Azərbaycan tarixşünaslığına böyük töhfə: Qədim Quşçu tayfasının tarixinə bir nəzər…

0
3804
islam-sadiq-quscular1

 

Eldəniz Həsənov,
Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakultəsinin müəllimi.

Tanınmış şair, filologiya elmləri doktoru şümerşünas İslam Sadığın və tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlının həmmüəllifliyi ilə “Zərdabi Nəşr” MMC tərəfindən “Quşçular” adlı kitabı çap olunmuşdur (“Azərnəşr”, Bakı, 2024, 288 səh +16 səh, rəngli dəftərçə). Bu kitabın işıq üzü görməsi mənim böyük bir sevincimə səbəb olmuşdur.

Əsərdə qeyd olunduğu kimi, Azərbaycan tarixşünaslığında quşçu tayfasıyla bağlı böyük bir boşluq vardır. Ensiklopediyalarda və çoxcildlik tarix kitablarında bu tayfanın adı indiyə qədər unudulub. Lakin deməliyəm ki, xüsusilə yenicə işıq üzü görmüş, əsaslı qaynaqlar əsasında yazılmış “Quşçular” adlı bu monoqrafiyada bir neçə dövlət və imperiya yaratmış, qədim dövlətçilik ənənəsi olan quşçuların tarixi, zəngin mədəniyyəti haqqında ziyalılarımıza, geniş oxucu kütləsinə maraqlı məlumatlar verilmişdir.

islam-sadiq-quscular

Quşçu tayfasından çoxlu dövlət xadimləri, sərkərdələr, alimlər, yazıçılar, incəsənət adamları, el ağsaqqalları və sair yaradıcı insanlar çıxmışdır ki, onların bəzilərinin adları bu kitabda və eləcə də quşçu tayfası ilə bağlı tərəfimdən yazılan “Lələ Əhməd və lələhmədlilər” adlı etnoqrafiq elmi-kütləvi əsərdə (Bakı, “Azərnəşr”, 2008, 400 s.) vurğulanmışdır.

Yeri gəlmişkən onu da diqqətə çatdırım ki, quşçular nəsli barədə yazdığım “Lələ Əhməd və lələhmədlilər” adlı kitabımı qrifli şriftlə nəşr olunması üçün “Azərnəşr”ə təqdim edərkən əsərə “Azərnəşr”in redaksiya müdiri, şair, publisist İslam Sadıq baxmış və qrifli nəşrlə çap olunmasına rəy vermişdir.

İslam Sadığın yazdığı kimi, “Türklərin tarixi baxımdan ən qədim, belə deyə bilərik ki, şümerlərin yaşıdı olan, say baxımından ən böyük tayfalardan biri quşçulardlr. Bu tayfa şümerlərlə bir yerdə İkiçayarasında, hunlarla bir yerdə Çində və skiflərlə bir yerdə Orta Asiyada yaşayıblar. Onlar bütün istiqamətlərdə Azərbaycandan yayılıblar. İlk vətənləri bügünki Quzey Azərbaycan olubdur”.

Bu yayılmanın yolları isə müəlliflər tərəfindən aparılmış olan dərin tədqiqatlar və tarixi mənbələr əsasında kitabda yetərincə əsaslandırılmışdır.

Hər bir xalqın formalaşmasında bir soy kökə bağlı olan nəsillər, tirələr, qəbilələr, boylar, tayfalar iştirak edir. Məlumdur ki, Oğuzlar bir tayfadır və onun 24 boyu, hər bir boyun neçə  qəbiləsi, tirəsi, hər bir tirənin neçə nəsli var.

Bu qeyd olunan məsələ ilə bağlı “Lələ Əhməd və lələhmədlilər” adlı kitabımda şərh etdiyim mövzunu, bilgiləri diqqətə çatdırmaq istərdim. Son bilgilərə görə, hələ e.ə. VIII-VII əsrlərdə Azərbaycanda yaşamış oğuz tayfaları digər türk tayfaları ilə qaynayıb-qarışmış və Azərbaycan xalqının formalaşmasında fəal iştirak etmişdir. Onlar türkmənlərin, türklərin, habelə bu gün əksərən Moldovada yaşayan qaqauzların və qaraqalpaqların etnogenezisində də mühüm rol oynamışlar.

Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Azərbaycan, Türk, Türkmən və Qaqauz dilləri türk dillərinin Oğuz dilləri qrupunu təşkil edir.

Oğuzlar hazırda Azərbaycanda, Türkmənistanda, İranda, Türkiyədə və İraqda yaşayan türklərin ulu babalarıdır. Səlcuq və Osmanlı sülalərənin nümayəndələri də onların arasından çıxmışlar. Oğuzların yalnız Sırdəryanın şimalındakı çöllərində məskunlaşan hissəsi şəhərlərdə yaşayırdı və hərbi səfərlərdə iştirak etməyən bu oturaq oğuzlara həqarətlə çöllü yafuq deyilirdi.

Bu qeydlər şərti olsa da hər halda qeyd etmək lazımdır ki, Səlcuqlar imperiyasını məhz oturaq deyil, köçəri oğuzlar yaratmışlar.

