Savadı məlhəmə çevrilən Gülsüm həkim

0
2615
Zərdabımızda sayılıb seçilən, uşaq həkimi olaraq öz sözünü deyən, əfəndi nəslinin nümayəndəsi Gülsüm həkim haqqında məlumat verəcəyik bu gün. 
Salmanova Gülsüm Salman qızı 1946-cı il martın 20- də İsmayıllı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. 7-ci sinfə qədər valideynləri ilə birgə Şamaxı şəhərində yaşayıb. Sonrakı orta təhsilini Zərdab şəhər 1 nömrəli məktəbdə davam etdirib. 1964-cü ildə Zərdab şəhər 1 nömrəli məktəbi gümüş medalla bitirib, elə həmin ildə də yüksək qiymətlərlə Tibb İnstitutuna qəbul olub. Onun ən böyük arzusu Riyaziyyat elminin daha dərin sirlərinə yiyələnmək, alim olmaq imiş.
Arzularına qovuşa bilməyən Gülsüm həkimin taleyinə neçə-neçə uşaqları sağlamlığına qovuşdurmaq yazılıbmış. 1970-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub. Elə həmin ildən Zərdab rayon Mərkəzi Xəstəxanasında pediatr (uşaq həkimi) kimi fəaliyyətə başlayıb. Zərdabda, eləcə də ətraf rayonlarda savadı, biliyi ilə tanınan Gülsüm həkimə həkimlər arasında “rentgen” təxəllüsü verilmişdi. Çünki xəstəni heç bir aparata göndərmədən diaqnozlarını düz qoyurdu. 2021- ci ilə qədər Zərdab rayon Mərkəzi Xəstəxanasında çalışan Gülsüm həkim təqaüd yaşı çatdığına görə iş yerindən ayrılmışdı. Buna baxmayaraq, insanlar arasında Gülsüm həkimə olan inam itməmiş, xəstələr evinə gedərək onun şəfalı əllərindən faydalanmışdılar.
Xəstələrin birinin dediklərindən:
– Övladım körpə idi. Günlərin birində birdən-birə halı pisləşdi. Ağzından köpük gəlməyə başladı. Rəngi göyərdi. Sanki can verirdi. Əlimizdən heç nə gəlmirdi. Uşağın üzünü qibləyə çevirdik. Ümüd sonda ölür deyirlər. Gülsüm həkim son ümüd yerimiz oldu. Gəlib uşağa baxdı və inyə vurdu. Dedi:
-Gözləyək! Bu iynə öz təsirini göstərməlidi. Dediyi kimi də oldu. Bir müddət keçdikdən sonra körpə qəflətən diksinərək ayıldı. Təcili xəstəxanaya yerləşdirilən körpə müalicə olundu və həyata qayıtdı. Göydə Allahın, yerdə Gülsüm həkimin sayəsində körpəmiz tam sağlamlığına qovuşdu. Allah Gülsüm həkimə sağlam ömür versin.
Həkimlik böyük peşədi. Savadla bərabər, vicdan da tələb edər. Gülsüm həkimdə hər ikisi cəmlənib.
İllər boyu daim öz üzərində çalışan, ailəli, körpə uşaqlı olmasına baxmayaraq, təkmilləşdirmə kurslarında müntəzəm iştirak etmişdi və nəticə təbii ki, özünü göstərmişdi. Gülsüm həkim savadına güvənərək çox çətin imtahan yolu keçərək Səhiyyə Nazirliyi tərəfindən 2 , 1 və ali dərəcəli həkimlik titullarına layiq görülüb. Buna görə də əmək haqqı yüksək hesablanmış, Respublikada 1-cilər sırasında test imtahanından keçərək yüksək balla 4 dəfə sertikata layiq görülmüşdü. 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə əlaçısı” kimi yüksək ad ilə təltif olunub.
Həkimin həyat yoldaşı Elburus İskəndərov rayonumuzun tanınan, böyük hörmət sahibi olan simalarından idi. Uzun illər dahi H.B.Zərdabinin adını daşıyan 1 saylı məktəbin direktoru olmuş Elburus müəlim hər zaman hörmətlə anılır.
Elburus müəllimlə Gülsüm həkim birlikdə cəmiyyətimiz üçün 3 övlad böyüdüb, 3-nə də ali təhsil verib. Böyük qızları Umaxanım cərrah-ginekoloq, balaca qızları Nurlana Uşaq nevrepatoloqudur. Oğlanları İltifat isə İqtisad Universitetini bitirib. Elburus müəllim haqqın dərgahına qovuşub. Allahdan rəhmətlər diləyirik.
Gülsüm həkim həm də nənədi. 8 nəvəsi olan Gülsüm həkimin bu il 2 ekiz nəvəsi Moskvada ali məktəbə qəbul olub. Şəfalı əllər sahibi, böyük ürək yiyəsi, zəhmətkeş ana , gözü-könlü tox, həm bəylik, həm əfəndi nəslinin layiqli davamçısı olan Gülsüm həkim hazırda Gəlmə kənd tibb məntəqəsində məntəqə müdiri olaraq fəaliyyət göstərir.
Həkimimizə Allahdan sağlıqlı ömür arzu edirik. Belə savadlı həkimlərə rayonumuzda hər zaman ehtiyac var. Andına sadiq, savadına güvənən, düzgün müalicə edən həkimlərimiz nə qədər çox olarsa, bir o qədər də sağlam həyatımızın təminatı yüksəlmiş olar!
Məqaləni hazırladı və Zerdab.com saytına göndərdi: Leyla İskəndərli