Avqustun 10-da gecə saatlarında Kürdəmir-Zərdab yolunda 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Zerdab.com saytının “Qafqazinfo”ya istinadən məlumatına görə, son 2-3 ildə bu yolda 10-dan artıq ölümlə nəticələnən qəza baş verib ki, həmin hadisələrin də, demək olar ki, hamısında avtomobillər aşıb.
Belə ki, təmir edildikdən sonra heç bir radarın quraşdırılmadığı və xəbərdarlıqedici işarələrin çox az olduğu bu yolda bir neçə təhlükəli sərt döngə mövcuddur. Nəzarətin zəifliyi isə sürücülərin burada nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsinə və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur.
Təxminən 10 kilometr uzunluğu olan hissədə indiyədək çoxsaylı faciə yaşanıb ki, onların bəzilərinin qurbanı tanınmış şəxslər və ya onların yaxın adamları olublar. Belə ki, Vətən müharibəsi şəhidi, Zərdab rayon, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın olduğu “Ford” markalı avtomobil burada aşıb. Həmin vaxt şəhidin xanımı ilə yanaşı sürücü də hadisə yerində vəfat edib.
Ötən ilin oktyabrında isə Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun idarə etdiyi “Toyota Prado” avtomobili bu ərazidə aşıb. Hadisə vaxtı Vətən müharibəsi şəhidi olan oğlu İsrafil İbrahimovun anım tədbirinə gedən ailə üzvlərindən şəhidin nənəsi vəfat edib. Avtomobildə olan digər şəxslər isə xəsarət alıblar.
Ötən ilin avqustunda “Mitsubishi L200” avtomobili yoldan çıxaraq kanala aşıb və iki nəfər hadisə yerində boğularaq ölüb.
Bu ilin 8 aprel tarixində də qeyd edilən yolda ölümlə nəticələnən qəza baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri vəfat edib.
Son olaraq iki gün əvvəl baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən hadisə aidiyyəti qurumların bu yolla bağlı nəzarəti artırmalı və digər tədbirlər görməli olduğunu sübut edir.
“Zərdab-Mollakənd avtomobil yolunda qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlaqələndirmək doğru olmazdı”.
Son illərdə Kürdəmir-Zərdab yolunda sərt döngələr və radar quraşdırılmaması səbəbindən 10-dan çox qəza olması ilə bağlı sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.
“Sözügedən yolda ərazi polis orqanlarının Dövlət Yol Polisi qurumları xidmət aparırlar və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq həmin yol sahəsində qəzalılıq vəziyyəti öyrənilib, sürət həddi 50 km/saat endirilib, sərt döngələrdə, təhlükəli sahələrdə müvafiq yol nişanları quraşdırılıb.
Oxu.az-ın məlumatına görə, bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Zərdab-Mollakənd yolunda nizamlama vasitəsi qismində xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və tezliklə həmin vasitələrin quraşdırılmasına başlanılacaq”, – DİN rəsmisi deyib.
Onun sözlərinə görə, aparılan təhlilər göstərir ki, qeyd olunan yolda baş verən qəzaların başlıca səbəbi sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sərt döngələrdə ehtiyatsızlığa yol verilməsi, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi ilə bağlıdır:
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır”.