Oğuzların öz dillərində yazılmış ilk milli dastanları olan “Dədə Qorqud” da oğuz elinin köçəri tayfa olmayıb icma halında yaşamalırndan, onların hamılıqla yaylağa və qışlağa gedib-gəlmələrindən, hər boyun özünə aid bir yurdda yaşamasından, oradakı dağlara, yaylağa çıxmasından, çay boyu kimi zəngin və sulu yerlərində qışlamasından bəhs olunduğunu görürük…

Keçmiş tarixi mənbələrdən aydın olur ki, Oğuzlar danışıq tərzlərində “el” kəlməsini işlətmişlər.  Oğuz elini meydana gətirən toplumlardan hər birinə boy deyilir ki, Mahmud Kaşğarlı bu sözün oğuzca olduğunu bildirmişdir. Eyni zamanda, Kaşğarlıya görə boyların özü obalara ayrılır. Təsadüfi deyildir ki, lələhmədli eli, obası, sözü bu gün də bu sülalə arasında daim işlədilən termindir. Qeyd edək ki, ailədən obalar, obalardan boylar, boylardan isə oğuz eli meydana gəlmişdir. Oğuz elində əsl qəbilə birlikləri boylardır.

Sır-Dərya oğuzları XI əsrdə 24 boydan ibarət idi. Bunu yazan Kaşğarlı eyni zamanda bu boylardan 22-nə aid bir siyahı da tərtib etmişdir. Oğuz boylarına aid bütöv siyahı isə Rəşidəddin tərəfindən verilmişdir.

Qeyd olunduğu kimi ulu oğuz elinin qollara-tayfalara ayrılması boy adlandırılır. Hər boyda da oğuz igidlərindən birinin döyüş macəraları, yağı ilə çarpışması, habelə sevgisi, nəcib insani xüsusiyyətləri gözəl bədii lövhələrlə üzə çıxarılır.

Oğuzlar “Dədə Qorqud”da da İç Oğuz və Diş Oğuz adlı iki qoldan ibarətdir. On iki boyun hamısında hər iki boyun birliyindən söhbət açılır. Sonda İç Oğuza Diş Oğuz yağı kəsilir. Dədə Qorqudun özü Bayat boyundan çıxmışdır.

“Dədə Qorqud”da on iki boyun hər birində bütün əhvalatlar Dədə Qorqudun adı ilə bağlıdır. Boyların məzmunu və quruluşu belədir ki, sonda Dədə gəlib qopuz çalıb oxuyur və xeyir-dua söyləyərək dastanı tamamlayır. Onun xeyir-duası müdrik, uzaqgörən bir el ağsaqqalının, bilici, zövqlu-qopuzlu bir ozanın təmiz, nəcib arzu və istəklərinin ifadəsidir.

Bəli, ulu Oğuz yurdunun lələhmədli elinin-obasının Dədə Qorqudu hesab edilən, yurd-yuva, məskən salan, tayfa başçısı, böyük bir el aqsaqqalı olan Lələ Əhmədin özünün sələflərinin dilində söylənilən əhvalatlar, nağıl və rəvayətlər, deyimlər, ifadə tərzləri qədim Azərbaycan torpağında yaşayan oğuzların dilindən gəlir.

Bu günün özündə lələhmədlilərin ifadə və danışıq tərzlərində, “Boy, de görüm sənə nə olub?”, “Oy, başıma xeyir”, “boy, binəvanın evi yıxıldı”, “nolub, nə boz-boyatı götürmüsən?”, “bozlama” (yəni ağlama), “nə sızlayırsan”, “öysüz-eşiksiz qaldıq” və yaxud da yas mərasimlərində ağlaşma zamanı “mən sənsiz neylərəm oy-boy”, “boy başıma qaynar qazan ələndi”, alqış edəndə “evin avandan”. Görünür, burada boy sözü, ifadəsi insanlara güvənc, dərd-sər yeri olaraq el ağsaqqalı Qorqud Dədəyə sığınmaq, ona müraciət edərək imdad diləmək mənasındadır.

Bax, bütün bunlar lələhmədlilərin etnogenezisində xüsusi yeri olan böyük bir tayfa birliyinin olmasından xəbər verir.

Qeyd edək ki, Oğuz boylarından olan bayatlar bilindiyi kimi, tariximizdə böyük şəxsiyyətlər yetirmiş bir boydur. Oğuzların dövlət və din xadimi Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi.

Qorqud dədələr nəslini təmsil edən uzunömürlü adam kimi Azərbaycan oğuzlarının ilk nəslinə məxsus dədələrdəndir.

Bayat boyundan (qəbiləsindən) çıxmış bu adamın öz qəbiləsi haqqında dastanımızda məlumat yoxdur, dastan boylarının heç birində “bayat” adı çəkilmir. Dədənin özü isə həmişə el içindədir, hansı şadlıq məclisi olsa oradadır, söz və ağılla yoluna qoyula biləcək çətin bir iş baş verirsə bu işi Dədəyə tapşırırlar. Qorqud onun adı, bəlkə də təxəllüsüdür.

Məhəmməd Füzulinin (1494-1556) çıxdığı bayat soyu Şumer dövründən başlayaraq İraqın Kərkük mahalında yaşamış və bu gün də hamısı yaşamaqdadır. Azərbaycan dövlətinin tərkib hissəsi olan həmin ərazilər min ilə yaxındır ki, türk-oğuz tayfalarının daimi məskənidir. Füzuli uzun müddət Kərbəlada yaşamış və orada da dəfn olunmuşdur.

