www.zerdab.com saytı bildirir ki, Zərdabi Rəfiqə 1941-ci il fevralın 9-da Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açıb. 1957-ci ildə 6 saylı Bakı Tibb Məktəbinə qəbul olub. Tələbə ikən Bahəddin Zərdabi ilə xoşbəxt ailə həyatı qursa da, bu xoşbəxtik uzun sürməyib, üç il sonra həyat yoldaşı qəflətən vəfat edib. Gənc olmasına baxmayaraq, Rəfiqə xanım həyatın ağır zərbəsini təmkinlə, səbirlə qarşılayıb. Həyat ona keçmişə yox, gələcəyə baxmağı öyrədib. Rəfiqə xanım təhsilini davam etdirmək məqsədi ilə 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsinə daxil olub, həm oxuyub, həm işləyib, həm də kiçik qızının tərbiyəsi ilə məşğul olub. İllər tez keçib. 1966-cı ildə universiteti bitirib Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodika kabinetində metodist, 1970-ci ildə Mədəniyyət Nazirliyinin Xor cəmiyyətində böyük metodist vəzifələrində çalışıb. 1970-1978-ci illərdə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma kursunda metodist, 1978-1992-ci ildə metodiki şöbənin müdiri, 1992-ci ildən 1994-cü ilə kimi tədris metodiki iş və təlim tərbiyə üzrə direktor müavini vəzifələrində işləyib. İxtisasartırma kursunda dinləyicilərin iştirakı ilə bir sıra mədəni kütləvi tədbirlər, görkəmli sənət adamlarının yaradıcılıq gecələrini keçirib. Rəfiqə xanımın mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1992-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1994-cü ildən 2008-ci ilədək Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində direktor vəzifəsində işləyən Rəfiqə xanım üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib. Rayonlardan gələn mədəniyyət işçilərinin hazırlıq və ixtisasartırmasını yüksək səviyyədə həyata keçirmək məqsədi ilə tədris prosesinə müxtəlif ali məktəblərdən professor və nüfuzlu müəllimləri cəlb edib. Dərslərin keyfiyyətinə, nizam-intizam və davamiyyətə xüsusi nəzarət edib. Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının 2007-ci il 23 aprel tarixli qərarına uyğun olaraq təşkil olunmuş 2 aylıq hazırlıq kurslarını müvəffəqiyyətlə həyata keçirib, bacarıqlı müəllimlərin səyi nəticəsində dinləyicilərin digər biliklərlə yanaşı musiqi sahəsində də savadların artırmağa şərait yaradıb. Rəhbər olduğu müddətdə Mərkəzdə kurs keçən dinləyicilərin asudə vaxtını təmin etmək üçün muzeylərə, tarixi abidələrə ekskursiyalarını təşkil edib. Rəfiqə xanım Mərkəzin kitabxana müdiri vəzifəsində həvəsilə çalışıb və oxuculara yüksək səviyyədə xidmət göstərib. Rəfiqə xanım işgüzar insan olduğu kimi eyni zamanda fədakar ana, qayğıkeş nənədir.
www.zerdab.com