Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.
Bu barədə Zerdab.com-a onun yaxınları məlumat veriblər. V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.
V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd dək ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.