Füzulinin uşaqlıq illəri İraqi-Ərəbin Ağqoyunlular hakimiyyətinə tabe olduğu illərə düşür. Onun yaşadığı Kərbəla şəhəri də daxil olmaqla, İraqi-Ərəb Azərbaycan-Səfəvi dövlətinə birləşdirilir və 26 il onun tərkibində olur.  Səfəvilərin hakimiyyəti illərində yazdığı “Bəngü-Badə” poemasını Şah İsmayıl Xətaiyə ithaf etmiş, onun dövlət və hakimiyyətinin əbədi olmasını arzulamışdır. 1534-cü ildə İraqi-Ərəb Türkiyə hökmdarı Sultan Süleyman Qanuni tərəfindən alınmışdır. Bu zaman şairin həyat və yaradıcılığında yeni və daha məhsuldar dövr başlayır. Türk hakimləri və əyanlarının, dövlət idarələri və məmurlarının həyatı və işi ilə daha yaxından tanış olan, etinasız, soyuq və uğursuz simalarla qarşılaşan şair özünün ən qiymətli əsərlərini bu dövrdə yaradır.

Şair hakim və əmrlərdən ədalət, insanlıq, zəhmət adamlarına qayğı tələb edir.

Sultan Süleyman Qanuni Füzuliyə ayda 9 axça (gümüş pul) maaş təyin edirsə də, şair övqat idarəsindən (vəqf idarəsi) bu pulu ala bilmir. “Şikayətnamə” adlanan məşhur məktubunda həmin hadisəni təsvir edərək dövlət idarələrindəki özbaşnalıq, rüşvətxorluq və əliəyriliyi qamçılayır.

Bayat soyundan çıxan Məhəmməd Füzuli şəxsiyyəti, onun irsi təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün Yaxın və Orta Şərqin ağıl, hünər, idrak və insanlığının təcəssümü, ölməzlik və əbədiyyət heykəlidir. Bu gün Bakı şəhərində Füzulinin heykəli əzəmətlə ucalır ki, bu heykəl dahi şairə öz doğma xalqının məhəbbət və ehtiramının ifadəsidir.

Görkəmli folklorçu alim, pedaqoq, tərcüməçi, publisist, professor Qəzənfər Paşayev böyük Füzulinin şəxsiyyəti haqqında belə yazır: “Mən “Altı il Dəclə-Fərat sahillərində” kitabımda İmam Hüseyn məscidinin baş çıraqyandıranı böyük Füzuli ilə bağlı aşağıdakı sətirləri də yazmışdım: “Hər dəfə Füzulini ziyarət etdikcə həm təəccüblənir, həm də sevinirdim. Ona görə təəccüblənirdim ki, minlərlə müsəlman fanatikinin bir dəfə ziyarət etməklə həyatından keçməyə hazır olduğu müsəlman Şərqinin ən müqəddəs guşəsində şairə əbədi sığınacaq vermişlər. Sevincimə səbəb isə o idi ki, hələ şairin sağlığında onun şəxsiyyətinə böyük hörmət, yaradıcılığına böyük məhəbbət bəsləmişlər.

Füzulinin qəbrini İmam Hüseyn məqbərəsinə köçürmək ona imama bərabər böyük ehtiram əlamətidir. Bunun sübuta ehtiyacı yoxdur. Çünki neçə-neçə ölkələr gəzmiş, mədəniyyətlərlə tanış olmuş elm, sənət xadimlərimiz yaxşı bilirlər ki, müqəddəs dini ziyarətgahlarda ən böyük şəxsiyyətlərə yer verirlər.

Füzuliyə İmam Hüseyn məscidində yer verilməsi şairin sağlığında bəlkə də ən böyük arzusu olardı. Məskəni Kərbəla torpağı olan dahi Füzulinin ruhu qoy bu adi torpaq olmayan müqəddəs yerdə daim nura qovuşsun, ziyası bizi əbədi işıqlandırsın…” (Bu sevda ölüncədi, Bakı, “Oskar” nəşriyyat-poliqrafiya müəssisəsi, 2001, 376 s.).

“Oğuznamə” qədim oğuz-türk tayfaları və onların əcdadı Oğuz xan (Oğuz xaqan) haqqında epik rəvayətlər, əsasən, şifahi tərzdə yayılan “Oğuznamə” rəvayətləri orta əsrlərdə yazıya alınmışdır. “Oğuznamə”nin ən qədim versiyalarından biri XIII-XIV əsrlərə (başqa bir ehtimala görə X əsrə) aid karluq-uyğur versiyasıdır (XV əsrə aid əlyazması Paris Milli kitabxanasında saxlanılır). “Oğuznamə”də Oğuz xanın igidlərindən, onun oğullarının doğulmasından, oğuzların, eləcə də səlcuqların hərbi yürüşlərindən bəhs olunur. Ehtimal etmək olar ki, əsasən tərəkəməçilik həyatı keçirən oğuzların həyat tərzilə lələhmədlilərin tərəkəməçilik həyatı bir-birinin eynidir, çünki lələhmədlilər də türk-oğuz elinin qədim quşçu tayfasındandır.

