Müəllim…

1
76

İnsan dünyaya düşdüyü gündən işığa, ziyaya can atır. Hər kəs elinin, obasının, həyatın işıqlı, nurlu olması üçün səy göstərir, bu yolda inadla addımlayır. Bu mücadilədə yolumuza işıq tutanlar, qaranlıqları işıqlandıranlar həmişə olub.  Onları işıq yolçuları da adlandırmaq olar. İşıq yolçuları dedikdə gözlərin önünə ilk gələn müəllimlər olur. Mənə elə gəlir ki, müəllim hər bir kəs üçün nur payı, işıq, ziya mənbəyidir. Günəş kainatı işıqlandırdığı kimi müəllim də insanların yolunu işıqlandırır, onları elm zirvələrinə doğru istiqamətləndirir. Müəllimin dahiliyi, fədakarlığı bir də ondadır ki, şagirdlərinə ömründən pay verir, onları yüksək zirvələrə ucaldır, özü isə əvvəlkitək elə müəllim mövqeyində qalır.
Bu gün doğma Zərdabımızın çörəyi ilə qidalanıb, suyunu içib, havasını udanlardan 50 nəfərdən çox akademik, professor, elmlər doktoru, alim var. Neçə-neçə əməkdar müəllim, həkim, hərbçi, hüquqşünas, iqtisadçı, ordenli, medallı əməkçi var. Onların hamısını yetişdirən, yollarına işıq tutan müəllimlər olub. Nə yaxşı ki, belə fədakar müəllimlər həmişə olub, bu gün də var, sabah da olacaq.
Adi kənd müəllimi, Xanməmmədli kəndində cəmi 1 otaqdan ibarət binada 4 sinif şagirdlərinə dərs demiş, əlifbanı, riyazi hesablamaların ibtidasını öyrətmiş Qabaqcıl maarif xadimi Həsən Quliyevin yetirməsi indi iqtisad elmləri doktoru, professordur. Onun şagirdləri arasında tibb elmləri namizədi, yüksək çinli hərbçi yetişib. Belə müəllimlər Zərdabda onlarla, bəlkə də yüzlərlədir. İslam Əfəndiyev, Əmirəli Əmirəliyev, Zeynal  Bünyadov, Mirseyib Əhmədov, Püstə Rəhimova, Savalan Bədəlov, Abdulkərim Kərimov, Təhməz Xəlilov, Cəlal Bilalov, Ələkbər Məmmədov, Nəsrəddin Qəribov, Rza Xəlilov, Səkinə Əfəndiyeva, Əşrəf Abbasov, Zülfümar İsmayılova, Əli Abdullayev, Minə Abdullayeva, Ataş Rəhimov, Əli Qasımov və başqaları təkcə dərs dedikləri şagirdlərin deyil, eləcə də rayonumuzun ziyalılarının sevimlisi, güvənc yeri olmuşlar.
Öz peşəsinə vurğunluğu ilə seçilən, ürəyinin odunu, gözünün nurunu şagirdlərinə bəxş edən, onların əlindən tutub elmin əzablı yolları ilə addımladan, cəmiyyətin sevimlisinə çevrilən müəllimlər Zərdabımızda bu gün də çoxdur. Onların zəhmətini şagirdləri də, cəmiyyət də, dövlətimiz də layiqincə qiymətləndirir. “Əməkdar müəllim”lər Ömər Tarverdiyev, Əlhüseyn Cəbiyev, “Tərəqqi” medallı müəllim Aqil Məmmədov və onlarca başqaları hər yerdə hörmətlə qarşılanır, onlara ehtiram göstərilir, onların əməyi bu hörmətə layiqdir.
Yüksək nüfuz sahibi olan müəllimlər sırasında qadınlar da çoxdur. Əməkdar müəllimlər Çimnaz Məmmədova, Sara Soltanova, “Tərəqqi” medalına layiq görülmüş Lalə Əmirəliyeva, Cavahir İsmayılova, Qabaqcıl maarif xadimi Səbirə Eyvazova, təcrübəli müəllimlər Rəfiqə Allahverdiyeva, Elza İmanova, Xalidə Babayeva, Aidə İsmayılova, Xuraman  Bayramova və onlarca başqalarının adı bu gün dərin hörmət və minnətdarlıqla çəkilir.
Ömrünü şam kimi yandırıb şagirdlərinin yoluna işıq tutan, onların elmin zirvələrinə gedən yola çıxaran fədakar müəllimlərdən söhbət açarkən bir zaman bərabər çalışdığımız, sevimli iş yoldaşımız və həmkarımız mərhum Babəli Əşrəf oğlu Babayevi xatırlamamaq olmur. Onun 9 övladının 6-sı ali təhsil alıb.
Yolumuza işıq tutan müəllimlərimizdən dünyasını dəyişənlərə Allahdan rəhmət, bu həyatda olanlara isə möhkəm cansağlığı və uğurlar diləyirəm. Arzu edirəm ki, onların ömrü həmişə işıqlı, nurlu olsun və bu nurdan yetirmələrinə səxavətlə pay versinlər, gənc nəslin yolunu məşəl kimi işıqlandırsınlar.
“Əkinçi”

1 comment

  1. Mirseyib Ehmedov Allah rehmet elesin,sozun heqiqi menasinda esl ziyali olub,emim oqludu,Zulfumar muellime ise mene 1-ci sinifde ders deyib,onada Allah rehmet elesin.

Comments are closed.