Zərdabda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumrayon anım tədbiri keçirilib. Zerdab.com saytı xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar oxunması ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirib, erməni vəhşiliyinin dünya ictimayyətinə çatdırılmasında dövlətimizin gördüyü işlərdən danışıb. Vətən müharibəsində və ötən ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Xocalı soyqırımı qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Zerdab.com