“Dədə Qorqud” kitabında göstərildiyi kimi ta qədim zamanlardan Oğuz eli yığcam yaşamışdır. Tayfaların çoxluğu onları bir-birindən ayrı salmaz, qohumun qohuma, nəslin nəslə, tayfanın tayfaya, bütövlükdə obanın obaya, elin elə sığınmağı bütün Oğuz elinin birliyini təşkil etmişdir. Göründüyü kimi, Oğuz elinin belə bir birliyi bu gün də lələhmədli tayfasında özünü göstərməkdədir.

islam-sadiq-quscular1

“Lələ Əməd və lələhmədlilər” adlı monoqrafiyada göstərdiyim kimi, “Kitabi-Dədə Qorqud” dastanında (Bakı, 1988, səh.31) Qorqud ata ilə bağlı deyilir: “Rəsul Əleyhissalam zamanına yagin Bayat boyundan, Qorqud ata deyirlər, bir ər qopdu”.

Buradan görünür ki, “Rəsul Əleyhissalam zamanı” eramızın VI-VII əsrləri hesab olunursa, “Zamanına yaxın” ifadəsinə görə Qorqud atanın İslamdan əvvəl dünyaya gəldiyi bildirilir.

“Kitabi-Dədə Qorqud” Oğuz türklərinin ən ulu və möhtəşəm abidəsidir. Bu ölməz sənət əsərinin min ildən artıq yaşı vardır.

Qeyd edək ki, xalqın dilində, yaddaşında yaşayan bu dastan İslamdan xeyli əvvəl mövcud olmuşdur. Eyni zamanda dastandan məlum olur ki, Qorqud ata “müsəlmançılığı qəbul etmiş” Oğuzdur. “Oğuzun tamam bilicisidir”. İslam dini Qorqud atanın şəxsində Oğuz imamını-ən əksi çağların odsevərlik inamını özününküləşdirir. “Rəsul Əlehissalam” “124 mininci” peyğəmbərdirsə, ondan öncə olan peyğəmbərlər yəqin ki, Xızır, Zərdüşt və Qorqud ata hesab olunmalıdır.

Məşhur mifoloq Mirəli Seyidov “Qorqud” adını düzgün şərh edərək (Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı, 1984, səh.37) qor-od, qut-qüvvət demək mənasında olduğunu açmışdır. Deməli, hər iki komponent məhz ulu oğuzun ilkin odsevərlik inamının bəhrəsi tək dünyaya gəlib.

Ərəblər İranı, Azərbaycanı, Orta Asiyanı işğal edən zaman atəşpərəstləri qılınc gücünə müsəlmanlaşdırırlar.

Atəşpərəst azərbaycanlıların ən qədim dini kitabı “Avesta” dövrün bədii təfəkkürünün məhsuludur. Tədqiqatçılar göstərir ki, “Avesta” ilkin formada çoxcildli əsər olmuşdur. Əsərdə Zərdüşt tərəfindən yazıldığı şübhə doğurmayan hissə qatlarıdır. “Avesta” maldarlıq və əkinçiliyə keçid dövrünün abidələrindəndir. Bu özü də ibtidai icma quruluşunun parçalanması və quldarlıq münasibətlərinin təşəkkülü dövrünə təsadüf edir.

“Avesta”da maldarlıq, əkinçilik təbliğ edilir. Taxıl becərmək, itə və başqa ov heyvanlarına qulluq etmək dindarlıq kimi qiymətləndirir. Atəşpərəstlər oda sitayiş edir, odu müqəddəs sayırlar. İndi də Azərbaycan xalqı arasında yaşayan Novruz bayramı günü şam yandırmaq, səməni göyərtmək, odun üstündən atlanmaq kimi adətlər zərdüştçülük dövrünün dini baxışları ilə bağlıdır.

Deməli bütöv oğuz yurdu ümumi türk eli olmaqla yanaşı, bütöv Azərbaycan xalqı və yurdu, odlar diyarı hesab edilir.

Ulu oğuz yurdunun Lələhmədli elinin insanları arasında oda sitayiş etmək bu günün özündə də onların inam və and yerlərindən biridir. Misal üçün; “Bu isti zindan haqqı”, “Bu ocaq haqqı”, “Əgər düz demirəmsə, bu od-ocaq mənə qənim olsun” ifadələri və yaxud da biri kimsəyə qarğıyanda; “görüm səni oda düşəsən”, “başına od ələnsin”, “görüm səni odda yanasan, qovrulasan” və sair deyimlərin özü lələhmədli obasının da qədim oğuz elinin, yurdunun oymaqlarından biri olduğunun aydın ifadələridir.

Tarixin səhifələrini vərəqlədikcə bizə məlum olur ki, Azərbaycanda  ən qədim şəhərlərdən biri Albana olmuşdur. Məşhur yunan coğrafiyaşünası Ptolomey (II əsr) “Coğrafi təlimnamə” əsərində Azərbaycanın Kas çayı mənbəsində olduğunu göstərmişdir. Onun məlumatında, Qafqaz Albaniyasında olan Alban çayının Albaniya ərazisindən axıb Kürə töküldüyü bildirilir.

          Albaniya müəyyən dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Qaynaqların məlumatından belə nəticəyə gəlmək olur ki, ilk əvvəl Albaniyada hakimiyyəti yerli Aranilər sülaləsinə mənsub nümayəndələr idarə etmişlər.

