Zərdab sakini Bakıda amansızcasına qətlə yetirildi – Xalası oğlu saxlanıldı – TƏFƏRRÜAT

0
9029
zerdab-pervanli-qetl.png

Bakının Səbail rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Etibar Bəxtiyar oğlu Fətəliyev bıçaqlanmış vəziyyətdə üç saylı Təcili Tibbi Yardım Stansiyasına gəlib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

E. Fətəliyev bir neçə bıçaq zərbəsindən çoxlu qan itirib.

Zerdab.com saytının məlumatına görə, qətlə yetirilən şəxs – 1995-ci il təvəllüdlü Etibar Bəxtiyar oğlu Fətəliyev Zərdab rayonunun Pərvanlı kəndindəndir.

Etibar Fətəliyev Milli Ordunun zabiti idi.

Etibar Fətəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs isə öz xalasıoğludur.

Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya Səbail rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Zerdab.com saytı xəbər verir ki, qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-də saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 1995-cı il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlunun kəsilmiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən (xalası oğlu) 1993-cu il təvəllüdlü İsmayılov Yusif İdrıs oğlu saxlanılıb. İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.