətlə, Kürdə suyun səviyyəsi aşağıdır”. Azərbaycanın heç bir çayında daşqın və sellərin müşahidə edilmədiyini deyən A. Verdiyev ölkə ərazisində proqnozlaşdırılan yağışlarla əlaqədar olaraq bəzi çaylardan qısamüddətli daşqın və sellərin keçəcəyini istisna etməyib.