Tarixi rəvayətə görə e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran olmuşdur. Aran sözü (ərən türk) türk dillərində izah olunur və “cəsur, qoçaq, mərd” mənasını daşıyır.

Bütün bu faktlara istinad etsək deyə bilərik ki, Xilafət dövründə Kürlə Araz çayları arasındakı ərzailəri qədim Arran dövləti təşkil edirdisə, buralarda məskunlaşmış elatlarla yaylağa qalxan, qışlağa enən quşçu tayfası olan lələhmədlilərin də tarixi çox qədimlərə söykənir. Bir sıra alimlər Albaniyanın Kas çayının mənsəbində olduğunu bildirməklə bu şəhərin indiki Zərdab rayonunun Əlvənd kəndi olduğunu da söyləyirlər.

Eyni zamanda tədqiqatçı-jurnalist Əjdər Fərəzəli “Dədə Qorqud yolu” kitabında yazır ki, Zərdab rayonundakı “Əlvənd” kənd adının da “Albaniya” ilə yaxınlığı vardır.

Albaniya (Qafqaz) – Şərqi Zaqafqaziyada qədim dövlət olmuşdur. İndiki Azərbaycan Respublikası ərazisini, Dağıstanın cənub hissəsini, yəni Böyük Qafqaz sıra dağlarının şimal-şərq ətəklərindən Kiçik Qafqaz dağları və Araz çayına, Qabırrı çayından Xəzər dənizinə qədərki ərazini, Mil-Muğan düzlərini əhatə etmişdir. Tqribən e.ə.IV-III əsrlərdə formalaşdığı ehtimal olunur. Paytaxtı Kabalaka (indiki Qəbələ), V əsrdən isə Bərdə şəhəri olmuşdur.

Azərbaycan torpağı ən qədim zamanlardan türklərin məskəni olmuşdur. Azərbaycan ərzaisində yaranan ilk dövlətlər Manna, Midiya, daha sonralar isə Alban-Arran türk dövlətləri olmuşdur.

Xilafət dövründə isə, adətən Kür-Araz çayları arasındakı ərazi Arran adlanırdı. V-VI əsrlərdə Albabniyaya digər türkdilli taryfaların (rumlar, savirilər, bulqarlar, barsillər, xəzərilər) sistematik olaraq axını başlayır. Hunların hücumu nəticəsində V əsrdə Albaniyanın paytaxtı Qəbələdən Bərdəyə köçürülmüşdür.

Olduqca maraqlıdır ki, Azərbaycanda tarixi vilayət olan və mənbələrdə ölkə adlandırılan Lələ Əhməd obasının da mənsub olduğu Şirvan  əvvəllər Kür çayı ilə indiki Şabran (Dəvəçi) rayonunun ərazisində olan Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazini əhatə etmişdir.

Orta əsrlərdə Şirvan ərazisində eyni adlı Şirvan şəhəri də mövcud olmuşdur. Müxtəlif təbii coğrafi mövqeyə malik olan Şirvanın ərazisi dağlıq, düzən və yaylaqlardan ibarətdir. Buradan Göyçay, Girdiman, Ağsu, Kür, Turyançay, Qarasu və s. çaylar axır.

Bəli, zəngin flora və faunası olan Şirvan bölgəsinin qışlaq və yaylaqlarla bolluğu hələ qədim zamanlardan tərəkəməçiliklə məşğul olan qədim quşçu tayfasının lələhmədli elinin ulu babalarının Şirvan ərazisində məskunlaşmasına şərait yaratmışdır.

Lələhmədlilərin tarixən məskunlaşdığı yurd yeri olan Şirvan vilayəti əsrlər boyu Azərbaycanın isqitadi, ictimai, siyasi və təsərrüfat həyatında böyük əhəmiyyətə malik olmuşdur. Vilayət öz adını ərazisində yerləşən qədim Şirvan adlı böyük bir şəhərin adından almışdır. Şirvan vilayəti əkinçilik və heyvandarlıq üçün əlverişli iqtisadi mühitə malik olmuşdur. Təbii coğrafi şəraitinə görə Şirvan şimal və cənub ölkələri arasında mühüm keçid əhəmiyyətinə malik idi. Şirvan ərazisinin hərbi strateji əhəmiyyəti və təbii zənginliyi onun mövqeyini daha da yüksəltmişdir. Hələ çar Rusiyası dövründə Şamaxı mühüm ticarət və mədəniyyət mərkəzi olan zaman indiki lələhmədli kəndləri, Şamaxı yolunun üstündə idi. Rusiyadan, Qarabağdan, İrəvan xanlığından, Borçalıdan, Gürcüstandan gələn tacirlər bu yol ilə Şamaxıya gedirdilər. Lap qədim zamanlardan Qədim Dəli Quşçu (keçmiş Lələ Əhmədli)  kəndi ərazisindən keçən yolun istiqaməti, gediş-gəliş yeri (yolu) lələhmədlilərin yaşlı nəslinin və bugünkü nəslin yaddaşında “Şah yolu” kimi qalmaqdadır.

Şirvan ərazisində yaşayan qədim Dəli Quşçu tayfası (Lələhmədli obası) onların ulu babaları maldarıqla, əsasən qoyunçuluqla və xalçaçılıqla məşğul olmuşlar. Onlar Şirvanın düzən, aran zonasında yarım köçəri, oturaq maldarlıqla (qoyunçuluq) yanaşı, taxılçılıq, bağçılıq, pambıqçılıqla da məşğul olmuşdlar.

