Azərbaycan ərazisində qarlı, çovğunlu, şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Qısamüddətli proqnozlar şöbəsinin rəisi Elmira Həmidovanın sözlərinə görə, Aran rayonlarında gündüz saatlarında 0-3 dərəcə, gecə 4-8 dərəcə şaxta təşkil edəcək. Qeyd edək ki, qeyri-normal hava şəraiti ilə əlaqədar həftə sonuna kimi ölkənin bütün ümumtəhsil müəssisələrində dərslər təxirə salınıb. Dərslərin təxirə salınması ilə bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayb. Hava şəraiti ilə əlaqədar bu il fevralın 4-də və 5-də aran bölgəsində 9 və11-ci sinif şagirdləri üçün keçiriləcək yoxlama imtahanları da təxirə salınıb.
Havaların soyuması şəhərlərarası və beynəlxalq avtobus reyslərinin də həyata keçirilməsinə mane olub. Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzalından bildirilib. Qeyd edilib ki, bu gün səhərdən pis hava şəraiti ilə əlaqədar paytaxtdan heç bir avtobus yola çıxmayıb.
Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Bakı-Şamaxı yolunda Cəngi qəsəbəsindən başlayaraq yol buz və qarla örtülüb, nəqliyyatın hərəkəti məhdudlaşıb. Bakı-Quba və digər istiqamətlərə gedən yollar da buz bağlayıb, həmin yollarda yalnız hər iki oxu aparıcı olan avtomobillərin hərəkəti mümkündür.
Ağsu aşırımında yalnız iri yük avtomobillərinin hərəkəti mümkündür. Şöbə rəisi bildirib ki, qar yağdığından, həmin yollara qum səpmək mümkün deyil. Əliyev deyib ki, Bakı-Astara yolunda vəziyyət nisbətən yaxşıdır. Həmin ərazidə sulu qar yağdığından, yollar buz bağlamayıb.
Baş İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə bu günlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.