Zərdabda tələbələrlə görüş keçirildi – FOTOLAR

0
2603
zerdab-telebe-merdan

Bu gün Zərdabda “Elay” şadlıq sarayında rayon üzrə 2023-2024-cü tədris ilini qızıl nişanla bitirən, Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib.

Zerdab.com-a verilən məlumata görə, görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatların nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər, tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərdan Camalzadə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Görüşdə icra başçısı ölkəmizdə təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verdiyindən, müstəqil Azərbaycanı inamla işıqlı gələcəyə doğru apardığından söhbət açıb.

Qeyd edib ki, müasir gənclik qalib bir dövlətin vətəndaşı olduğu üçün fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvəsi ilə çalışmalıdır. İcra başçısı tələbə adına layiq görülmüş gəncləri təbrik edərək tələbəlik həyatında onlara uğurlar arzulayıb.

Çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, təhsil ictimaiyyətini təbrik edib və vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən, gənclərin necə yetişməsindən asılıdır.

Onu da qeyd edib ki, bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksəksəviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifələrdən danışaraq onlara  yaradılan şəraitdən səmərəli istifadə etmələrini, harada olmalarından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra 600-dən yüksək bal toplayan tələbələr çıxış edərək bütün məzunlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya və müəllimlərinə minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

Sonda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara RİH tərəfindən hədiyyələr təqdim olunub və tədbir konsert proqramı ilə davam etdirilib.