Bu gün lələhmədlilərin qanına, canına çökmüş əməksevərlik, torpağa bağlılıq bir növ onlara babalarından miras qalmışdır.

Qeyd edim ki, türksoylu bir el, oba kimi lələhmədlilər ağsaqqallarına “Lələ” deyə müraciət etmişlər. Bunu biz Lələ Əhməd tayfasının ağsaqqalı Əhməd kişiyə Lələ Əhməd, ümumiyyətlə böyüylə “lələ” deyə müraciət edilməsi faktından aydın görürük.

          Müəlliflər İslam Sadıq və Pərinaz Sadıqlı “Quşçular” adlı kitabda qeyd edirlər: Şamaxı rayonunda quşçular yalnız Quşçu kəndində yaşamırlar. Həmin kənddə yaşayan, quşçu tayfasından olduğunu bilən, öz elinin-obasının, tayfasının tarixi ilə maraqlanan Zahir Məmmədli yazır ki, Şamaxının Çaylı və Göylər kəndlərində, Sabir və Şəhriyar qəsəbələrində, Şirvan şəhərinin köhnə məhəllələrində çoxlu quşçu camaatı yaşayır. Onlar ayrı-ayrı vaxtlarda Şamaxının quşçu kəndlərindən köçüb bu yerlərdə yurd salıblar. Eyni sözləri Quşçu kəndləri olan digər rayonlarımız haqqında da söyləyə bilərik. Quşçu kəndi olmayan rayonlarımızda da quşçu camaatının yaşamadığını düşünmək doğru deyil.

          Şamaxı şəhərinin məhəllələrindən biri hazırda Quşçular adlanır. Bu məhəlləni Şamaxının Quşçu kəndindən köçüb gələnlərin saldıqlarına heç bir şübhəmiz yoxdur.

          Dəvəçi rayonunda iki kənd Quşçu tayfasının adını daşıyır: Dağ Quşçu, Çöl Quşçu kəndi.

          Quşçuların yaşadıqları torpaqlardan biri Türkiyədir. Onlar burada digər türk tayfalarıyla iç-içə yaşayıblar  və onlarla birlikdə böyük mədəniyyət yaradıb, altına imza qoyublar.

          Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Quşçuların adı, yayılma coğrafiyası, quşçu toponimləri, quşçuların mədəniyyəti, quşçu dövlətləri və sair barədə sözügedən kitabda tarixi qaynaqlar əsasında geniş və maraqlı yazılar, şərhlər əks olunmuşdur.

Çoxşaxəli nəsil artımına malik olan lələhmədli sülaləsinin qohumluq əlaqələrindən, xüsusilə bu səbəbdən onların bir-birlərinə daha simsar olmalarından, eyni zamanda daxili həyat tərzlərindən və bir sıra xüsusiyyətlərindən asılı olaraq məskunlaşdıqları yaşayış məntəqələri daxilində ayrı-ayrılıqda tirə, dəngə (dəstə) şəklində bir-biriləri ilə yaxın qonşuluq şəraitində çəpər-çəpərə (hasar-hasara) yerləşməsi faktı təsadüfi deyildir.

Bütün bunlar lələhmədli tayfasının  xüsusiyyətlərindən irəli gələn bir zərurətdir desək yanılmarıq. Bu hal hər bir lələhmədli elində, obasında  mövcud olduğu kimi, bunu biz Dəli Quşçunun “Ağasədirli”-“Orta dəstə”, “Maşad Seyidli”, “Başmağlı”, “Hapıtlı” dəngəsi adlanan lələhmədli tayfasının timsalında əyani şəkildə görürük. Əlbəttə burada hər bir tirənin, dəngənin (dəstənin), sayılıb-seçilən ağsaqqalı, ağbirçəyi camaat arasında böyük nüfuz sahibi hesab olunur və hər bir lələhmədlinin məclisi ənənəvi olaraq onların iştirakı, xeyir-duası ilə başlanır və sona yetir.

Tərəkəməçiliyin müasir ardıcılı olan lələhmədli obası, eli, camaatı bunun aydın nümunəsidir (Oba maldar icma üzvlərinin müvəqqəti birliyi, Camaat qan qohumluğu əlaqələri əsasında yaranmış sosial təsisat forması deməkdir).

Elə, camaata dərin köklərlə bağlı olan lələhmədli camaatında belə bir deyim var; “Eldən olan, evdən olar”. Bu el misalında dərin məna kəsb edən fəlsəfi bir anlayış vardır.

“El-oba-camaat” terminlərini açıqlamaqda məqsədim ondan ibarətdir ki, indinin özündə də lələhmədlilərə “lələhmədli eli”, “lələhmədli obası”, “lələhmədli camaatı”, “lələhmədli tayfası”, “lələhmədli nəsli” deyirlər.

Deməli, bu türkdilli lələhmədli nəslinin, elinin, obasının, camaatının, tayfasının tərəkəməçilik tarixi mənbələrə istinadən bizlərə daha qədimlikdən xəbər verir.

Deməliyəm ki, Lələ Əhməd özünün adı ilə bağlı qədim Dəli Quşçu (indiki Dəli Quşçu kəndi) yaşayış məntəqəsində dünyaya gəlmiş və eyni zamanda burada anadan olmuş 6 oğlunun hər birini ayrı-ayrılıqda indiki Zərdab rayonu ərazisində Kür və Turyançayın bir qolu olan Qarasu çayı ətrafında, düzən-küdrü (örüş-otlaq) yerlərində binə salıb, yurdçu etməsi, məskunlaşdırması, istifadələrinə ayırdığı torpaqlara və icmaya onları vali təyin etməsi onun böyük və uzaqgörən qəbilə başçısı olmasından xəbər verir.

Tarixi sənədlərdən aydın olduğu kimi Lələ Əhmədin oğlanlarının adı ilə bağlı Vəlixanlı, Xanməmmədli, Hüseynxanlı, Nəcəfalılı, Hacılı və Qaravəlili adlı yer-yurd, kənd adları mövcud olmuşdur. Son dövrlərdə, yəni kolxoz təsərrüfatı yaradılan zaman lələhmədli tayfası olan Vəlixanlı, Nəcəfalılı, Qaravəlili və Hacılı adlı kənd-yurd yerlərinin sakinləri bir təsərrüfat olaraq Qoşaoba adlı kənd salmışlar.

Bu gün də Lələhmədli eli Dəli Quşçu (Lələ Əhmədli), Dəkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Qaravəlili, Hacılı), Xanməmmədli, Hüseynxanlı, eyni zamanda, sonradan qohum-əqrəba, camaat olduqları, məskunlaşdıqları Alıcanlı, Salahlı və digər yaşayış məntəqələrində qohumluq əlaqəsi ilə yaşamaqdadırlar.

Qeyd olunan məsələlərlə bağlı “Lələ Əhməd və lələhmədlilər” adlı kitabımda (Bakı, “Azərnəşr” 2008, 400 s.) geniş məlumat verilmişdir.

Görkəmli tədqiqatçı alim İslam Sadıq “Quşçular” əsərinin “Quşçu toponimləri” bölməsində “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” və “Lələ Əhməd və ləlhəmədlilər” adlı kitabımda gedən yazıma istinadən aşağıdakıları qeyd edir: ”Zərdab rayonundakı Dəli Quşçu kəndi Kür çayından 3 km aralıda, Şirvan düzündədir. Kənd haqqında belə bir bilgi verilib: “Kəndi quşçu tayfasının dəliquşçu tirəsinə mənsub ailələr saldığı üçün kənd onların adı ilə adlandırılmışdır. Hazırda kəndin məhəllələrindən biri Dəliquşçu dəngəsi adlanır. Etnotoponimdir”.

Dəli Quşçu adının etnonimdən və epitet kimi ona qoşulmuş dəli sözündən yarandığı göz qabağındadır, burada başqa yozum haqqında düşünməyə də dəyməz. Aşağıda görəcəyimiz kimi, bunu kəndin ziyalısı Eldəniz Həsənov da təsdiqləyir. Azərbaycanda dəli epiteti qoşulmuş şəxs və yer adları çoxdur: Dəliməmmədli, Dəli Qaya, Dəllər (Dəlilər), Dəllər-Cırdaxan, Dəli Dondar, Dəli Domrul, Dəli Qarcar, Dəli Həsən, Dəli alı və s. Quşçu tayfasının içərisində bir Dəliquşçu tirəsinin də olduğu isə çox maraqlı bilgidir. Bizə elə gəlir ki, Quşçu tayfasının daxilində çoxlu belə tirələr olub.

A.e.ü. fəlsəfə doktoru Eldəniz Həsənov Zərdab rayonundakı Dəli Quşçu kəndinin 1920-ci ilə qədər Lələ Əhmədli adlandığını söyləyir və bu kəndin camaatının quşçu tayfasından olduğunu, Lələ Əhmədin bu tayfanın daxilində yetişdiyini ayrıca vurğulamağı da unutmur. E.Həsənov Lələ Əhmədli elinin quşçu tayfasından oluğunu yazır: “Qeyd edim ki, Türk xalqları arasında ən geniş yayılmış qədim tayfalardan biri quşçu tayfası olmuşdur. Bu adda Şamaxıda, Tovuzda, Dəvəçidə, Qəbələdə, Borçalıda və s. yerlərdə Quşçu kəndləri vardır.

İndiki Zərdab rayonu ərazisində tərəkəməçiliklə məşğul olan Lələhmədli elinin, obasının qədim quşçu tayfasına mənsub olması onun hazırkı Dəli Quşçu kəndinin adından da aydın görünür”.

E.Həsənov Azərbaycandakı Quşçu kəndlərinin hamısını sadalamır, çünki onun məqsədi bu deyil. Azərbaycanda Quşçu tayfasının adıyla bağlı kəndlər və digər toponimlər yetərincə çoxdur. Kəndin adının dəyişdirilməsi haqqında onu deyə bilərik ki, bizə görə, Dəli Quşçu adı təsadüfən qoyula bilməzdi. Ad göydəndüşmə də deyil, burada bir qanunauyğunluq var. Deməli camaatın istəyi ilə, razılığıyla kəndin adı Dəli Quşçu qoyulmuşdur. Bu da həmin camaatın öz soykökünü unutmadığını, Quşçu tayfasından olduğunu yaddaşında yaşadığını təsdiqləyir”.

Qeyd edim ki, İslam Sadıq “Quşçular” adlı kitabın sonunda Quşçu kəndlərindən olan bir neçə mərd, igid,qəhrəman, ziyalı, alimlər sırasında mənə də dəyər verərək yazır: “Azərbaycanın tanınmış yerquruluşu mütəxəssisi, Həsən bəy Zərdabi yolunun davamçısı və irsinin görkəmli tədqiqatçısı, aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Ali media” mükafatları laureatı, Bakı Dövlət Universitetinin müəllimi Eldəniz Həsənov Zərdab rayonunun Dəli Quşçu kəndindəndir. O da öz kəndləri və quşçular haqqında “Lələ Əhməd və lələhmədlilər” adlı sanballı bir monoqrafiya yazıb”.

Tərəfimdən yazılan və 2008-ci ildə “Zərdabi LTD” MMC Nəşriyyat poliqrafiya müəssisəsi tərəfindən çap olunan “Lələ Əhməd və lələhmədlilər” adlı monoqrafiyada indiki Zərdab rayonunun ərazisində məskunlaşmış və mənsub olduğum qədim Quşçu tayfasının son 500 illik tarixini qələmə alaraq keçmişimizdən, nəsilllərdən-nəsilə keçə-keçə gəlib bizə çatan milli adət-ənənələrdən, etik normalardan, təlim-tərbiyə məsələlərinin qoyuluşundan, vətənə, xalqa məhəbbət, ev, mənzil-məişət məsələlərindən, ailə qayğılarından, böyük nüfuz sahibi, el ağsaqqalı olmuş Lələ Əhməd şəxsiyyətindən söhbət açmışam.

Qeyd etmişəm ki, “Qədim türk-oğuz elinin tərəkəmə tayfasından olan lələhmədlilər, onların ulu dədə-babaları, əcdadları tarixən Şirvanşahlar ölkəsinin-diyarının, ayrı-ayrı vaxtlarda ictima-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazi vahidlikləri daxilində yerləşən yay və qış otlağı sahələrindən istifadə etməklə yanaşı, bu tayfanın sayılıb-seçilən tarixi şəxsiyyətləri tarixi proseslərdə iştirak etmişlər”

Qeyd edim ki, Quşçular” adlı kitabda Quşçu toponimləri haqqında geniş məlumat verilir. Hansı ki, bu kitabda müəllifllərin yazdığı kimi, hər bir insan, hər bir xalq yurd saldığı yerə hər şeydən qabaq ad qoyur.

Quzey Azərbaycanda Quşçu tayfasının adı ilə bağlı bəlli olan toponimlər-kənd, qəsəbə, şəhər yaşayış məntəqələrinin indiki Yevlax, Şamaxı, Daşkəsən, Laçın, Küdərmir, Bərdə, Goranboy, Qəbələ, Göyçay, İsmayıllı, Qazax, Kəlbəcər, Şuşa, Tovuz, Dəvəçi, Siyəzən, Zərdab, Qusar, Şəki, Cəbrayıl və sair rayonlarda mövcud olması, həmçinin tarixi qaynaqlarda dağ, bulaq, dərə, düz və s. kimi adları çəkilən quşçu toponimləri haqqında geniş məlumat verilir.

Akademik Ziya Bünyadov yazır: “Hər bir alim, jurnalist, bütövlükdə qələmçalanlar” öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu çətindir, lakin faydalıdır. Çünki bir həqqətdir ki, tarixçilər ümumi tarix yazırlar və hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakinləri qədər bilməzlər…”

Bu sözlərdə çox böyük həqiqət var. Hər bir elin-obanın tarixini, adət-ənənəsini orada doğulub boya-başa çatan tədqiqatçı alim, ziyalı, yaşlı nəslin nümayəndələri hamıdan yaxşı bilir.

“Lələ Əhməd və lələhmədlilər” adlı etnoqrafiq elmi-kütləvi bir əsər yazmaqla qürur hissi duyuram. Öncə qeyd etdiyim kimi lələhmədlilər Şirvanşahlar ölkəsinin qədim türk-oğuz elinin yerli quşçu tayfasının tarixi şəxsiyyəti olan Lələ Əhməd soyundandırlar ki, bu gün də onlar Ləlhəmdəli tayfası adlanır.

Torpağımıza, vətənimizə, elimizə, obamıza bağlı bir vətəndaş olaraq gələcək nəsillər üçün bir iz qoymaq istəyiriksə, bilgilərimizi qələmə alırıqsa, həmin sülalənin etnoqrafiyasını dərindən öyrənməli, tarixi keçmişimizdən, nəsillərdən-nəsillərə keçə-keçə gəlib bizə çatan milli adət-ənənələri, həyat tərzini, etik normaları nəzərdən keçirməli və dərin elmi-tədqiqat işi aparmaq lazım gəlir.

Hesab edirəm ki, Azərbaycan tarixşünaslığında unudulmuş qədim türk soylu, Quşçu tayfası haqqında yazılmış “Quşçular” və “Lələ Əhməd və lələhmədlilər” adlı monoqrafiyalardan bəhrələnən, zəngin bilgilər əldə edən hər bir quşçu nəslinin ziyalıları, yazarları, qələm sahibləri dərin tədqiqat işləri, araşdırmalar aparmaqla öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərəcəklər.